Azərbaycanda 30 Avqustun kriminal xronikası

 
Gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Sabirabad rayonunda polis zabiti E.Quliyevi və rayon sakini A.Zeynalovu qətlə yetirib hadisə yerindən qaçmış G.Abıyev tutulmuşdur

30.08.2012

Avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş vermişdir.
Qaragünə PB-nin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlmişdir. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb etmişdir. Polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçmışdır.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulmuşdur. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.

Ağdam rayon sakini T.Bayramova qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulmuşdur

30.08.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Tünzalə Bayramova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar tutulmuşdur.

"Laçın" ticarət mərkəzində qızıl sırğa oğurlamağa cəhd göstərmiş Ç.Rəhimova tutulmuşdur

30.08.2012

Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da "Laçın" ticarət mərkəzində, Bakı şəhər sakini Tükəzban Qasımovaya məxsus piştaxtadan qızıl sırğa oğurlamağa cəhd göstərmiş Oğuz rayon sakini Çiçək Rəhimova tutulmuşdur.

Masazır qəsəbə sakini S.Məmmədova məxsus mağazadan oğurluq etmiş N.Əliyev tutulmuşdur

30.08.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Masazır qəsəbə sakini Sahib Məmmədova məxsus mağazadan danışıq kartları oğurlamış Bakı şəhər sakini Nurlan Əliyev tutulmuşdur.

Gəncə şəhərində üç nəfər saxta əskinazları satarkən tutulmuşdur

30.08.2012

Nizami (Gəncə) RPİ və MTN-nin Gəncə şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əskinazı 2000 manata satarkən tutulmuşlar. N.İmanovun evinə baxış zamanı saxta əskinazların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülmüşdür.

Tərtər rayon sakini X.Hümbətovun evindən pul oğurlamış A.Qasımlı tutulmuşdur

30.08.2012

Tərtər RPŞ əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon sakini Xaliq Hümbətovun evindən 204 manat pul oğurlamış həmyerlisi Amil Qasımlı tutulmuşdur.

Xəzər rayonu ərazisində "BMW" markalı avtomaşınla piyada S.Əliyeva və onun 10 yaşlı qızı vurulmuşlar

30.08.2012

Avqustun 30-da saat 11.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Namiq Qəmbərov "BMW" markalı avtomaşını idarə edərkən yolu keçən Səbinə Əliyeva və onun qızı 10 yaşlı Ayseli vurmuşdur. Nəticədə ana hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq isə orada ölmüşdür.

Füzuli rayonu ərazisində S.İsmayılov traktoru idarə edərkən onu su kanalına aşırmışdır

30.08.2012

Avqustun 30-da saat 19.00 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində, kənd sakini Sənan İsmayılov "T-28" markalı traktoru idarə edərkən onu yolun kənarındakı su kanalına aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Saatlı şəhəri ərazisində "Opel" markalı avtomaşınla velosipedçi vurulmuşdur

30.08.2012

Avqustun 30-da saat 21.00 radələrində Saatlı şəhəri ərazisində, şəhər sakini Qurban Quliyev "Opel" markalı avtomaşını idarə edərkən yolun hərəkət hissəsində velosiped sürən Fərid Baxşiyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölmüşdür.

 

Goranboy rayonu ərazisində S.İsmayılov avtomaşını idarə edərkən F.İsmayılovu vurmuşdur

30.08.2012

Avqustun 30-da saat 21.00 radələrində Goranboy rayonunun Səmədabad kəndi ərazisində, Yevlax rayon sakini Seymur İsmayılov "Mitsubishi" markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini Fərman İsmayılovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Astara rayon sakini E.Məlikov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

30.08.2012

Avqustun 30-da Astara rayon sakini Elşad Məlikov evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Qəbələ rayonu ərazisində İ.Ruşanov damdan yıxılaraq ölmüşdür

30.08.2012

Avqustun 30-da Qəbələ rayonu ərazisində, Saatlı rayon sakini İlham Ruşanov taxıl anbarının damından yıxılaraq ölmüşdür.

0.16520595550537