Həyat tərzi Sufilərə bənzəyən professor...

 

Dekabrın 1-i ustad sənətkar, simli və nəfəs alətlərinin mahir ifaçısı, musiqi bilicisi, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə 65 yaşına xitam verir. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Çox yaşa, əziz dost!
Həyat tərzi Sufilərə bənzəyən professor...
Çox məhsuldar alimdir, qəribə iş rejimi var. Sübh namazınadək yorulmadan yazıb yaratmaqla məşğuldur. Azərbaycan musiqi tarixinə özünəməxsus töhfələr verib. Araşdırma apararaq, ortaya sanballı əsərlər qoyub. Vaxt gələcək ki, Azərbaycan musiqisini tədqiq etdiyi kimi, özü də tədqiqat obyektinə çevriləcək…
Sadə, mehriban, qayğıkeş insandır. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Mükəmməldir, məntiqli və məzmunlu danışmağı bacarır. Ağayanə hərəkətləri, məğrurluğu, insanpərvərliyi onu tanıyanların gözündə daha da ucaldır...
Atası Nəcəfov İsmaıl Cəfərqulu oğlu Xızının Gəmşər mahalının Xirək kəndindən olub. Uzun müddət “Azərittifaqın” Abşeron rayon Ticarət İdarəsində müfəttiş işləyib. Anası Nəcəfova Bibixanım Kərbəlayi Həmid qızı əslən Xızının Gəmşər mahalının Qarabulaq kəndindən idi. Evdar qadın olub…
Haqqında söhbət açdığım Abbasqulu Nəcəfzadə 1957-ci ildə Xızının Qızmeydan kəndində dünyaya gəlib. Orta və ali təhsilini Bakı şəhərində alıb. 2007-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcələrinə yiyələnib.
2015-ci ildən Azərbayсan Milli Konservatoriyası, “Milli musiqinin tarixi və nəzəriyyəsi” (hazırda “Musiqinin tarixi və nəzəriyyəsi”) kafedrasının professorudur. 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvüdür…
Təqvalı müsəlmandır, namazdan, orucdan heç vaxt qalmır. Vaxtaşırı xums, zəkat, fitrə verib, verməməyindən xəbərim yoxdur, yalan danışa bilmərəm…
Həcc ziarətində olub. Şirin zarafatları, məzəli söhbətləri, səmimi rəftarı, səxavəti, davranışı, təmkini ilə çox fərqlənir. Onunla ABŞ-ın İndiana ştatını gəzib dolaşanda bunların şahidi olmuşam...
Ömür-gün yoldaşı Ulduz xanım evdar qadındır. Cəfər adlı bir oğlu var. BDU-nu bitirib, iş adamıdır. Məryəm, Aidə və Ayan adlı nəvələrin babasıdır...
Sufilərə bənzər bir həyat yaşayır. Əsas ideyası daxili və xarici dünyanın üfüqlərini genişləndirməkdən ibarətdir. Maddiyat onun üçün bir vasitədir, mənəviyyat isə həyat kredosudur. Strategiyası təminatı düşünmədən yaşamaq və dərinliyinə vardığı hər bir ehtiyacı könüllü olaraq, bir kənara qoyub, yaşamağa davam etməkdir. Ruhən çox azaddır. Coşğunluq, nikbinlik ona enerji verən əsas mənbələrdir. Düşdüyü mühitə dərhal uyğunlaşa bilir, çətinlikləri asanlıqla dəf etməyi bacarır...
Azərbaycan aşiqidir. Bu millətin övladı olduğundan qürur duyur. Hara getdisə ölkəmizi yorulmadan təbliğ edir. O, həm də el-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil...
Deyir ki,- “Dekabrın 1-də 65 yaşım tamam olacaq. Dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan musiqisini əcnəbilərə sevdirməyə çalışmışam. Qırxdan çox kitab və dərslik proqramının müəllifiyəm. Bu gün də usanmadan çalışıram ki, araşdırıb bildiklərimi xalqıma ərmağan edim…”
Elman Eldaroğlu

Demokratikmusavat.com

0.16486692428589