Bir neçə gün əvvəl Zığ yolunda piyada keçidindən istifadə etməyən bir ailənin 3 üzvünün qəzada ölməsi təhlüksizlik məsələsini yenidən gündəmə gətirib. Ərazidə işıqlanmanın olmaması qəza səbəblərindən biri olsa da, piyadaların öz həyatlarını təhlükəyə atması məsələsi də əsas faktorlardandır.
Müşahidələr göstərir ki, bir çox hallarda piyadavurmalar piyada keçidləri olduğu halda bundan istifadə edilməyən ərazilərdə baş verir.
Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hesab edir ki, piyada keçidlərindən istifadə etməyənlər əsasən, rayon əhalisidir:
"Bakı şəhərində piyadalarla bağlı baş verən qəza hadisələrinin böyük əksəriyyətinin səbəbkarı şəhərləşə bilməyən və yaxın vaxtlarda rayonlardan köçüb gələn insanlardır. Şəhər adamları artıq urbanizasiyaya öyrəşib, texnikanın faydası ilə yanaşı, obrazlı desək, böyük təhlükəsi və öldürücü zərbəsini öz dərisində hiss edib, şəhərin bir çox magistral yollarında yerüstü və yeraltı piyada keçidlərinin yaradıldığının xeyrini görüb. Onlar avtomobillərin sıx hərəkət etdiyi təhlükəli yerlərdə yeraltı və yerüstü keçidlərdən istifadə etməklə öz həyatlarını sığortalayırlar. Amma rayon, kənd yerlərindən gələn vətəndaşlarımız buna riayət etmir və öz həyatlarını təhlükəyə atırlar.
Bu baxımdan problemimiz bir qədər maariflənmədədir. Çünki sürücülərin çoxu yerüstü və yeraltı keçidlərin olduğunu əla bilirlər. Hər gün eyni yerdən keçən sürücülər bilirlər ki, harada piyda keçidləri var, az təhlükəli yerlərdir və s.
Təəssüf ki, piyadalarımız yol mədəniyyəti ilə bağlı demək olar ki, məlumatsızdırlar və anlamırlar ki, sürücü sükan arxasında olsa da, maşın texnikadır və ağlı-dili yoxdur".
Kultoroloq bildirib ki, piyadaların həyatını təhlükəyə atan digər amil smartfonlardır:
"Əhalinin böyük bir hissəsi haradan gəldi yolu keçirlər. Hətta zebrlərdə belə sağa-sola baxmadan yolu keçmək təhlükəlidir. Digər tərəfdən də əhalinin bir hissəsində qəribə bir xəstəlik yaranıb. Əgər zolaqlı yerüstü keçid varsa, onlar özlərini yolun "şah"ı hesab edir, sağa-sola nəzər salmadan əllərindəki smartfona baxa-baxa, söhbət edə-edə, nazlana-nazlana yolu keçməyə meyillidirlər və bu da faciəvi qəzalara səbəb olur. Sürücülərin də başının smartfona qarışması, ən böyük bəlalardan biridir.
Bununla əlqədar aidiyyəti qurumlar qəzaların çox olduğu yerlrdə xüsusi reydlər keçirməli, vətəndaşları maarifləndirməlidirlər.
Mən hələ yeraltı və yerüstü piyada keçidlərinin olmadığı küçələri demirəm. Həmin ərazilərdə vəziyyət ümumiyyətlə, bərbad gündədir".
Aydın Xan Əbilovun sözlərinə görə, insanların qara və tünd rəngli geyimlərdən istifadəsi də onların həyatını təhlükə altında qoyur:
"İnsanlarımız qara və tünd rəngli paltar geyinməklə gecələr çölə çıxmağa son qoymalıdırlar. Heç olmasa, paltarların üstündə rəngli və yaxud işığı əks etdirən elementlər, fotolar və s. olmalıdır. Qəzaların 90%-i məhz sürücülərin gec reaksiya verməsi, küçə işıqlarının yanmadığı və tünd rəngli paltarlar geyinən insanların iştirakı ilə baş verir.
Nəzər almaq lazımdır ki, belə qəzalar zamanı hər iki tərəfdən zərər görümş şəxslər bizim vətəndaşlardır nə qədər dövlət qurumları bununla bağlı məşğul olur. Təcili yardım, xəstəxana əməkdaşları, yol polisləri, FHN əməkdaşları, məhkəmələr, vəkillər, xəstəxanalar, qəzaya düşənlərin yaxınları, həbsxanaya düşən sürücülər və onların ailə üzvləri və s. Görün, bir nəfərin səhvi ucbatından nə qədər böyük problemlər yaşanır.
Ona görə də insanlar bir qədər ehtiyatlı olmalıdır. Lazım gəlsə, vətəndaşların cərimələri atırılmalıdır.
Bundan əlavə, əsas küçələri işıqlandırmayan məmurlar mütləq cəzalandırılmalı, cinayət məsuliyyətinə cəlb edilməlidir ki, belə problemlər olmasın.
Ən əsas da orta məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları mütləq keçirilməlidir. Biz orta məktəb dövründən uşaqlarımıza həyat üçün zəruri məlumatları öyrətmədikcə bir o qədər faciəvi hadisələrlə rastlaşacağıq".
Billurə Yunus