Müsahibə

 


Firuz Mustafa:
Bu əsərin baş qəhrəmanı zamandır.
“Sakit Don” romanının hər səhifəsində türkə rəğbət hissi duyulur.
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz yazıçı-filosof Firuz Mustafadır.
– Şoloxovun “Sakit Don əsəri” hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
-Bəli, Fərid bəy, “Sakit Don” mənim sevdiyim əsərdir. Təbii ki, sevdiyim əsərlər arasında ən müxtəlif janrlarda qələmə alınmış sənət nümunələri az deyildir. Bu sıraya hətta, bir çox elmi-fəlsəfi əsərləri də əlavə etmək olar. Məsələn, Kantın “Təmiz zəkanın tənqidi”, Hegelen “Ruhun fenomenologiyası”, Haydeggerin “Varlıq və zaman”, Şpenğlerin “Avropanın qürubu”, Rasselin “Qərb fəlsəfəsi tarixi” ... mənim sevdiyim fəlsəfi əsərlərdir. Amma indiki halda söhbət ədəbi əsərlərdən gedir və mən “Sakit Don” romanını özümün uzun “siyahımda” ön yerlərdən birində görürəm.
Əvvəlcə, bu romanın “taleyi” ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Təsəvvür edin, “Sakit Don”un ilk hissələri, daha doğrusu ilk iki cildi kitab şəklində və “Oktyabr” jurnalında çap olunanda Şoloxovun cəmi 22-23 yaşı vardı. Elə həmin vaxtdan ədəbi aləmdə bu ramanla bağlı şayiələr meydana gəlməyə başladı. Əvvəlcə, romanın müəllifinin elə həmin o “Oktyabr” jurnalının redaktoru Aleksandr Serafimoviç olduğu iddia edilməyə başladı. Sonralar bir çox tənqidçilər bu əsərin əsl müəllifinin rus tənqidçisi və inqilabçısı Sergey Qolouşev olduğunu “sübut etməyə” çalışdılar. Düzdür, Qolouşevin eyni adlı yol qeydləri var, amma həmin qeydlər publisitikadan başqa bir şey deyildir.
Əsər şöhrətləndikcə Şoloxovun düşmənlərinin və paxıllarının da sayı artırdı. İş o yerə çatdı ki, “Pravda” qəzetinin nəzdində komissiya yaradıldı. Komissiya romanın əsl müəllifini üzə çıxarmalı idi. Həmin dövlət komissiyası Sovet hakimiyyətinin qurucusu hesab edilən Leninin kiçik bacısı Mariya İliniçna Ulyanovanın təşəbbüsü və hamiliyi ilə yaradılmışdı ki, ona da Serafimoviç rəhbərlik edirdi. Şoloxov komissiyaya romanın ilk üçcildliyinin əlyazmasını təqdim etdi. Ədəbi ekspertlər rəy verdilər. Komissiya üzvləri yekdil qərara gəldi: əsərin müəllifi Şoloxovdur.
Sonralar müharıbə başladı, “Sakit Don”un əlyazması itirildi. Və bunu “günahını” yenə Şoloxovda görməyə başladılar.
Uzun illər ərzində məşhur rus yazıçısı, Nobel mükafatı laureatı A.Soljenitsın də əsərin müəllifinin Şoloxov deyil, başqa bir yazıçı, yəni Fedor Kryukov olduğunu israr edirdi.
Uzun axtarışlardan sonra 1999-cu ildə əsərin bütün cildlərinin əlyazması tapıldı. Məlum oldu ki, romanın əlyazması Şoloxovun həmkarı, müharibədə həlak olmuş yazıçı Vasili Kudaşevin zirzəmisində qalıbmış.Yazıçının yüzilliyi qeyd edilən dövrdə Rusiya EA-nın təşəbbüsü ilə “Sakit Don”un əlyazmasının faksimili nəşr olundu.
“Sakit Don” və onun əsl müəllifi haqqındakı uydurmalar bu gün də ayaq tutub yeriməkdədir. Hətta, Sovet dövlətinin süqutundan sonra bu cür “tədqiqatlar” meydana gəlməyə başladı. Məsələn, həmin “axtarışlardan” birinin müəllifi Aleksey Qolovindir. Qolovin iddia edir ki, epopeyanın müəllifi məşhur Nikolay Qumilyovdur.

