İki komandanın futbolçularının etnik kimlikləri

 

Bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinalında mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Oyuna maraq o qədər böyükdür ki, hər iki komandanın heyətində çıxış edən futbolçuların etnik kimlikləri də futbol ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.

Belə ki, Fransa millisinin əsas heyət oyunçuları arasında yalnız bir futbolçu – Adrien Rabiot əslən fransızdır.

“Yuventus” klubunun 27 yaşlı yarımmüdafiəçisi Sen-Moris kommunasında doğulub.

Komandanın əsas heyətində çıxış edən digər 10 futbolçu Fransa vətəndaşı olsalar da, etnik kimlikləri müxtəlifdir.

Misal üçün, komandanın aparıcı oyunçusu Antuan Qrizman Fransada dünyaya göz açsa da, atası alman, anası portuqaldır.

“Xoruzlar”ın parlamaqda olan ulduzu Kilian Mbappenin atası kamerunlu, anası isə əlcəzairli miqrant olub.

Komandanın əsas qapıçısı Uqo Lyoris də əslən fransız deyil. Maddi baxımdan təminatlı ailədə dünyaya göz açan Uqo Lyorisin valideynləri İspaniyanın Kataloniya bölgəsindən olublar. 35 yaşlı qolkiperin atası Monakoda bank sahibi olub, anası isə vəkil kimi çalışıb.

Fransa millisinin qol silahı hesab olunan Olivye Jiru İtaliya kökənlidir.

Digər futbolçulardan Rafael Varan Karib dənizi hövzəsinə daxil olan Martinika adasından, Jül Kunde Benindən (Afrika qitəsi), Teo Ernandes İspaniyadan, Usman Dembele Malidən (Afrika qitəsi), Dayo Upamekano Qvineya-Bisaudan (Afrika qitəsi), Orelyen Tçuameni Kamerundandır (Afrika qitəsi).

Maraqlıdır ki, Fransanın rəqibi Mərakeş millisində çıxış edən oyunçuların əksəriyyəti əslən Mərakeşdən olsa da, futbolun sirlərinə Avropa ölkələrinin futbol məktəblərində yiyələnib.

Belə ki, yığmanın iki aparıcı qapıçısı – Yassin Bunu Kanadada, Munir isə İspaniyada dünyaya göz açıb və bu ölkələrin futbol məktəblərinin yetirmələridirlər.

Müdafiəçilərdən Əşrəf Hakimi İspaniyanın paytaxtı Madriddə, Romen Saiss Fransanın Valans şəhərində, Nussar Mazraui Niderlandın Alpen den Rijn şəhərində doğulub. Hər üç müdafiəçi professional karyerasını doğulduğu şəhərdə başlayıb.

Komandanın ən tanınmış siması Hakim Ziyex də karyerasını Niderlandda başlayıb. O, futbolun sirlərini “Herenven” klubunda öyrənib. Niderland və Mərakeş vətəndaşlığı var.

Mərakeşin qol silahı Sofyan Bufal isə Fransada doğulub. Fransanın “Anje” futbol klubunun yetirməsidir. Hazırda ikili – Fransa və Mərakeş vətəndaşlığına sahibdir.

Mərakeşin digər hücumçusu Valid Şeddira İtaliyada doğulub, bu ölkənin futbol məktəbinin yetirməsidir. İtaliya və Mərakeş vətəndaşlığına sahibdir.

Komandanın digər perspektivli hücumçusu Ezzalzuli Abde dörd yaşında olarkən ailəsi ilə İspaniyaya köçüb və “Elçe” futbol məktəbinin yetirməsidir. Qeyd edək ki, 20 yaşlı futbolçu hazırda “Barselona” klubunun formasını geyinir.

Məlumat üçün qeyd edək ki, Fransa-Mərakeş qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl-Bayt” stadionunda oynanılacaq.

0.19899892807007