Mövlud Çavuşoğlu Azərbaycan həkimlərinə təşəkkür edib - YENİLƏNİB 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həkimlərinə təşəkkür edib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, bu barədə FHN-in Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən deyib.

“Sağ olun, qardaşlar. Allah qüvvət versin!” - Çavuşoğlu bildirib.

***

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki mobil səhra hospitalına gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluya mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.

***

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olub.

Daha sonra C.Bayramovla M.Çavuşoğluya əməliyyatlarla bağlı məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

0.1311891078949