İndi isə yuxarıda sualı verilən cavablandırmaq istəyirəm. “Sakit Don”u mən həm yüksək bədii sənətkarlığına, həm orada epoxal hadisələrin geniş “nəfəsinə”, həm də obrazların psixoloji aləminin təsvir gücünə görə bəyənirəm. Yazıçı ötən yüzilliyin, yəni 20-ci əsrin ilk onilliklərində Don kazaklarının həyat və məişətini, mühüm bir dövrün sosial və siyasi mənzərəsini bir ailənin həyatı ilə çarpaz şəkildə çox böyük ustalıqla təqdim edə bilmişdir. Əslində Melexovların həyatı elə həmin dövr Rusiyasının anoloji ədəbi-tarixi ekvivalentidir. Bu əsərdə baş verən hadisələr azərbaycanlı oxucu üçün də maraq kəsb edir. Çünki məhz həmin hadisələr arasındakı determinist əlaqələr heç də bizdən yan keçməyir. Bu mənada Qriqori Melexov təkcə mənsub olduğu xalqın deyil, o cümlədən “bizim” də qəhrəmandır. Və elə buradaca qeyd etməyi lazım bilirəm ki, dünyanın bütün byük yazıçıları həm də “başqalarına” məxsusdur. Bu mənada Şoloxov da istisnalıq təşkil etmir.
Digər bir məsələyə də toxunmaq lazımdır. Epopeyada göstərilir ki, kazak Prokofi Melexov Türkiyə müharibəsindən özüylə arvad da gətirmişdi. Xutorda öz dəliqanlılıqları, yaraşıqlı görünüşləri ilə seçilən Melexovlara “türklər” deyirdilər. Sonra. Bütün bunlardan başqa, hadisələrin baş verdiyi, qəhrəmanların yaşadığı xutor “Tatarsk” adlanır. Zənninmcə, bunlar təsadüfi, ötəri “təsvirlər” deyil, mahiyyətə varan nüanslardır. Bəli, bu dahiyanə əsərin hər səhifəsindən bir türk nəfəsi və türkə bir rəğbət hissi duyulur.
– Ədəbi tənqidçi İ.Qrinber hesab edirdi ki, əsərdə hadisələrin tarixi gedişatının məntiqi ilə Melexovun şəxsi həyatının toqquşması romanın əsas faciəvi konfliktidir. Sizcə, o nə qədər haqlıdır?
–Qrinberqin dediklərində qeyri-adi heç nə yoxdur. Bütün dahiyanə əsərlər kimi Şoloxovun bu əsəri də ən müxtəlif rakurslardan təhlil olunub. Hətta, Şoloxovu ağqvardiyaçılara rəğbətdə də günahlandırıb. Yeri gəlmişkən, bir faktı da xatırladım: böyük ədibin düşmənləri onun barəsində Kremlə donoslar yazırdılar. Məktubların bir çoxunda Şoloxovun əksinqilabçılarla oturub-durduğu, yeyib-içdiyi göstərilirdi. Şoloxovu zaman-zaman müdafiə edən Stalin bu cür “tənqidlərə” cavab verərək demişdi ki, Şoloxov hər bir kəslə ünsiyyət saxlaya bilər, çünki o, yazıçıdır və öz əsərlərində yaratdığı mənfi obrazların prototiplərini də yaxşı tanımalıdır.
Bu mənada, Qrinberqin dedikləri əsasən doğrudur.
– Şoloxova qədər kazakların həyatı bir çox yazıçıların əsərlərində əks olunub. Və sanki onların hamısı Tolstoyun, Qoqolun yaratdığı şablon üzrə təsvir olunurdu. Şoloxovun yazdığı kazak həyatı onlarınkından nə ilə fərqlənirdi?
-Bəli, rus ədəbiyyatında bir “kazak mövzusu” var. Lakin adını çəkdiyiniz və çəkmədiyiniz digər yazıçıların hər birinin məhz “öz kazakı” olub. Amma Şoloxovun “kazakları” fərqlidir. Əvvəla, digərlərindən fərqli olaraq Şoloxov bütün ömrü boyu kazaklarla bir yerdə, bir məkanda yaşayıb. İkincisi də “Sakit Don”da təkcə bir nəfərin yox, bütöv bir sosial qatın taleyi ön plana çəkilib. Əgər digər yazıçıların əsərlərində əsasın lokal səciyyə daşıyan ziddiyyətlər təsvir olunursa, burada (“Sakit Don”da) epoxal kolliziyalar təhlil və təsvir olunur.
