Evlərinə qonaq gələn nənəsini öldürüb... - Abşerondakı qətlin təfərrüatı - FOTO

 

Abşeron rayonunda tamah məqsədi ilə nənəsini qətlə yetirməkdə təqsirli bilinən Nihat Muradovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

İş üzrə dindirilmiş Nihat Muradov ifadəsində bildirib ki, Saray qəsəbəsində atası, anası və bacısı ilə birlikdə yaşayıb. Anası Sumqayıt şəhərində fabrikdə, atası Bakıda daş karxanasında işləyib. Nənəsi Xədicəbəyim Seyidəliyeva yeni illə əlaqədar həmçinin Qax rayonunda olan torpaq sahəsinin satılması üçün anasının razılığından ötrü dekabrın 30-da onlara gəlib.  

Hadisə baş verən günü səhər saatlarında bacısı universitetə, valideynləri isə işə gediblər. Evdə Nihat və divanda yatmış nənəsi qalıb. Bir qədər sonra o, yatdığı otaqdan çıxaraq qadının yataq otağına keçib. Özünə telefon almaq məqsədi ilə anasına məxsus qızılları aparıb satmağı düşünüb. Televizorun altında olan şkafdan mücrünün içərisindəki əşyaları xalçanın üzərinə tökərək aralarından bir neçə üzük, iki ədəd sırğa və qolbağı götürüb. Həmin vaxt nənəsi yuxudan oyanaraq ondan qızılları yerinə qoymağı tələb edib. Bu səbəbdən aralarında mübahisə yaranıb. Nənəsinin dediyi ağır sözlərdən yayınmaq üçün öz otağına qayıdıb. Amma nənəsi onun arxasınca gələrək onu təhqir etməkdə davam edib. Nihat söydüyü söyüşlərdən əsəbiləşərək yatağının altına qoyduğu bıçağını götürüb nənəsinə çoxsaylı zərbələr vurub. 

Nihat Muradov ifadəsinin davamında bildirib ki, nənəsi yerə yıxılandan sonra evdən çıxıb ara yolla marketə gedib və iki ədəd siqaret alıb. Oradan isə "VAZ 2107"markalı takisyə əyləşib Sumqayıt şəhər bazarına yollanıb. Həmin ərazidə yerləşən zərgərlik mağazasına gedərək tanımadığı satıcıya yaxınlaşıb. Satıcı ondan şəxsiyyət vəsiqəsi istəyib. Bu vaxt Kənan adlı şəxs yaxınlaşaraq həmin əşyaları ala biləcəyini, vəsiqəsi olmadığı üçün ümumi hesabdan 10 manat çıxacağını və qızıllara təxinən 1060 manat verəcəyini bildirib. Nihat Kənana 200 manat verməsini qalan məbləği isə sonra götürəcəyini deyib. 

Nihat Muradov bildirib ki, saat 14 radələrində Sumqayıtda yaşayan müəllimələrin keçdikləri dərs məşğələlərinə gedib. Axşam evə qayıdanda ərazidə polis əməkdaşlarını görüb. Baş vermiş hadisə ilə bağlı sorğu-sual edildikdə o, nənəsini öldürdüyünü etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmə prosesində Nihat Muradov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsi bağışlayıb ona qarşı tələbi və şikayəti yoxdur.

O, Nihat Muradova aşağı həddə cəza təyin edilməsini və hətta mümkün olsa, cəzadan azad edilmədini xahiş edib. 

Məhkəmə müəyyən edilmiş hallara qiymət verərək nəticəyə gəlib ki, Nihat Muradovun əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhəkəmnin hökmü ilə Nihat Muradov 7 il 6 ay müddətinə azdalıqdan məhrum olunub.

Natiq

 

0.20425081253052