“2020-ci ildə kapitulyasiya aktı imzalandıqdan bu günə qədər 300-ə yaxın vətəndaşımız, mülki əhali və hərbçilərimiz bu və ya digər şəkildə Ermənistanın mina təxribatının qurbanı olub”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Şuşada 3 hərbçimizin minaya düşməsi haqqında danışarkən deyib.
O qeyd edib ki, mina təxribatı nəticəsində həlak olanlar da, ağır xəsarət alanlar da var:
“Əsas məqam ondan ibarətdir ki, bunun qarşısını almaq üçün dəfələrlə hətta ölkə başçısı səviyyəsində çağırışlar edilib, beynəlxalq təşkilatların məsələyə biganə qalmaması üçün addımlar atılıb. Minaların təmizlənməsi üçün beynəlxalq qeyri-hökumət təşkilatları dəvət olunublar. Ən mühüm məsələ isə odur ki, Ermənistandan həmin mina basdırılmış ərazilərin xəritələri tələb edilib. Verilən xəritələrdə isə həqiqətə uyğun olmayan məqamlar daha çoxdur.
Böyük bir problemlə üzləşən Azərbaycan öz gücünə, öz hesabına bunu həll etməyə çalışır. Halbuki, sülhməramlı qüvvələr, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasını istəyənlər də bunda maraqlı olmalı, Ermənistana təzyiqlər edilməlidir. Bu gün baş verən hadisə bir daha göstərdi ki, 2020-ci ildən, müharibə bitəndən sonra belə əraziyə ermənilər tərəfindən mina basdırılır. Bütün bunların məqsədi Böyük Qayıdışın qarşısını almaq, sülhün bərqərar olmasına problem yaratmaqdır. Yəni beynəlxalq təşkilatlar da, Rusiya-Türkiyə monitorinq mərkəzi də, sülhməramlılar da maraqlı olmalıdırlar. Əks halda, həm Böyük Qayıdışın gecikməsi baş verir, proseslər uzanır.
Ermənistan öz niyyətindən əl çəkməlidir. Azərbaycan bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir və edəcək. Əks halda, bütün bunlar davam edəcək. Ermənistan rəhbərliyi düşünməlidir ki, doğrudan da sülhün bərqərar olmasını istəyirlərsə, dinc quruculuq işləri ilə məşğul olan Azərbaycan tərəfinə maneə törətməməlidir. Yoxsa, bu əməlləri Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq”.