Azərbaycan millisinin futbolçusu Mahir Emreli formasını geyindiyi Xorvatiya klubu “Dinamo”nun kapitanı Ariyan Ademini zədələyib.
“Demokratikmusavat.com ” Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki, hadisə komandanın ikitərəfli oyunu zamanı baş verib.
Rovindəki təlim-məşq toplanışı zamanı baş məşqçi Ante Çaçiç yetirmələrini ikitərəfli görüşdə sınamaq qərarına gəlib. “Ağlar”ın heyətində yer alan Emreli bir epizodda sərt müdaxilə ilə Ademinin ayağını tapdalayıb. Nəticədə şimali makedoniyalı yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.
Baş məşqçi oyunçu sayını tamamlamaq üçün üçüncü qapıçı İvan Nevistiçi mübarizəyə qoşub, əsas qolkiper Dominik Livakoviç isə yarımmüdafiə xəttinə keçib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Dinamo” toplanış çərçivəsində yanvarın 12-də Sloveniya klubu “Çelye” ilə, 17-də isə Zaqrebdə “Bravo” ilə yoxlama görüşü keçirəcək.