AFFA İntizam Komitəsi "Sabah"ın qapıçısı Nicat Mehbalıyevi cəzalandırıb.
Demokratikmusavat.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 22 yaşlı qolkiperin "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final matçının 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etməsi səbəb olub.
Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan gənc çərçivə qoruyucusu 1 oyunluq cəza alıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.
Bundan başqa, "Sabah" həmin görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat cərəmələnib.
"Turan Tovuz" isə Gəncədə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldiyi 1/4 final oyununda analoji hala görə eyni məbləğdə cərimə ödəyəcək.