İyunun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr formatının, o cümlədən parlament diplomatiyasının mühüm rolu vurğulanıb. İki ölkə arasında iqtisadi, o cümlədən investisiyalar sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. İki ölkə arasında çoxtərəfli münasibətlərin, xüsusilə ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, mövcud çağırışlar və çətinliklər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinin, hərbi-siyasi təxribatları və mina təhdidini davam etdirməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib.
Nazir Aleksandr Şallenberq Avstriyanın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün siyasi məsləhətləşmələrin əhəmiyyətli platformalardan biri olduğunu bildirib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərin Avstriya tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq arasında görüş başlayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan və Avstriya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri gündəlikdə duran əsas məsələlərdəndir.