“İranın Azərbaycana qarşı münasibəti artıq göz qabağındandır. Uzun müddət bu maskalanmış bir formada müsəlman qardaşlığı, dini həmrəylik adı altında həyata keçirirdi. Amma buna baxmayaraq hamı İranın ölkəmizə qarşı münasibətindəki qeyri-səmimiliyini bilirdi. Ermənistanın Azərbaycana işğalçılıq siyasəti davam etdiyi 1993-cü ildə Türkiyənin bu ölkəyə sərəhədlərini bağlayanda çox çətin duruma düşdü. Ermənistanın həmin çətin dövrlərdə xilaskarı İran oldu və bu hər kəsə bəlli idi”.
Bunu “Demokratikmusavat.com”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.
Vitse-spikerin sözlərinə görə, İran ölkəmizə qarşı yürütdüyü qeyri-səmimi münasibətini qələbə ilə nəticələnən 44 günlük Vətən savaşından sonra çılpaqcasına ortaya qoymuş oldu. “İran Azərbaycanın uğurlarından ciddi təşvişə düşdü. Azərbaycanın qələbəsini həzm edə bilməyən İran nəhayətində qəti şəkildə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin Azərbaycanla quru əlaqəsini yaratmasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılmasa qarşı çıxdı. Bunu hətta özünün “qırmızı xətti” bəyan etdi”,- deyə İbrahimli bildirib.
Vitse-spiker əlavə edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib, sürətli bərpa-quruculuq işlərini gözügötürməyən İran Azərbaycana qarşı səfirliyimizə qarşı terror hücumu tutmuşdan, sərhəd boyunca ən müxtəlif təzyiq xarakterli hərbi şoular təşkil etdi: “Bunlar hamısı aydındır.
Amma martin 5-də İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açılmasında narahatlıq keçirərək verdiyi bəyanat növbəti bir təzyiq formasıdır. İran tərəfi Azərbaycana qarşı münasibətini dini müstəvidə yozaraq iyrənc siyasət yürüdür. İran tərəfi nə deyir? Nədən qaynaqlanır bu narahatçılıq? Guya Fələstin müsəlman ölkəsidir və İsrailin Fələstinə qarşı atdığı addımlar bir müsəlman ölkəsinə qarşı atılan addımlar kimi narahat edir. Onda sual olunur? Bəs, o zaman Azərbaycan dini inanc baxımdan nə ölkəsidir? Azərbaycan İrana daha çox yaxındır, yoxsa Fələstin? İranda daha çox azərbaycanlı yaşaır, yoxsa fələstinli?
Azərbaycanın Fələstinə münasibəti aydındır və çox yüksək səviyyədə münasibətlər mövcuddur. İsrail-Azərbaycan münasibətləri Fələstinə heç bir xələl gətirmir. Ona görə də İranın belə bir iddiasının əsası yoxdur. İran çoxdan dini müstəvidə təəssübkeşlik etmək barədə mənəvi haqqını itirib. Bu dəfələrlə deyilir. Çünki İran dini dəyərlərimizin tapdalanmasına hər zaman laqeyd yanaşıb. Məscid İslamda Allaha ibadət emtək üçün müqəddəs yer hesab edilir. Amma necə olur ki, xristian ölkəsi olan Ermənistanın bir müsəlman ölkəsi Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, oradakı məscidləri məhv edib, həmin məscidlərdə donuz saxlayıb, İran isə səsini çıxarmayıb, susub. Sanki bu susqunluğu ilə erməniləri məscdilərimi təhqir etməsinə razılığını bildiirb. Bu azmış kimi xristian ölkəsi Ermənistanla sıx dostluq münasibətləri yaradıb, onlara üzləşdikləri çətin vəziyyətdən çıxmağa dəstək verib və bu gün də həmin dəstəyi davam etdirməkdədir.
Azərbaycanın İsraillə diplomatik münasibətləri qurulduqdan sonra nədənsə dini təəssübkeşlik yadına düşdü. Bəs, o zaman Azərbaycana qarşı edilən haqsızlıq zamanı harada idin? Odur ki, bu gün İranın nə mənəvi, nə də siyasi cəhətdən dini həmrəylikdən danışmağa haqqı yoxdur. Çünki iran 30 ildir islam dəyərlərini təhqir edən bir xristian ölkəsinə xidmət edib və etməkdədir!
Azərbaycan müstəqil dövlətdir və xarici siyasət yürütməkdə də müstəqildir. Kimsənin diqtəsi ilə siyasət yürütmür.
Biz bu 30 ildə İranı da , İsraili də gördük. Azərbaycan da bu münasibətlərə uyğun siyasətini həyata keçirir. İran öz siyasəti ilə özünü ifşa etmiş oldu”.
Deputat onu da bildirib ki, bu gün İranın Azərbaycanı düşmən obyekti seçməsinin hədəfi də bəllidir: “İran bu yolla daxilindəki sarsıntıları, çalxalanmaları xaricə püskürdüb, vəziyyətdən çıxmağa çalışır. Tehrandakılar yaxşı başa düşür ki, günün birində xalq ayağa qalxıb onları hakimiyyətdən silib-süpürüb atacaq. Buna görə də Azərbaycandan düşmən obrazı formalaşdırmağa çalışır. Amma Azərbaycan onlar üçün ünvan ola bilməz. Çünki Azərbaycanla diqtə dili ilə danışmaq olmaz. Azərbaycan özü bu gün diqtə edən dövlətlərdən biridir. Bu gün Azərbaycanda xalq-dövlət, prezident-xalq birliyi mövcuddur və güclü ordusu var. İranın bu hərəkətləri isə “çax-çax baş ağrıdar, dəyirman öz işindədir” məsəlini xatırladır. Kimsə Azərbaycanı ali hədəfləri uğrunda mübarizədən yayındıra bilməz”.