Siracəddin Hacı:
- “Peyğəmbər” sözü farscadır, Qurani-Kərimdə yoxdur, Allahın Kitabında Elçiləri tanıdan iki söz var: NƏBİ-RƏSUL;
- Qurani-Kərimdə üç yüzə yaxın ayədə Nəbi-Rəsul sözlərinə yer verilmişdir;
- Bütün Nəbilər Rəsul, bütün Rəsullar da Nəbidirlər;
- Nəbi olmaq ünvan, Rəsul olmaq vəzifədir;
- Nəbi xəbərin – vəhyin qaynağına, Rəsul xəbərin-vəhyin ünvanına işarə edir, vəhyin qaynağı Allah, ünvanı insandır;
- Nəbilik xəbəri – vəhyi almaq, rəsulluq mesajı çatdırmaqdır, bir Elçi davamlı olaraq Nəbidir, Qurani-Kərimi təbliğ edəndə isə rəsulluq vəzifəsini yerinə yetirmiş olur;
- Qurani-Kərimi tərcümə edərkən Nəbi və Rəsul sözləri olduğu kimi saxlanılmalıdır, bu iki sözü “Peyğəmbər” kimi tərcümə etmək yanlışdır, belə ki, hər sözün öz vurğusu, anlamı, bağlamı, mesajı var, onları Allahın buyurduğu kimi işlətməmək məna pozuntusuna yol açır;
- Bütün Nəbilər-Rəsullar eyni soydandır;
- Nəbilərə, Rəsullara inanmaq imanın şərtlərindən biridir;
- Allaha iman edənlər Nəbilər-Rəsullar arasında fərq qoymazlar;
- Nəbi-Rəsul seçmək Allaha aiddir;
Qurani-Kərim Nəbiləri-Rəsulları tanımaq üçün bu ölçüləri verir:
- mələk deyil, insandırlar; (Fussilət, 41/16)
- gətirdikləri mesajı sadəcə insanlara çatdırmırlar, həm də mesaja inanıb, onu yaşayırlar; (Əhzab, 33/21)
- hər zaman doğru və dürüstdürlər; (Məryəm, 19/41)
- sıxıntılara qarşı dirənirlər; (Ənbiya, 21/85-86)
- vəzifələrini yerinə yetirdiklərinə görə haqq almırlar; (Hud, 11/51)
- bütün elçilərin dini birdir, hamısı müsəlmandır, əqidə, məqsəd və hədəfləri eynidir, fərqləri dil, üslub və tətbiqdədir; (Maidə, 5/48)
Qurani-Kərim buyurur ki, bir Nəbi-Rəsul bunları əsla etməz:
- Ona ibadət edilməsini istəməz; (Ali-İmran, 3/79)
- Elçilik vəzifəsindən qaçmaz; (Saffat, 37/140)
- Öz istədiyi ilə mesaj gətirə bilməz; (Mömin, 40/78)
- Allahdan gələn bir mesajı gizləməz; (Haqqa, 69/44)
- Allahın izin vermədiyi bir kimsəyə şəfaət edə bilməz; (Zümər, 39/44)
- Qiyamətin vaxtını bilməz; (Naziat, 79/43)
- Qeybi bilməz; (Əraf, 7/188)
- Özünə, ya da bir başqasına sabah nə olacağını bilməz; (Əhqaf, 46/9)
- Sevdiyi, istədiyi kimsəyə hidayət verə bilməz; (Qəsəs, 28/56)
- Allahın halal etdiyini haram, haram etdiyini halal etməz; (Təhrim, 66/1)
Qurani-Kərim hz. Məhəmmədi tanıdır:
- Onun adına dörd dəfə yer verir;
- Allahın qulu və elçisidir; (Ali-İmran, 3/144)
- ölümlü bir insandır; (Kəhf, 18/110; Fussilət, 41/6)
- Allahın quludur; (Yasin, 36/10)
- nəbi və rəsuldur; (Ali-İmran, 3/144)
- uca əxlaq sahibidir; (Qələm, 68/4)
- bütün insanlığa rəhmətdir; (Ənbiya, 21/107)
- nəbilərin sonuncusudur; (Əhzab, 33/40)
- ancaq Allaha dəvət edən müjdəçi və xəbərdaredicidir; (Əhzab, 33/46)
- nurdur; (Əhzab, 33/46)
- möminlərə qarşı şəfqət və mərhəmətlidir; (Tövbə, 9/128)
- ən gözəl örnəkdir; (Əhzab, 33/21)
- yetimdir; (Duha, 93/6)
- bütün insanlığa göndərilmişdir; (Ənbiya, 21/107)
- raufdur; (Tövbə, 9/128-129)
- vəzifələri bunlardır: nübüvvət (ilahi mesajı olduğu kimi almaq) (Əraf, 7/157-158); risalət (aldığı ilahi mesaj heç bir şey artırmadan, heç bir şey azaltmadan insanlara çatdırmaq (Əhzab, 33/40), gözəl örnək (möminlərin örnək aldığı şəxsiyyət) (Əhzab, 33/21; Bəqərə, 2/143), təbliğ və dəvət (o, Allahın birliyinə, axirət inancına, ədalətə, insan azadlığına dəvət edir) (Şuara, 26/214), təlim (ilahi mesajı yaşayaraq öyrədir) (Bəqərə, 2/151), təbyin (ilahi mesajı açıqlayır) (Nəhl, 16/44);
- Allah buyurur: “... Biz Səni (hz.Məhəmmədi) bütün insanlığa bir rəhmət olaraq göndərdik” (21/107)
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH BİZİ NƏBİLƏRİ-RƏSULLARI ÖRNƏK ALANLARDAN ETSİN, GÖZƏL İNSANLAR!
Demokratikmusavat.com