“Bu gün Türkiyənin Ermənistana ayıracaq vaxtı yoxdur”.
"Demokratikmusavat.com" xəbər verir ki, bunu Ermənistan politoloqu, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan Türkiyəyə son səfərini yekunlaşdırarkən Civilnet-ə müsahibəsində deyib. “Onlar indi bizdən asılı deyillər. İndi onların çoxlu humanitar və siyasi problemləri var”,- deyə o, bildirib.
İsgəndəryan izah edib ki, bu vəziyyət birincisi, zəlzələlərin böyük nəticələri və maliyyə problemləri, ikincisi, Türkiyənin seçki ərəfəsində olması ilə bağlıdır. Ermənistan xilasedicilərinin Türkiyəyə gəlişinin müşahidə olunduğunu, lakin bunun birbaşa siyasi nəticələr verəcəyinə əmin olmadığını izah edən politoloq, hər şeyin prezident seçkilərinin necə keçirilməsindən asılı olduğunu da vurğulayıb.
O, Ermənistan-Türkiyə prosesində bilavasitə iştirak edən şəxslərlə görüşlərinin nəticəsi olaraq qeyd edib ki, onlar mövcud razılaşmaları yerinə yetirmək niyyətlərindən danışırlar.
"Bu, üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, Ani yaxınlığındakı tarixi körpünün yenidən qurulmasıdır",- deyə İskəndəryan bildirib və Türkiyədəki siyasi hadisələr kontekstində yayın son tarix olaraq elan edildiyini söyləyib.
Ermənistan-Türkiyə prosesinin müxalifətin gündəmində tutduğu yerlə bağlı sualı cavablandıran erməni ekspert deyib ki, bu, Türkiyədə heç kim üçün mərkəzi yer tutmur. “Ermənistan-Türkiyə gündəminin rolunu çox qiymətləndirmək olmaz. Ərdoğanın olub-olmamasından asılı olaraq vəziyyətin çox dəyişəcəyini düşünmürəm. Cənubi Qafqazda siyasət Ərdoğanın deyil, Türkiyənin siyasətidir”,- deyə bildirib.
Eyni zamanda, politoloq Türkiyənin hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu məsələdə, o cümlədən Əliyevlə danışıqlar aparacağına şübhə etmir. “Mən heç bir kəskin addım gözləmirəm (Ermənistan-Türkiyə normallaşması məsələsində), çünki Türkiyədə baş verənlərə böyük ölçüdə təsir etmək imkanına malik Azərbaycan var”,- deyə İsgəndəryan bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən silsilə güclü zəlzələlərdən sonra Ermənistan zərərçəkmiş ərazilərə xilasedicilər qrupu göndərib.
Bundan əlavə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə səfər edib və burada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Mirzoyan birgə mətbuat konfransında Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazır olduğunu və istəyini təsdiqləyib.
“Ani körpüsünün birgə səylərlə təmiri, eləcə də sərhədlərin açılması ərəfəsində infrastrukturun təkmilləşdirilməsi haqqında razılaşma var”, - deyə Mirzoyan bildirib.
Qeyd edək ki, Türkiyə Ermənistan Respublikasını 1991-ci il dekabrın 24-də rəsmən tanısa da, dövlətlər arasında indiyədək diplomatik əlaqələr qurulmayıb. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. Hava sərhədi 1995-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqi ilə açılıb.