Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci yarısı artıq start götürüb.
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən klublar isə transfer çalışmalarını davam etdirirlər.
Azərbaycan millisinin sabiq futbolçusu, menecer Ceyhun Sultanov “Report”a müsahibəsində klubların həm hazırlığını, həm də transferlərini dəyərləndirib.
– Bu gün Premyer Liqada fasilə başa çatıb. Azərbaycan klublarının qış təlim-məşq toplanışı ilə bağlı təəssüratlarınız necədir?
– Əksər klubların, demək olar ki, bütün yoxlama görüşlərinə baxa bilmişəm. Deyə bilmərəm ki, tam hazır vəziyyətdədirlər. Heyəti hələ komplektləşməyən komandalar var. Oyunlar da göstərdi ki, çempionata 60-70 faiz hazırdırlar.
– Heyəti komplektləşməyən komandalar hansılardır?
– Ümumi götürsək, hamısı. Bu mənada “Neftçi”ni, “Zirə”ni, hətta “Qarabağ”ı da qeyd edə bilərəm. Hazır hesab etdiyim yeganə komanda “Sabah”dır. Bu klub heyətini tam qoruyub saxlaya bilib. Amma digər tərəfdən “Zirə” güclənib, “Neftçi” transferlərə başlayıb. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların durumu, demək olar ki, eynidir.
– Klubların transfer fəaliyyətlərini necə dəyərləndirirsiniz?
– Açığı, əksər klublar istədikləri oyunçuları ala bilmədilər. Bu da normaldır. Çünki Azərbaycana futbolçu gətirmək asan deyil. Halbuki klublar kifayət qədər keyfiyyətli oyunçular istəyirdilər. Çox çalışdılar, amma yeni transferləri hazırlıq dönəminə çatdıra bilmədilər. Ola bilər ki, bundan sonra kimlərisə heyətə qata bilərlər. Çünki hələ fevralın 9-dək vaxtları var.
– “Qarabağ”da Rusiyanın “Krasnodar” klubuna satılan yarımmüdafiəçi Kadi Borges və zədələnən qapıçı Şahruddin Məhəmmədəliyevin yerinə yeni oyunçu alınmayıb. Ağdam klubu bundan əziyyət çəkə bilər?
– Əgər transfer etməsələr, problem yaşayacaqlar. Ancaq yenə də düşünürəm ki, klubların hamısı transfer dönəminin sonuna qədər ən azı 90 faiz hazır olacaqlar.
– Ancaq həmin vaxta qədər 3 tur oynanılacaq…
– “Qarabağ” hazırkı futbolçuları ilə də Azərbaycan çempionatında oynaya bilər. Amma Konfrans Liqasının pley-off mərhələsindəki matçlar üçün güclənmək lazımdır.
– “Neftçi” Yusuf Laval və Qodsvey Donyonu satdı, üstəlik, istədiyi transferləri edə bilməyib. Premyer Liqanın 3-cü pilləsində qərarlaşan komanda bu gedişlə mövqeyini itirmək təhlükəsi yaşaya bilər?
– Zədəliləri də geri dönsə, mübarizə aparacaqlar. Lakin transfer etməsələr, çətin olacaq. Məncə, istədikləri oyunçuları alsalar, nəinki üçüncü yerdəki mövqelərini qoruyacaqlar, hətta ikinci pilləyə də iddia edəcəklər.
– Qış fasiləsində “Neftçi” Laval və Donyonu, “Qarabağ” Kadini xarici kluba satdı. Bunları Azərbaycan futbolu adına müsbət hal kimi dəyərləndirmək olar?
– Avropada futbolçu qıtlığının da bunda rolu var. Görün Avropa nə vəziyyətdədir ki, Azərbaycandan da oyunçu alırlar. Hazırda bütün dünyada futbolçu çatışmazlığı var. Klublarımız da məhz buna görə, kimisə almaqda çətinlik çəkirlər. İstənilən halda klubların futbolçu transferindən gəlir əldə etmələri sevindirici haldır. Mənim təklif elədiyim futbolçular da satılanlar arasındadır.
– Birgə çalışdığınız futbolçulardan Azərbaycana gəlişi mümkün görünən kimlərsə var?
– Bu suala indi cavab verə bilmərəm. Çünki iş prosesi gedir. Bunu açıqlamağım doğru olmaz.
– Əsas sual doğuran məqamlardan biri Premyer Liqada mövsümün sonunda 4-cü yeri hansı komandanın tutmasıdır. Siz hansını favorit sayırsınız?
– Məncə, ən real şans “Zirə”dədir. Çünki “Qəbələ” maliyyə durumuna görə heyətini gücləndirə bilmir. Digər komandaların da vəziyyəti ortadadır. Demirəm ki, pis oyunçular alırlar. Sadəcə, daha keyfiyyətlisinə imkanları çatmır. “Zirə”nin maddi durumu və qarşısına qoyduğu hədəf tam fərqlidir. Bu üzdən də “Zirə” 4-cü pilləyə favoritdir.
– Ancaq “Zirə” də hələ güclənməyib…
– Bunun üçün vaxtları var. Əsas odur ki, heyəti qoruyub saxlayıblar. Daha da güclənə bilərlər. Futbolçu qıtlığı yaşandığı üçün gecikmələr olur. Ani transferlərə şahidlik edə bilərik.
– Qış fasiləsində baş məşqçi dəyişikliyi “Səbail”in sonuncu pillədən qurtulmasına kömək ola bilər?
– İstər-istəməz komandanın oyununda irəliləyiş hiss edəcəyik. Çünki adətən baş məşqçi dəyişikliyindən sonra hər hansı komanda oyun planında bir müddət daha yaxşı çıxış edir. Bunun davamlı olub-olmayacağını isə zamanla görəcəyik.
– “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”ın itkilərlə üzləşməsindən yararlana bilər?
– İnanmıram ki, bir futbolçunun gedişinə görə “Qarabağ” çempionluğu əldən versin. Düzdür, futbolda hər şey mümkündür. Sadəcə, mən bunu gözləmirəm. Fikrimcə, mövsümün sonunda “Qarabağ” 1-ci, “Sabah” 2-ci, “Neftçi” 3-cü, “Zirə” isə 4-cü yeri tutacaq.