“Azərbaycan müstəqilliyini bərpa etdikdən ilk illərdən İranın zaman-zaman ölkəmizə qarşı ən müxtəlif formalarda şər-böhtan, qərəzli, təhlükəsizliyimizə təhdid dolu fəaliyyətinin və mövqeyinin şahidi olmuşuq. Lakin İranın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təhlükəsizliyinə qarşı başlatdığı təxribatçı və destruktiv fəaliyyəti davamlı xarakter daşımaqdadır”.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında İlham Məmmədov deyib.
Onun sözlərinə görə, özünü müsəlman ölkəsi adlandırıb, İslami dəyərlərdən dəm vuran fars-molla rejiminin siyasi fəaliyyətinə nəzər saldıqda görürsən ki, İran bu dəyərlərdən tamamilə uzaq, terroru dövlət səviyyəsində həyata keçirən bir ölkədir.
“Bu gün dünya İranı beynəlxalq terroru dəstəkləyən və onu ixrac edən ölkə kimi tanıyır və ona qarşı mübarizə aparır. Azərbaycan da zaman-zaman İranın terrorçu fəaliyətindən əziyyət çəkən ölkələrdəndir. Son vaxtlarda İran Azərbaycan təzyiq vasitəsi kimi yenidən terror aktlarından istifadə etməyə başlayıb. Tehrandakı səfirliyimizə silahlı basqın, bir neçə gün öncə deputat Fazil Mustafaya qarşı sui-qəsd bunun bariz nümunəsidir” - o qeyd edib.
Deputat hesab edir ki, beynəlxalq aləm İranın bu terrorçu fəaliyyətinə qarşı səylərini birləşdirib, daha kəskin mübarizə aparmalıdır: “Əks təqdirdə, bu ölkənin destruktiv və bölücülük fəaliyyəti beynəlxalq təhlükəsizlik arxitekrutasına ciddi təhdid olaraq qalacaq. Terror ixracatçısı olan bu ölkənin qarşısı alınmasa, beynəlxalq təhlükəsizlik sistemini daha ciddi problemlər gözləyir”.
O əlavə edib ki, Azərbaycana qarşı ən müxətlif təzyiq metodundan istifadə edən fars-molla rejimi bu dəfə guya “İranla bağlı təhqiramiz yazıların dayandırılması və onlara görə kompensasiya ödənilməsi” tələbi ilə “nota” verib:
“Birincisi, beynəlxalq praktikaya nəzər salsaq görərik ki, diplomatik notalar həftənin iş günləri göndərilir. Amma Tehranın göndərdiyi bu “nota” şənbə gününə təsadüf edir. Ola bilsin ki, həmin gün İranda iş günüdür. Amma digər ölkələrdə isə qayda belə deyil.
İkincisi, Tehranda Azərbaycan səfiri yoxdur və səfirlik törədilən terror aktına görə işləmir. O zaman sual olunur, bu “nota” kimə verilib və necə göndərilib?
Bu bir daha fars-molla rejiminin iç mahiyyətini ortaya qoyur.
Üçüncüsü, İran mediası Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq ölkəmizə, onun liderlərinə, yürütdüyü siyasəti hədəf seçərək təhqiramiz yazılar yazılır və bu gün də həmin proses davam etməkdədir. İran tərəfi bununla bağlı xüsusi bir “Səhər” telekanalı yaradıb və bu, anti-Azərbaycan fəaliyyəti ilə hamıya bəllidir. Bu telekanal davamlı olaraq Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti yeridir.
İranın bu fəaliyyətinin bir adı var – o da həyasızlıqdır. İran da “kim daha həyasızdır” adlı müsabiqədə Ermənistanla yarışa girib. Deyəsən İran bu yarışda Ermənistanı da irəliləyib.
İranda digər media orqanlarına diqqət yetirilsə, orada Azərbaycan əleyhinə kifayət qədər qərəz, böhtan, təhqir dolu mövzulara rast gəlmək olar. İranın bu hərəkətləri “öz gözündə tiri görmür, özgə gözündə tük axtarır” və yaxud da “keçəl baxar güzgüyə, adın qoyar özgəyə” məsələsini xatırladır. Azərabycan mediasında gedən yazılara gəldikdə orada təhqiramiz ifadələrə yol verilmir. Sadəcə olaraq fars-molla rejiminin Azərbaycana qarşı qərəzli, təhlüksəziliyinə təhdid siyasəti tənqid olunur və özünü islam ölkəsi adlandırıb, islam həmrəyliyindən dəm vuran bir ölkənin digər müsəlman ölkəsinə qarşı yürütdüyü qərəzli düşmənçilik siyasətinə uyğun adekvat reaksiya verilir. Ona görə də ilk növbədə İran öz gözündəki tiri görməli və sonra başqasına irad tutmalıdır. Əgər təhqir və böhtana görə kompensasiya verməkdirsə, o zaman İran uzun illərdir, bu fəaliyyətinə görə Azərbaycana kompensasiya ödəməlidir.
İran Azərbaycanla normal qonşuluq münasibəti qurmaq istəyirsə, o zaman ilk növbədə öz siyasətinə baxıb ciddi düzəlişlər etməlidir. Bu cür təhdid, təhqir, hədə-qorxu dili, əzələ nümayişi ilə nəyəsə nail olması mümkün deyil”.
Mürtəza
Demokratikmusavat.com