Rusiya sülhməramlılarının Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb. Erməni mənbələrin yaydığı məlumata görə, sülhməramlılar ermənilərin Qarabağdan çıxışına maneələr törədir.
Bu məlumat provokasiya xarakterli ola bilərmi?
Gedişat sülhməramlıları arxa plana keçirə bilərmi? Onlar 2025-ci ildən də tez Qarabağdan çıxa bilərmi?
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, rus sülhməramlılarının indiki vəziyyətdə Xankəndini mühasirəyə alması real görünmür.
Demokratikmusavat.com xəbər verir ki, Ekspert Musavat.com-a açıqlamasında Xankəndini mühasirəyə almaq üçün rus sülhməramlılarının kifayət qədər qüvvəsinin olmadığını deyib:
“Nəzərə alsaq ki, ruslar 30 müşahidə postunda xidmət aparırlar, ərazidə patrul xidmətlərini də həyata keçirirlər, belə olan halda onların Xankəndini mühasirəyə ala biləcək qədər sərbəst qüvvələri olmaya bilər. Çünki 30 kvadratkilometrlik Xankəndi ərazisini mühasirəyə almaq üçün ruslara ən azından əlavə 2000 nəfərə qədər qüvvə lazımdır. Əgər onların dəyişməsini də nəzərə alsaq, bu qüvvə sayı 4 minə çatmalıdır. Belə bir qüvvə hazırda rus kontingentinin komandanlığının imkanları xaricindədir”.
Hərbi ekspert xatırladıb ki, son aylarda həm Qarabağda, həm də Ermənistanda ruslara qarşı kifayət qədər çox sayda aksiyalar keçirilib:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra aksiyaların daha da genişlənəcəyi ehtimalı böyükdür. Kontingent bu gün sülhməramlı funksiyasından çox, pisməramlı funksiyasını daşıyır. Birmənalı olaraq Qarabağda erməni separatçılarının qalması üçün yeganə zəmanətçi tərəf rus kontingentidir. Onlar birgə bəyanat üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməzsə, başqa sözlə desək, erməni silahlılarının ərazidən çıxarılmasını və azərbaycanlıların təhlükəsiz şəkildə Qarabağ iqtisadi rayonunun rusların nəzarətində olan ərazilərinə köçürülməsini təmin etməzlərsə təbii ki, rus kontingentinin müddətdən əvəl ərazidən çıxarılması da müzakirə oluna bilər”.