Araik Arutyunyan və Ruben Vardanyan Qarabağdan qaçmaq üçün variant axtarırlar və onların olduqca tələsdikləri də iddia edilir, çünki erməni separatçı-terrorçulara rəsmi Bakının səbrinin artıq tükəndiyi, daha gözləməyəcəyi bildirilib... Azərbaycan ordusunun hər an hərəkətə keçməyə hazır olduğunu anlayan erməni terrorçular rus sülhməramlıların da onları müdafiə edə biləcəyinə ümidli deyillər, ən yaxşı halda, həbs olunacaqlarından qorxurlar...
Cənubi Qafqazda sülh prosesi intensivləşdikcə, regionda sabitliyin yaranmasına əngəl törməyə çalışanlar da tədricən fəallaşmağa başlayıblar. Hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması Rusiya və Fransaya sərfəli deyil. Ona görə də, bu iki dövlət hazırda öz davranışları ilə sülh prosesini mümkün qədər qəlizləşdirməyə çalışırlar.
Digər tərəfdən, sülh prosesinin müsbət istiqamətdə inkişafı erməni toplumunun radikal-revanşist hissəsini də ciddi şəkildə narahat edir. Çünki Azərbaycan-Ermənistan sülh sazişi imzalanarsa, onilliklər boyu maliyyə-iqtisadu cəhətdən bu regional münaqişədən qidalanan erməni radikallarının əsas gəlir mənbəyi qapana bilər. Ona görə də, Rusiyaya bağlı erməni radikallarının müqavimət cəhtlərindən Kreml maksimum səviyyədə yararlanmağa çalışır.
Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin reinteqrasiya prosesinə əngəl törətməyə çalışdıqları barədə kifayət qədər ciddi çəlumatlar mövcuddur. Rus sülhməramlılar bir tərəfdən, bölgədəki silahlı erməni terror dəstələrini fəallaşdırmağa çalışırlar. Digər tərəfdənsə, erməni əhalinin Azərbaycanın dövlət orqanları ilə təmaslarının qarşısını alırlar.
Ancaq onu da qeyd etmək lazımdır ki, son vaxtlar rus sülhməramlıların bölgədə üçtərəfli anlaşmaları kobud şəkildə pozan davranışları nisbətən məhdudlaşdırılıb. Rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmaqla, rus sülhməramlıların erməni terrorçulara Ermənistandan silah-sursat daşımasının qarşısını almağa nail olub. Üstəlik, Azərbaycanın Xankəndi və ətraf bölgəsində son vaxtlar erməni əhali arasında Rusiya əleyhinə əhval-ruhiyyə də güclənməyə başlayıb.
Belə anlaşılır ki, bölgədə rus sülhməramlıların təsiri sürətlə zəifləyir. İndi Kreml hətta onilliklər boyu dəstəklədiyi erməni separatçı-terrorçuların təhlükəsizliyinə belə, təminat verə bilmir. Onlardan bəziləri yaxınlaşan təhlükəni artıq hiss etdiklərindən son vaxtlar artıq “qaçış planları” qurmağa başlayıblar. Və rəsmi Bakının erməni terrorçuları həbs etmək niyyətində prinsipial olduğu barədə məlumatlar bu cinayətkarları daha da qorxuya salıb.
Məsələ ondadır ki, vaxtilə Kremlin “təxribat emissarı” kimi Xankəndiyə gəlmiş Ruben Vardanyan Azərbaycanın Qarabağ regionundan çıxa bilmir. Bu kriminal erməni milyarder Xankəndi və ətraf bölgədə tam təcrid olunmuş duruma düşdüyünü etiraf edib və uzun müddət davam edə biləcək bu vəziyyətdən hələlik çıxış yolu tapmadığından şikayətlənib. Və o, Rusiyadakı biznes fəaliyyətinə buraxıb, Kremlin təxribat planlarını reallaşdırmaq üçün Azərbaycanın Qarabağ regionuna gəlməsindən artıq peşman olduğunu da gizlətmir.
Nə qədər qəribə də olsa, R.Vardanyan Rusiyanın onu xilas edəcəyinə artıq ümidinin qalmadığına da eyham vurub. Bu kriminal erməni milyarder hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanları sərhəddə erməniləri yoxladığından onun Xankəndidən çıxmaq cəhdi həbslə yekunlaşa bilər. Helikopterlə çıxmaq da mümkün deyil. Çünki R.Vardanyan Azərbaycanın həmin helikopteri vurmaq hüququ olduğunu etiraf edir.
