“Apteklərdə satılan eyni adda olan bəzi dərman qutularının içərisində olan dərman həblərinin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir etmək mənafeyi güdmüş olur”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Novruzov bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır: “Başa düşürəm, müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıqla əlaqəli problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər”.
Deputat vurğulayıb ki, ölkəyə dərman gətirən, satan, yoxlayan ayrı olmaldır: “Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Nəticə də göz qabağındadır. Məndə olan bir məlumat da ki, bəzi dərman istehsalı ilə məşğul olan zavodlar həyati vacib olan dərmanların tərkibinə qatılması olan hissəni qiymətə görə əlavə etmirlər. Sifarişçi bildirir ki, əsas qiyməti aşağı et, onsuz da bilinməyəcək”.
O, həmçinin gömrükdə vətəndaşların öz istifadəsi üçün gətirdiyi dərmanlarla bağlı problem yaşandığını bildirib: “Buna da maneçilik törədilir. Axı həmin dərmanlar satış üçün gətirilmir. Burada niyə porblem yaradılmalıdır?!”
Mürtəza
Demokratikmusavat.com