Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb

 

26 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da fəaliyyət göstərən “Xəzər Siyasət Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Demokratikmusavat.com -a bildirilib ki, görüşdə, Xəzər regionunda siyasi, iqtisadi, təhlükəsizlik vəziyyəti, bu sahələr üzrə tədqiqatların aparılması sahəsində əməkdaşlıq məsələləri və perspektivlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizin də bir hissəsi olduğu Xəzər dənizi regionu üzrə elmi-analitik tədqiqatların aparılmasının vacibliyindən bəhs edərək, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiyini bildirib. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsinin Mərkəzin fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə edilib.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh gündəliyinin irəli aparılması sahəsində fəaliyyət və mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində öhdəliklərindən boyun qaçırmasının bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına təhdid törətdiyi diqqətə çatdırılıb. Laçın-Xankəndi yolunda yaradılmış sərhəd-keçid məntəqəsi qərarının mahiyyəti barədə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

0.13277912139893