– Əsərdə xüsusi sevdiyiniz detal, dialoq və ya məqam hansıdır?
-Aksinyanın ölümü və bu sevimli qadının Qriqori tərəfindən dəfni. Zənnimcə, həmin epizodu ən soyuqqanlı adam belə həyəcansız oxuya bilməz.

– Tənqidçilərin fikrincə, Şoloxov “Sakit Don”u yazanda Tolstoyun “Hərb və Sülh”ün ən yaxşı xüsusiyyətlərini götürüb. Sizcə, bu iki əsərin hansı oxşar və fərqli cəhətləri var?
-Bəli, adətən bu iki nəhəng yazıçının iki nəhəng əsərini tez-tez qarşılaşdırır, müqayısə edirlər. Düz də edirlər. Vaxtilə başqa bir qraf, yəni qraf Aleksey Tolstoy hər iki əsərin ümumi, oxşar məziyyətlərini qeyd edərkən yazırdı ki, “Sakit Don”da torpağın ətri hisss olunur, insan qəlbinin dərinliklərinə nüfuz olunur, tarix və tarixi hadisələr geniş spektrdə verilir. “Hərb və Sülh” də, Sakit Don” da dünya ədəbiyyatının imciləridir. Hər iki əsərin yüksək bədii dili də ki, öz yerində...
– “Sakit Don”dakı Listnitskilərin ailəsi “Hərb və Sülh”dəki Bolkonskilər ailəsinin sanki “alçaldılmış” fomrasıdır. Evgeni Anderey Bolkonskinin romantik əyləncələrinə sanki bir parodiyadır. Bu barədə nə düşünürsünüz?
-Yevgeni Nikolayeviç Listinski bu əsərdəki orijinal obrazlardan biridir. O, yalnız öz peşəsi, çini, vəzifəsi cəhətdən Anderey Bolkonskiyə bənzəyir. Yəni bu, zahiri bənzərlikdir. Əsl mahiyyətdə isə hər iki obraz bir-birindən çox fərqlidir. “Sakit Don”da o da vurğulanır ki, Listinski 1812-ci ildə Napoleon ordusuna qarşı cəsarətlə vuruşan zabitlərin nəslindəndir. Bir çox hallarda tədqiqatçı və tənqidçilər ədəbi əsərlərdə “görünən” tərəflərin təsvirinə uyurlar. Halbu ki, ədəbiyyatşünasların əsas vəzifələrindən biri də “görünməzləri” üzə çıxarıb göstərməkdir. Bu cəhətdən Listinski hansısa obrazın “surəti”, hansısa əyləncələrin “parodiyası” hesab oluna bilməz, çünki o, yazıçının digər personajları kimi canlı və təbiidir.
– Hər iki əsər müharibə mövzusundadır. Lev Tolstoy əsərini müharibədən 50 il sonra, Şoloxovsa “isti-isti” yazıb. Sizcə, yaxın-uzaq müddət məsələsi əsərlərdə özünü necə büruzə verib?
-Düzdür, dahilər üçün “gördükləri” və ya “görmədikləri” tarixin qələmə alınmasının elə də həlledici əhəmiyyəti ola bilməz, çünki bir çox hallarda ədəbi həqiqətlə tarixi həqiqət üst-üstə düşməyə bilər və düşmür də. Amma bu cür “zaman məsafəsinin” hansısa bir məqamda təsirsiz ötüşdüyünü də israr etmək olmaz. Yəni fakt budur ki, Tolstoy öz romanında təsviri verilən hadisələr dövründə, yəni 1812-ci ildə hələ dünyaya gəlməmişdi, amma bundan fərqli olaraq Şoloxov öz əsərində təsvir etdiyi hadisələrin bilavasitə iştirakçısı olmuşdu.
– Aksinya və Qeorginin münasibətləri Tolstoyun “Anna Karenina”sını xatırladır. Sizin fikrinizcə, onların ümumi və fərqli cəhətləri hansılardır? Və ümumiyyətlə siz, onlarda bir oxşarlıq görürsünüzmü?
