"Demokratikmusavat.com" Əməkdar artist, "Lalə" qızlar ansamblının bir vaxtlar solisti olmuş Kəmalə Rəhimli haqqında yazını təqdim edir:
Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir. Bundan sonra 3-cü sinifdə oxuyarkən onun musiqiyə həvəsi üzə çıxır. Ancaq anası onun bu sənətə gəlməsini deyil, ali təhsil almağını istəyir. Kəmalə belə də edir. Sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskavada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.
Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o, ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə “Bakı” mahnısını ifa edir. Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də “Lalə” qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır. Bundan başqa, Kəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda “Mercedes” markalı avtomobil sürən ilk qadındır.
Kəmalə Rəhimli səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı. “Lalə” qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə “Qayınana” filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu “Nəsimi” filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə “axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm”, - deyir.
Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar: “Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar”. Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər.
Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ailə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox idi. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları var.
İllər öncə milli.az-a açıqlama verən Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb: “Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qaynanamın qisasını məndən aldığını bildirdi. Toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".
Mətbuatdan uzaq gəzən, səhhəti ilə bağlı müalicə alan Kəmalə Rəhimlinin hazırki vəziyyəti ilə bağlı həmkarı, rəfiqəsi Firuzə İbadova ilə əlaqə saxladıq. Müğənni Lent.az-a açıqlamasında dedi ki, zəngləşirik, vəziyyəti normaldır:
“Bilirsiniz ki, şəkər xəstəsidir. Daha öncə xəstəxanada müalicə alırdı. Özü ilə danışıram arada. Yanına getməyə vaxtım olmur. Amma Şükür, yaxşıdır özü”.