İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyan, ehtimal ki, şantaj nəticəsində bu işi edib.
Bu barədə “@bagramyan26” “Telegram” kanalı Nikolyanın yaxın çevrəsindən məlumatlı mənbəyə istinadla xəbər verib.
Bildirilir ki, çempionatın açılışının dizayneri o olub, bayraqdarın geyindiyi Azərbaycan bayrağı rənglərində tikilmiş paltarı şəxsən özü tərtib edib, tikdirib.
“Bu səbəbdən bayrağı yandırmağa cəhd etməsi təəccübləndirdi. Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağı rənglərində geyim tikməkdən qətiyyən şikayətçi və narazı olmayıb. Görülən işlərə görə də böyük qonorar alıb. Bəlkə də, Nikolyan hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağın yandırılmasına gedib”, - deyə mənbə kanala vurğulayıb.
“Telegram” kanalı həmçinin Azərbaycan idmançılarının sağ-salamat yola düşməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirir.
“Hazırda onlar uçuşa hazırlaşırlar”, - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.