“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma vaxtı İrəvanın güzəştlərə nə dərəcədə hazır olmasından asılıdır”.
Demokratikmusavat.com xəbər verir ki, bu sözlər Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakovun erməni mediasına verdiyi müsahibədə səslənib.
“Yəni, İrəvan hər şeyi verməyə hazırdırsa, o zaman bu saziş sabah da imzalana bilər”, - deyə rusiyalı ekspert qeyd edib.
Aleksandr Skakovun fikrincə, Bakı əldə etmək istədiyinin yarısına nail olsa belə, bu, İrəvan üçün qəbuledilməz sayılacaq.
“Məsələn, Ermənistan Dağlıq Qarabağla bağlı hər hansı müzakirədən, bu məsələ ilə bağlı hər hansı bir ifadədən tamamilə imtina edərsə, bu, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımdır. Əgər İrəvan buna hazırdırsa, o zaman Bakı yəqin ki, sevinəcək. Ermənistanın Qarabağdan imtina etməsi, onu saxlamaq və qorumaq cəhdlərindən vaz keçməsi müqabilində Azərbaycanın da sərhəd, delimitasiyada, demarkasiya kimi bir sıra məsələlərdə güzəştə getməsi mümkün görünə bilər. Elə Laçın dəhlizini götürək. Ermənistan razılaşarsa, təbii ki, sabah da razılaşma əldə olunacaq”,-deyə Skakov söyləyib.
Rusiyalı ekspertin fikrincə, əgər Ermənistanla Azərbaycan arasındakı sərhəddən danışılırsa, təbii ki, söhbət 1991-ci ilin sərhədlərindən, daha doğrusu, sovet sərhədlərindən, yəni xəritədə çəkilmiş hüdudlardan gedir.
“Burada təbii ki, demarkasiya, delimitasiya, yəni sərhədin mübahisəli hissələri var. Xatırladım ki, Rusiya ilə Azərbaycan arasında sərhədin demarkasiyası, delimitasiyası olanda mübahisəli hissələr olub və mübahisə Azərbaycanın xeyrinə həll edilib. Eyni proses Azərbaycan və Gürcüstan arasında baş verib. Hətta gürcülərin David Qareca ziyarətgahının bir hissəsi də bu şərtlərlə Azərbaycana keçib. Ona görə də Azərbaycan təbii ki, buradakı vəziyyəti də öz xeyrinə həll etmək istərdi”,-deyə o qeyd edib.
Skakov demarkasiya və delimitasiya ilə bağlı danışıqların onilliklər çəkə biləcəyini də vurğulayıb.
“Bu, çox çətin prosesdir. Ona görə də İrəvanın Dağlıq Qarabağdan danışmaq istəmədiyi və ya danışa bilmədiyi bir vaxtda bu haqda danışmaq olarmı? Dağlıq Qarabağ yoxdur axı. Əgər belədirsə, deməli, bu, İrəvanın seçimidir. Moskva isə Ermənistanın yerinə onun hələ də Dağlıq Qarabağ haqda düşündüyü barədə qərar verə bilməz. Ona görə də, bu barədə ilk növbədə Rusiya deyil, Ermənistan düşünməlidir”, - deyə ekspert bildirib.(Musavat.com)