Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Özbəkistanın daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə, şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.
Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq.
Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar həyata keçirir. Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür.
Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, “Giriş qaydaları” bölməsindən əldə edə bilərsiniz.