-Dahiyanə əsərlərdə təsvir olunan bütün əsl sevgilər hansısa mənada bir-birinə bənzəyir. Bu mənda “Anna Karenina” ilə “Sakit Don”un qəhrəmanları və onların sevgi macəraları arasında da paralellər tapmaq olar. Amma orası da var ki, Aksinya ilə Qriqorinin sevgisi öz ədəbi “həllinə”, təsvir və təsir imkanlarına görə fərqlidir. Ərli qadının (və ya kişinin) başqasına vurulması nadir hadisə deyildir. Bu cür “sevgi üçbucağı” çox əsərlərdə var. Əsas məsələ obrazların psixoloji aləminin və baxışlarının necə təqdim olunması və onun bədii həllidir. Bu mənada hər iki əsər öz orijinallığı ilə fərqlənir.

– Ədəbi tənqidçilərin Mixail Bulqakovun “Ağ qvardiya” əsərində də,”Sakit don”da da “ev” məfhumu var. Bu “ev”lərin oxşar cəhəti nədədir?
-Mixail Bulqakovun “Ağ qvardiya”sı ilə Mixail Şoloxovun “Sakit Don” romanları tez-tez müqayisə olunur. Əslində bu əsərlərdəki “oxşarlıqlar” da zahiri mahiyyət daşıyır. Melexovları və Turbinləri yalnız konkret zaman birləşdirir. Onlar psixilogiya, mənəviyyat, həyat və düşüncə tərzi ilə bir-birlərindən çox uzaqdırlar. Trubinlərin malik olduqları simvolik “ev” ədəbi tənqiddə, adətən sakit, “ziyalılıq” keyfiyyətləri ilə müşayiət olunur, Melexovların “evi” isə onların öz taleləri kimi sədaqətli, narahat, faciəvidir.
– Mişka Koşevoyla Qriqori Melexov əsərin əvvəlində dost olsalar da, sonradan vətəndaş müharibəsi zamanı düşmənə çevrilirlər. Sizcə, Şoloxov dostları niyə qarşı-qarşıya qoymuşdu?
-Şoloxov təkcə epoxal hadisələri deyil, həm də məişət hadisələrini ustalıqla qələmə alan yazıçıdır. Düzdür, Mişka (Mixail) Koşevoy “Sakit Don”un aparıcı obrazlarından deyil. Amma onu “təsadüfi” sima da adalandırmaq olmaz. O da Qriqori kimi Tatarsk xutorundandır. Adi kazak sonra “qırmızılar” tərəfə keçir, bolşevik olur. Koşevoy əsərdə amansız, qəddar bir obraz kimi yaradılıb. Təsəvvür edin, bolşevizmin ən “bərkgedən” vaxtında şanlı bolşevik sərt şəkildə tənqid olunur. Yazıçının bu qəhrəmanı karikatura və ya şarj deyil, həyatən özü kimi canlı və inandırıcıdır.
– Amerikanın məşhur “New York Herald Tribune” qəzetində şair Babetta Deyç məqaləsində yazırdı: “Sovet şahlığı haqqında nəhəng freskasıdır… Amma əsərdə Şoloxovun Don kazaklarında Tolstoyun humanizmi çatmır...” Siz bu fikirlə nə qədər razısız?
-Bu da bir baxışdır. Amma bu əsərdə təsvir edilən, qabardılan humanizm motivləri haqda da kifayət qədər fərqli və əks fikirlər də var. Adətən, “Sakit Don” haqda söz açan tədqiqatçılar “sərt nəsrin” alt qatında humanizmini xüsusi vurğulayırlar. Yeri gəlmişkən, əsərin bu keyfiyyətini onu əlyazması şəklində oxuyan böyük yazıçı Maksim Qorki də qeyd etmişdir. Bir məqama da diqqət yetirmək pis olmazdı: məhz Qorkinin təşəbbüsü ilə ötən əsrin 31-ci ilində əsərin ilk cild və variantlarını oxuyan Stalin romana bütövlükdə bəyənsə də öz əsaslı iradlarını bildirmişdi. Və proletariatın “əbədi rəhbərinin” həmin iradlarından biri Kornilov obrazının inandırıcı olmaması ilə bağlı idi. Sonralar bu badədə söhbət açan Şoloxov yazırdı ki, Stalin ondan çar generalının nə üçün belə yumşaq, humanist xarakterli adam kimi təsvir olunmasının səbəbi ilə maraqlanıb. Şoloxov cavabında “Kornilov Rusiyanı subyekiv olaraq sevirdi”, desə də, sonralar generalın obrazı üzərində yenidən işləyib.
