Tehranda belə bir anlayış formalaşıb: Türkiyə-Azərbaycan tandeminin son məqsədi nə Dağlıq Qarabağ, nə də Sünik deyil, İrandır.
"Demokratikmusavat.com" xəbər verir ki, bunu iranda yaşayan erməni əsilli ekspert Janna Vardanyan bildirib.
“Ermənistan regionda yaranmış vəziyyətdən istifadə etməli və artan İran-Azərbaycan qarşıdurması fonunda onun səsinin rəsmi Tehranda eşidilməsinə əmin olmalıdır. İrəvan üçün Tehranla münasibətlərin bütün istiqamətlərdə dərinləşməsi baxımından ən əlverişli atmosfer formalaşıb”,- deyə Vardanyan əlavə edib.
Vardanyan Sputnik Ermənistana müsahibəsində xatırladıb ki, Bakı ilə Tehran arasında münasibətlər həmişə problemli olub.
“Vaxtaşırı bu problemlər “üzə çıxır” və ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olur. Son zamanlar Tehranda onların təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən “Zəngəzur dəhlizi” məsələsi gündəmə gəlib. İran bununla bağlı dəfələrlə bəyan edib ki, Sünik onlar üçün qırmızı xəttdir və onlar sərhəddə heç bir dəyişikliyi qəbul etmirlər”, - deyə Vardanyan bildirib.
Ekspert qeyd edib ki, Tehran “Zəngəzur dəhlizi” adlanan yeri İranın parçalanmasının açarı hesab edir. Çünki növbəti addım İranın şimal-qərb bölgələri ola bilər.
Vardanyan hesab edir ki, İrəvan öz ritorikasını daha anlaşıqlı etməli və bunu İran auditoriyasına çatdırmalıdır.
“Xüsusilə, Dağlıq Qarabağın təkcə Ermənistan üçün deyil, İran üçün də sipər olması ideyasını təbliğ etmək və izah etmək, həmçinin Azərbaycan-İsrail tandemi ilə mübarizədə qüvvələrin birləşdirilməsinin vacibliyini izah etmək lazımdır”,- deyə o, bildirib.
Vardanyan sonda vurğulayıb ki, regionda müharibədən sonra formalaşan qüvvələr balansı nə Ermənistanın, nə də İranın xeyrinə deyil. İsrailin bu trasda fəallaşmasına gəlincə, ekspert qeyd edib ki, Təl-Əviv Azərbaycanı həmişə anti-İran dayağı hesab edib.
Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılışı olub. Aprelin 5-də İran parlamenti Bakının bu addımını pisləyən xüsusi bəyanat qəbul edib.