Azərbaycan hakimiyyəti qərbi azərbaycanlıları niyə önə çıxarır? - II YAZI

 

 

Siracəddin Hacı

Birinci yazıda Azərbaycan hakimiyyətinin Qərbi azərbaycanlılara yönəlməsinin xarici, daxili səbəblərini göstərdim, altı əsas açıqladım, sonra sual verdim – Azərbaycan hakimiyyəti siyasi imkanlarını niyə məhz yerliçilik əsasında gücləndirməyə çalışır? Səbəbləri sıralayaq:
- Azərbaycanda azadlıq və ədalət olmadığından milli şüurun formalaşması gecikir – gecikdirilir, milli dəyərlər deyil, aşağı səviyyəli cəmiyyətlərin ən önəmli özəlliklərindən biri olan yerliçilik önə çıxır, azərbaycanlılar yerliçilik əsasında daha tez və sıx birləşirlər – bizi çox zaman yerliçilik və yas bir araya gətirir;
- Azadlıq və ədalət olmadığından siyasi fikirlərin, dəyərlərin, anlayışların formalaşması gecikir – gecikdirilir, Azərbaycanda sağçı, solçu, liberal, mühafizəkar, milliyyətçi, sosialist… anlayışları əsasında təşkilatlanma yoxdur – zəifdir, regional kimlik siyasi kimlikdən güclüdür;
- Azadlıq və ədalət olmadığından siyasi partiyaların formalaşması gecikir - gecikdirilir, partiyaların cəmiyyətə təsiri zəifdir, müxalif partiyaların, hakimiyyətlə müxalifətin ortaq dəyərlər əsasında ittifaq arayışları yoxdur;
- Azərbaycan iqtidarı əbədi hakimiyyət anlayışına sahib olduğundan kimsəni özünə rəqib saymır, hakimiyyəti siyasi qüvvələrlə bölüşmək fikri yoxdur, o, müxalifəti rəqib deyil, düşmən, xain, casus hesab edir, onları əzməyə, yox etməyə çalışır, Qərbi azərbaycanlılara hakimiyyətdən bir az pay ayıraraq özünü gücləndirmək yolunu seçir;
- Azərbaycan hakimiyyətinin Qərbi azərbaycanlılarla əməkdaşlıq təcrübəsi var, belə ki, Heydər Əliyev hakimiyyətinin iki dayağından biri onlar idi, sonrakı dönəmlərdə bu qrup xeyli sıxışdırıldı, imkanlarının bir qismi əllərindən alındı, ancaq yeni şərait əməkdaşlığı zəruri edir, təcrübə və keçmiş əməkdaşlıq iş birliyinin imkanlarını artırır;
- Qərbi azərbaycanlılar təşkilatlanmış qrupdur, Heydər Əliyev onlar üçün birləşdirici fiqurdur, hakimiyyətdə təmsilçiləri var, İrəvan bizimdir şüarı onlar üçün cazibəli görünür;
- On üç il həbsdə yatmış Əli İnsanov hakimiyyəti müdafiə etdiyini bildirəndə demişdim ki, Əli İnsanovun mövqeyi önəmli deyil, önəmli sual budur: bu mərhələdə hakimiyyətin Əli İnsanova niyə ehtiyacı var? Cavab iqtidarın Qərbi azərbaycanlıları öz ətrafında toplamaq istəyidir;
- Prezident Qərbi azərbaycanlıları səfərbər etmək işinə başladı, onlara böyük qərargah verdi, açılışa getdi, onların təmsilçiləri ilə görüşdü, onları hərəkətə keçirəcək şüarlar səsləndirdi – Göyçə, İrəvan bizimdir, siz dogma yurdunuza qayıdacaqsınız. Prezidentin məhz bu məclisdə Cumhuriyyət qurucularına ağır ittihamlar irəli sürməsinin də səbəbi var: O, Qərbi azərbaycanlılara deyir ki, sizin torpaqlarınızı ermənilərə verənlərlə, onların bugünkü təmsilçiləri ilə nə işiniz var? Sizin yeriniz bu torpaqları qaytaracağını vəd edən Prezidentin yanıdır;
- Azərbaycan hakimiyyəti Qərbi azərbaycanlıları öz ətrafında toplamaq siyasətini daxili məsələ kimi deyil, İrəvana qayıdış kimi təqdim edir - məsələnin bu yönü də var. Səbəb budur: zəif görünmək, hakimiyyətin kiməsə ehtiyacı var fikrini formalaşdırmaq, rəqibləri duyuq salmaq istəmir – oyanan tədbirli olar;
- Qeyd edim ki, Zəngəzuru zorla alacağıq, Göyçə gölündə balıq tutacağıq, İrəvana bayraq sancacağıq şüarları gerçəkçi deyil, bu səbəblərə görə ziyanlıdır:

1) Rusiyanın Güney Qafqazdakı mövqeyini gücləndirir – Rusiya Azərbaycanla Ermənistan arasında düşmənliyin artmasını istəyir;

2) Rusiyanın Ermənistandakı təmsilçilərinin imkanlarını artırır;

3) Ermənistanı İrana məhkum edir;

4) Azərbaycanla Ermənistanın birbaşa danışıqlarının nəticə verməsinin yolunu kəsir;

5) Qarabağ ermənilərini Azərbaycandan uzaqlaşdırır;

6) Türkiyənin Ermənistanla əlaqə qurmasına imkan vermir;

7) Azərbaycanı müttəfiqlərdən məhrum edir;

8) Avropa və ABŞ-ı Azərbaycana qarşı yönəldir;

9) Brüssel danışıqlarını pozur; 

- İnanıram, qəti əminəm ki, Rusiya Güney Qafqazdan çıxarılsa, işğalçı rus ordusu Qarabağı tərk etsə, Qafqaz Evi qurulsa, Qərbi azərbaycanlılar dogma yurdlarına qayıdacaqlar – qayıdışın yolu savaş deyil, barışdır – Rusiya Güney Qafqaza gəlməzdən öncə bu bölgənin hakim gücü və mədəniyyəti Azərbaycan olmuşdur;
Azərbaycan hakimiyyətinin siyasi imkanlarını artırmaq məsələsi sadəcə Qərbi azərbaycanlılarla bağlı deyil, bu, işin bir yönüdür, məsələnin siyasi, hüquqi, xarici siyasət istiqamətləri də var…
Ardı var….  
Demokratikmusavat.com

0.15253210067749