Yeri gəlmişkən əsərin sonuncu, dördüncü kitabı çapdan çıxdı və geniş ictimai müzakirəyə çıxarıldı. Əslində bu əsərdə “sosializm gerçəklikləri” barədə heç nə yox idi. SSRİ YB-də təşkil edilmiş müzakirədə çıxış edənlər roman barədə yüksək fikir söyləməyə ehtiyat edirdilər. Məsələn, Viktor Şklovski “Sakit Don”u daha çox məişət romanı kimi qiymətləndirdi. Əsər haqda ən obyektiv qiyməti Aleksandr Bek verdi; o, çıxışında vurğuladı ki, bu, misilsiz bir əsərdir, amma... “sosialist romanı” deyildir. Məşhur “Sement” romanının müəllifi Fyodr Qladkov isə deyirdi ki, Şoloxovun kazak həyatını ideallaşdırır, bolşevikləri sevmir, sosializm realizmini qəbul etmir. Az sonra, səhv etmirəmsə 1941-ci ildə “Sakit Don”un Stalin mükafatına layiq görülməsi onun düşmənlərinə ünvanlanan bir mesaj oldu.

Amma bütün bunlara baxmayaraq əsərlə bağlı dedi-qoduların, tənqidi fikirlərin arası üzün müddət kəsilmədi. “Sakit Don” bu gün də müzakirə olunan, oxunan, mübahisə doğuran bir əsərdir.
– “The Nation” jurnalının 1934-cü il iyulunda tənqidçi Mark Van Dorren yazırdı: “Şoloxovu qəhrəmanları vəhşidirlər. Elələri nə tarixə, nə ədəbiyyata məlumdur”. O, müəllifi “inqilabı dönəminin əclaflığını” yazmaqda ittiham edərək yazırıdı: “İnqilab haqqında olan bir roman kimi, məncə, “Sakit Don” çox uğursuz alınıb. Sizcə, amerkanlı tənqidçi fikirləri nə qədər haqlıydı?
-Xeyr, Şoloxovun qəhrəmanları vəhşi deyildir. Sadəcə olaraq əsərdə amansız, qəddar, xaotik bir mühitin real mənzərəsi əks olunub.
– Ədəbi tənqidçi və sovet ədəbiyyatşünası B.Valbenin fikrincə, Şoloxov “möhtəşəm” məqsədlərinin arxasınca qaçaraq özünü koloritini kənarda qoyub. Müharibə və inqilab hadisələri salnamədə o qədər geniş və müxtəlif cür verilib ki, bu romanın kompozisiya sistemini deformasiyasına gətirib çıxarıb. Siz bu fikirlərlə razısınızmı? Sizcə, Şoloxovun qələmi həqiqətənmi o yerlərdə zəifləyib?
-Bu, əlbəttə, düzgün yanaşma deyildir. Əsərin bitkin süjeti, sistemli kompozisiyası var. Bu barədə onlarla, yazlərlə tədqiqat əsəri yazılıb.
Yeri gəlmişkən Şoloxovla bağlı bir təəssüratımı da bölüşmək istəyirəm. Mən özümü qətiyyən “şoloxovşünas” hesab etməsəm də, yazıçının demək olar ki, bütün əsərlərini diqqətlə oxumuşam. Onun “İnsanın taleyi” adlı povesti barədə hələ tələbə ikən esse yazmışam. Həmin yazı o vaxt Tələbə Elmi Cəmiyyətinin konfransında səslənmiş, mətbuatda dərc edilmişdi. Yazı ali məktəb rəhbərliyinin təşəbbüsü ilə tərcümə edilib Şoloxovun ünvanına göndəriləndən az sonra Vyoşenskdəki məşhur ünvandan, Şoloxovun katib-köməkçisindən məktub da göndərilmişdi.
Yazıçının digər əsərləri, habelə “Sakit Don”la bağlı da bir çox qeydlərim vardır və onlar da müxtəlif dövrlərdə dərc edilib.
