22:31:27Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ümumi sahəsi, təxminən, 2908 kvadrat kilometr olan, ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz mahalı haqqında süjet hazırlanıb.
“Report” xəbər verir ki, Ramin İbrahimovun aparıcılığı ilə təqdim olunan süjetdə ermənilərin tarixi torpaqlarımızda toponimlərimizin adını dəyişdirərək özlərinə saxta tarix yaratmaq istəklərindən, soykökü bilinməyən dırnaqarası tayfanın xislətində yer alan yalan və izitirmə siyasətinin qurbanına çevrilən bu mahaldan söz açılır.
Bildirilir ki, Dərələyəzin Oğuz yurdu olması faktı dəfələrlə sübut olunub: “1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalıb. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatıb. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilib. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 km², əhalisi 76 min 551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olub. 1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalıb, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur ediliblər”.
Süjetdə xüsusi vurğulanır ki, əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara məruz qalan bölgələrdən biri olub: “1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməsinə başlanıb, Rusiya imperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılıb, mərhələlərlə deportasiyaya məruz qalıblar. Belə ki, 1828-1830-cu illərdə İran və Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılıb. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilib erməniləşdirilib”.
Diqqətə çatdırılır ki, Dərələyəz mahalında əhalinin yenidən zorla deportasiyası, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam edib, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalıb, dağıdılıb və ləğv olunub, əhalisi zorakılıqla qovulub.
Süjetdə yaxın gələcəkdə tarixi həqiqətlərin yenidən bərpa olunacağına, qədim oğuz-türk torpağının əzəli və əbədi sahiblərinin doğma yurd yerlərini yenidən abadlığa çevirəcəklərinə əminlik ifadə olunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.