Mübahisəli məsələlər Ermənistan və Rusiyanın öhdəsinə buraxılıb

 

Rəsmi Bakının geopolitik hesablamaları özünü tamamilə doğruldur, Azərbaycan Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olacağından əmindir... Ancaq bu dəhlizlə bağlı bütün mübahisəli məsələlər Ermənistan və Rusiyanın öhdəsinə buraxılıb, nəticədə iki “müttəfiq ölkə” arasında yeni qarşıdurma daha da dərinləşir...

Cənubi Qafqaz uğrunda mübarizənin əsas prioritetləri tədricən aydınlaşmağa başlayıb. Belə ki, indi bu bölgədə maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri və regional oyunçular əsasən Zəngəzur dəhlizinə nəzarət hüququna can atırlar. Böyük ehtimalla bundan sonra regional qarşıdurmanın bütün istiqamətləri Zəngəzur dəhlizi üzərində indeksləşəcək. Və bu, istənilən halda, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını ciddi zərbələrə məruz qoyacaq.

Məsələ ondadır ki, Ukrayna savaşının mövcud nəticələri hazırda Rusiyanı Cənubi Qafqaz regionuna möhtac buraxıb. Ona görə də, indi Cənubi Qafqazdan sıxışdırılmaqda olan Rusiya üçün bu regionun əhəmiyyəti hətta əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb. Çünki Cənubi Qafqaz Rusiyanın dünyaya çıxışı üçün önəmli “pəncərə region”lardan birinə çevrilib. Və bu region da itirilərsə, Rusiyanın önəmli “nəqliyyat nəfəsliyi” qapanmış olacaq.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiyanı Zəngəzur dəhlizindən kənarda saxlanması üçün Paşinyan hakimiyyətinə müəyyən təlimatlar verməyə başlayıb. Rəsmi İrəvan həmin təlimatlara uyğun olaraq, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət iddialarını şübhə altına almağa çalışır. Hətta Paşinyan hakimiyyəti bu məqsədlə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr üçtərəfli anlaşmasını da qüvvədən sala biləcək manevrlər edir.

Həmin üçtərəfli anlaşmada isə Zəngəzur dəhlizi təsvir olunur. Ona Rusiya sərhəd qoşunlarının nəzarət edəcəyi birmənalı şəkildə vurğulanır. Kreml də son vaxtlara qədər məhz bu sənədin hüquqi qüvvəsinə arxayın olaraq, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı prosesi sürətləndirməyə çalışırdı.

Ancaq indi bu məsələnin Rusiyanın xeyrinə həlli o qədər də asan görünmür. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Zəngəzur dəhlizinə Ermənistanın sərhəd qüvvələrinin nəzarət etməsində israrlı davranır. Paşinyan hakimiyyəti açıq şəkildə bəyan edir ki, həm Ermənistan sərhədləri, həm də Zəngəzur dəhlizinə nəzarət Rusiyanın ixtiyarına verilməyəcək. Və bu, həm də yaxın gələcəkdə Rusiya sərhəd qoşunlarının ümumiyyətlə, Ermənistandan çıxarılmasına yönəlik prosesin başlanğıcı hesab oluna bilər.

Təbii ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət hədəflərinin risk altına düşməsində Azərbaycanın müəyyən manevrlərinin də təsiri mövcuddur. Belə ki, son vaxtlara qədər rəsmi Bakı Zəngəzur dəhlizinin mütləq açılmasının vacibliyini bəyan edirdi. Ona Ermənistanın nəzarətinin qəbuledilməz sayırdı. Və bu, Rusiyanın maraqlarına tamamilə cavab verirdi.

İndi məlum olur ki, bu mövqe əslində, rəsmi Bakının taktiki gedişi idi. Azərbaycan bu manevrlərlə Zəngəzur dəhlizinin açılmasının vacibliyini beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevirməyə nail oldu. Bundan sonrasa, rəsmi Bakı mövqeyinə müəyyən düzəlişlər edərək, Zəngəzur dəhlizi ilə Laçın yolunun eyni statusa malik olmasını əsas şərtlərin sırasına daxil etdi. Rəsmi İrəvanın bununla razılaşmaq istəməyəcəyi elə əvvəlcədən məlum idi. Və bu halda, rəsmi Bakı Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurmaq niyyətini beynəlxalq səviyyədə legitimləşdirmiş oldu.

Maraqlıdır ki, indi Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsinə beynəlxalq siyasi iradə mərkəzləri qətiyyən etiraz etmirlər. Çünki bu, eyni zamanda Rusiyanın Zəngəzur dəhlizinə nəzarət niyyətini boşa çıxartmaq baxımından, önəm daşıyır. Kreml də rəsmi Bakının Laçın yolu qərarına müqavimət göstərə bilmir. Çünki rəsmi Bakı “paralel dəhlizlər” modelində israr edərkən, Kreml Azərbaycanın mövqeyinə dəstək verməyə həvəs göstərmirdi. Və bu məsələni daha çox Azərbaycanın Ermənistana qarşı hərbi-siyasi təzyiqləri ilə həll edə biləcəyinə ümid bəsləyirdi.

Ancaq indi belə anlaşılır ki, əslində, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsini quraşdırdıqdan sonra öz əsas hədəfinə böyük ölçüdə nail olub. Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizəni isə Rusiya və Ermənistanın beynəlxalq himayədarlarının öhdəsinə buraxıb. Yəni, bu dəhlizə hansı tərəfinə nəzarət edəcəyi Azərbaycan üçün o qədər də böyük fərq etməyəcək.

Göründüyü kimi, rəsmi Bakı çevik manevrlərlə Zəngəzur dəhlizi ilə bağlı qarşıdurmadan kənara çəkilib, sadəcə, yekun nəticəni gözləyən müşahidəçi rolunda çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyev son Moskva görüşündə də açıq şəkildə bəyan etdi ki, Zəngəzur dəhlzinin açılmasında Rusiya da maraqlıdır və prezident Vladimir Putin bu layihəni dəstəkləyir. Ermənistan baş naziri Nikol Paşinyansa, bu reallığı hələ üçtərəfli anlaşmalar imzalandığı vaxtlardan bilsə də, özünü heyrətlənmiş kimi göstərməyə çalışdı. Hətta Kreml sahibinin bu mövqeyindən narazı olduğunu qabartdı.

Yəqin ki, erməni baş nazir həmin anda Rusiyanın Zəngəzur dəhlizinə dəstəyindən qətiyyən heyrətlənməmişdi. Böyük ehtimalla baş nazir Nikol Paşinyan Azərbaycanın belə uğurlu manevrlə qarşıdurma məkanından uduşla kənara çəkilməsinə paralel olaraq, Rusiya-Ermənistan gərginliyi üçün yeni səbəbin ortaya çıxmasından təəccüblənmişdi. Və indi erməni baş naziri məyus edən həmin gərginlik artıq reallığa çevrilməyə başlayıb.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakının geopolitik hesablamaları özünü tamamilə doğruldur. Azərbaycan Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olacağından əmindir. Ancaq bu dəhlizlə bağlı mübahisəli məsələlərin həllinin Ermənistan və Rusiyanın öhdəsinə buraxır. Nəticədə Azərbaycanın, eləcə də ABŞ və Qərbin maraqlarında olan Zəngəzur dəhlizi Rusiya və Ermənistan arasında yeni qarşıdurma predmetinə çevrilir.(Yeni Müsavat)

0.2003481388092