– Romanın hissələri üslubuna görə bir-birindən fərqlənir. Amma əsəri oxuyanda bu fərq bilinmir. Sizcə, Şoloxov niyə əsərini başqa-başqa üslublarda yazıb? Və fərq niyə oxuyanda duyulmur?
-Əsərin vahid süjeti vardır. Bunu inkar etmək qeyri-mümkündür. Yazıçı əksər qəhrəmanlarının taleyini sonacan, yəni “lazım olan məsafəyəcən” izləyir.
– Əsərin qəhrəmanlarından biri Qriqori mübarizədə niyə xalqın yanında olmadı? Sizcə, bu onun faciəsi idimi?
-Vaxtilə bu romanı tənqid edənlər məhz belə bir mühakimə yürüdürdülər ki, Melexov xalqdan aralı düşüb. Bu, əlbəttə, cəfəng fikirdir. Əslində Qriqori elə xalqın, daha doğrusu, xalq həyatının bir parçası kimi təqdim edilib.

– Şoloxov “Sakit Don” əsərində çoxlu sayda misallar və atalar sözlərindən istifadə edib. Sizcə, Şoloxov niyə fikirlərini əsaslandırmaq üçün tez-tez onlara müraciət edirdi?
– Çünki bu əsər az qala xalq epopeyası səviyyəsində bir əsərdir. Onun qəhrəmanları xalqın köksündən qopub ədəbiyyara gəlmiş obrazlardır.
– Əsərdə belə bir şeir var:
Bizim şanlı torpağımız ağac şumla xışlanmışdır
Bu torpaq at dırnağıyla şumlanıbdır qarşış-qarış
Bu torpağa toxum deyil kazak başı səpilmişdir
Bizim sanki Donumuzu dul qadınlar bəzəmişdir.
O sakit don yetimlərin al qanıyla boyanır
Ata-ana göz yaşları Donda dalğalanır.
Bu şeirdə əsərin adına işarə edilir. Amma ümumən əsərin “Sakit don” adlandırılmasının səbəbi nədir?
-“Sakit Don” əslində sakitlikdən, ətalətdən uzaq bir zamanın bədii inikasıdır. Bu ad, təbii ki, hadisələrə obrazlı yanaşmanın təzahürüdür. Öz sakit axarı ilə baş alıb gedən Donun üzərində baş verən sosial təlatüm, fırtına və qasırğalar insanların taleyindən izsiz ötüb keçmir. Bəli, ona məhz “qanlı Don” da demək olar.
– Əsərdəki obrazları necə xarakterizə edərdiniz?
-Əsərdə hər obrazın öz fərdi xarakteristikası vardır. Bu cür geniş təhlilə baş vurmaq üçün uzun bir zaman və geniş bir imkan lazımdır.
-Əsərdə obrazların faciəli sonluğu barədə nə deyə bilərsiniz?
-Düşünürəm ki, bu, məhz belə də olmalı idi. Çünki obrazlar faciəvi bir dövrün vətəndaşlarıdır.
-Qriqorinin dəyişməsində Qarajanın rolunu nədə görürsünüz?
-Bəli, romanda Andrey Qaranca adlı zahirən diqqəti o qədər də cəlb etməyən bir obraz vardır. Bu, ümumiləşmiş bir bolşevik surətidir. Bu keçmiş dəmirçi, yeni inqilabçı Qriqorinin baxışlarında bir təkamül yaradır. Amma Şoloxov Qarancanı “ideal” kommunist obrazı kimi yaratsaydı Şoloxov olmazdı ki... Qaranca da digər obrazlar kimi həyatın özündən gəlir.
Heç də təsadüfi deyildir ki, bu epopeya dünyanın əksər dillərinə çevrilib, 350 dəfə nəşr olunub, milyon tirajlarla yayınlanıb.
Mərhum tərcüməçi Cahanbaxş romanı dilimizə çox yüksək səviyyədə tərcümə edib.
Sonda yekun olaraq bir daha onu deyə bilərəm ki, Şoloxovun “Sakit Don” romanı dünya ədəbiyyatının ən qüdrətli əsərlərindən, şedevrlərindən biridir. Bu əsərin ən başlıca qəhrəmanlarından biri, bəlkə də lap elə baş qəhrəmanı zamandır.

Söhbətləşdi F.Hüseyn
“KASPİ” qəzeti, 2019
Demokratikmusavat.com

0.14620804786682