Baş naziri Nikol Paşinyanın Avropada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etdikdən sonra R.Vardanyan və digər erməni terrorçular üçün “xilas qapısı” tamamilə qapanmış kimi görünür. İndi onlar üçün rəsmi Bakının tələbləri qarşısında təslim olmaq ən doğru varianta çevrilməyə başlayıb. Və bu səbəbdən də, erməni terrorçular hazırda həbsdən yayınmaq yolları axtarırlar.
Bəzi məlumatlara görə, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların arasında Azərbaycanın rəsmi dairələri ilə gizli təmaslara can atanlar da var. Onların əsas niyyətinin Xankəndi və ətraf bölgənin Azərbaycana intqerasiya prosesinə dəstək verməyin əvəzində şəxsi təhlükəsizliklərinə, regiondan əngəlsiz çıxışlarına təminat almaqdan ibarət olduğu bildirilir. Və erməni separatçı-terrorçuların bu gizli manevr cəhdləri Xankəndidə ictimai gərginliyin artmasına münbit şərait yaradır.
Ermənistan mətbuatının verdiyi məlumata görə, hazırda Xankəndi və ətraf bölgədə erməni separatçı-terrorçular arasında qruplaşma meyilləri artıb və onlar indi bir-biriylə qarşıdurma vəziyyətindədirlər. Üstəlik, bütün qruplaşmaların rəsmi Bakı ilə gizli təmaslara can atırlar və bir-birini xəyanətdə suçlayırlar. Və nə qədər qəribə də olsa, bu prosesin arxasında Paşinyan hakimiyyətinin qurduğu oyunların da olduğu bildirilir.
Ermənistan mənbələrinin əsas iddiaları ondan ibarətdir ki, Paşinyan hakimiyyəti erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyana Qarabağın Azərbaycana reinteqrasiya prosesi üçün minbit şərait yaratmağı tapşırıb. Araik Arutyunyan öz şəxsi təhlükəsizliyinə Paşinyan hakimiyyətindən təminat aldığından bu istiqamətdə müəyyən addımlar atmağa çalışır. Və A.Arutyunyanın özünə qarşı etiraz aksiyalarının təşkili barədə gizli göstərişinin də bu addımların sırasına daxil olduğu bildirilir.
Məsələ ondadır ki, A.Arutyunyan onun “istefa”sının tələb edilməsində maraqlı olduğu iddia edilir. Bir müddət öncə o, “istefa” vermək niyyətində olduğunu bildirsə də, təzyiqlərdən sonra geri çəkilməli olmuşdu. İndisə, A.Arutyunyan “ictimai tələbləri” bəhanə gətirərək, “istefa” verməyi planlaşdırır. Və məhz bundan sonra hansısa xüsusi “komitə”nin yaradılması nəzərdə tutulur.
Ermənistan mətbuatının iddialarına görə, məhz prosesin xüsusi “komitə” mərhələsinə keçirilməsi Xankəndi və ətraf bölgənin Azərbaycana reintqerasiyasını sürətləndirə bilər. Belə ki, ehtimallara görə, A.Arutyunyan “ictimai tələblər”lə “istefa” verdikdən sonra ona Xankəndi və ətraf bölgədən qaçmaq imkanı yaradılacaq. İdarəçiliyin ötürüləcəyi xüsusi “komitə” isə rəsmi Bakının şərtləri daxilində Azərbaycana reinteqrasiya olunmağa razılaşacaq. Və bununla da, “Qarabağ mövzusu” tamamilə qapanmış olacaq.
Göründüyü kimi, Xankəndi və ətraf bölgədə indi erməni separatçı-terrorçular daha çox “qaçış planları” üzərində düşünmək məcburiyyətində qalıblar. Üstəlik, onların olduqca tələsdikləri də iddia edilir. Çünki erməni separatçı-terrorçulara rəsmi Bakının səbrinin tükəndiyi və o qədər də uzun müddət gözləməyə həvəsli olmadığı barədə xəbərdarlıq edilib. Hətta bildirilib ki, Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamaq planları artıq tam hazırdır və rəsmi Bakı hərəkətə keçə bilər. Və bu halda, erməni separatçı-terrorçuları rus sülhməramlılar da müdafiə edə bilməyəcək, onların böyük əksəriyyəti üçün həbsxana həyatı başlayacaq.(Yeni Müsavat)