"Arxadan vurulan zərbə" filmində ölümdən döndüm"

 

"Yeganə aktyoram ki, 60 ildir ki, Akademik Milli Dram Teatrında fasiləsiz çalışıram. Acılı-sevincli günlərim də çox olub. Elə vaxtlar olub ki, çətinlik çəkmişik. Maaşlarımız az idi, istədiyimiz rolları oynaya bilmirdik. Çünki teatrda qarşımızda elə böyük sənətkarlar var idi ki, biz hələ cavan idik. Həmin rolları onlar oynayırdılar. İstəyirdim ki, mənə elə rollar tapşırılsın ki, özümü göstərə bilim. Rol bölgüsü siyahısında öz adımızı yuxarıda yox, aşağıda axtarırdıq. Amma epizodik rol olsa da, özümü göstərə bilirdim. İnsan kiçik bir rolla da sevilə bilər. Əsas obrazın böyük-kiçiyi yox, aktyorun böyüyü-kiçiyi olur".

Demokratikmusavat.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rafiq Əzimov deyib.

"Bizim binada bir çox sənətkarlar yaşayırdılar. Yaşar Nuri, Səməndər Rzayev, Əliabbas Qədirov orada qalırdılar. Onlarla mən çox yaxın olmuşam. Hərdən məndən soruşurlar ki, necəsən? Deyirəm ki, necə olacağam?! Sağıma baxıram dostlarımı görmürəm, soluma baxıram görmürəm. İnsan əməli ilə, hərəkəti ilə xatırlanır. Bəzən kövrəlirəm, o anları yadıma salıram. Barmaqla sayılacaq qədər aktyor qalmışıq. Rejissorlar bizlərdən istifadə etməlidir. Çünki tamaşaçılar bizdən hər zaman yenilik gözləyirlər" deyə sənətkar bildirib.
 
Xalq artisti film həyatını da xatırlayıb.
 
""Arxadan vurulan zərbə" filmində mənim epizodumu həm Şəkidə, həm də Zaqatalada çəkirdilər. Qatardan düşdüyüm yer Xaçmazın stansiyasıdır, amma bıçaq atılan yerlər isə Zaqatala və Şəkidir. Allah Yusif Vəliyevə rəhmət etsin. Məşq prosesi gedirdi. Sirkdən bir bıçaq atan dəvət etmişdilər. Görürdüm ki, o bıçaqı atır, bıçaq 10 metrlik məsafədən dirəyə sancılır. Bir dəfə məşq etdim, rejissor Arif Babayev dedi ki, çəkilişə başlayırıq. Sən demə, artıq bunlar çəkirlər. 2-ci dublu çəkməyə başladıq. Arif dedi ki, gəl bir dənə də çəkək, təbii alınsın. Bu dəfə mənə "əyil" komandasını gec dedi. Bıçaq mənim başımın üstündən keçəndə mən o qədər də hiss etmədim. Amma ordakı komandanın vahiməsi məni qorxutdu. Çəkilişdən dərhal sonra hamı gəlib başıma baxdılar. Arif Babayev dedi ki, sənin anan namaz üstündə idi. Ölümlə üz-üzə gəlsəm də böyük təhlükədən qaçdım" deyə sənətkar deyib.

0.40904998779297