"Qisas 44" kitabının təqdimatı keçirildi - FOTOLAR

 

Noyabrın 25-də Xətai rayonundakı Turizm və sosial təqiqatlar Dövlət Peşə liseyində 2-ci Qarabağ müharibəsinin iştirakçısı şəhid mayor Vüsal Vəliyevin həyat və zabit olaraq keçdiyi hərbi xidmət-döyüş yolundan bəhs edən “QİSAS 44” kitabının təqdimatı keçirildi.

Kitabı şəhidin qardaşı, haqsızlığa, xüsusilə Qarabağ şəhidlərinin ailələri və qazilərə qarşı ədalətsizliyə səssiz qalmayan, onların üzləşdiyi problemi özününki bilərək həlli uğurunda mübarizə aparan Elyar İslamoğli ərsəyə gətirib. Kitabda 1988-ci il iyulun 15-də Şərurun Dizə kəndində anadan olmuş, əvvəlcə H. Əliyev adına Hərbi liseyi, daha sonra isə H. Əliyev adına Ali Hərbi Məktəbi bitirmiş şəhid mayorun Xüsusi Təyinatlı Qüvvələdə 2012-ci ildən başlayan xidmət yolu, 2016-cı il Aprel döyüşlərində şəhid generalımız Polad Həşimovla eyni səngərdə döyüşməsi, 2-ci Qarabağ müharibəsində Murovdan başlayan və Tovuz, Tərtər,Füzuli, Cəbrayıl nəhayət şəhadətə yüksəldiyi Şuşa qalası barədə məlumatlar, döyüş yoldaşlarının komandirləri ilə bağlı xatirələri yer alıb.
Məlumat üçün deyim ki, şəhidimizin nəşi 72 gündən sonra tapılıb.

Kitabın müəllifi tədbirdəki çıxışında niyə kitaba belə ad verdiyinə aydınlıq gətirərək bildirdi ki, qardaş döyüşlər yenicə başlayanda ona telefonda deyib ki, biz döyüşə “QİSAS 44” parolu ilə atılırıq. Bu fəhmi Vüsala Allah tərəfindən gəlmiş bir mesaj kimi də qəbul etmək olar. Tədbirdə şəhidimizin anası Mədinə ana çıxışında haqlı olaraq vurduladı ki, Ali Baş Komandanın müharibənin gedişində düşmənə göstərdiyi o dəmir yumuruğun hər bir barmağında minlərlə Vüsal kimi qəhrəman qərarlaşmışdı. Tədbir iştirakçılarına ən həyacanlı anları isə böyük və bənzərsiz sənətkar Ağalar Bayramovun kövrək, fəqət əzəmətli səslə söylədiyi vətənpərvərlik şeirləri yaşatdı. Təqdirəlayiq haldır ki, mərasimdə Xətai İcra Hakimiyyətinin məsul əməkdaşı və MN-in Vətən Müharibəsi iştirakçısı olan nümayəndəsi də iştirak edirdilər. Tədbirdə şəhid mayordan bəhs edən video-çarxlarda nümayiş etdirildi.

Vüsalın itkin düşdüyü xəbəri gələn günü atası İslam dayının ürəyi bu xəbərə dözməyib və o, da oğul yolunda şəhid olub.
Mayor Vüsal Vəliyev “Azərbaycan Bayrağı” ordeni də daxil, çoxsaylı dövlət təltifləriylə təltif olunub.

Allah ŞƏHİD(lər)İMİZƏ rəhmət eləsin, qazilərimizə şəfa versin!
Şəhid adını yaşatmaq və uca tutmaq sosial statusundan asılı olmayaraq hər birimizin müqəddəs borcudur.
Rövşən Kəbirli
"Demokratikmusavat.com"

0.16745781898499