Yazıda (Sovet dönəmində) Sovet dövlətinin siyasəti tənqid edilir...
Bu, lap gəmidə oturub gəmiçilik etməyə bənzəyirdi...
Vaxt öz karvanını sürüb getdikcə bir çox bulanıq hadisələr təzədən şəffaflaşır, durulur, böyük Sabir demişkən, “yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. İndiki yenidənqurma şəraitində biz hadisələrə yeni pakurslardan, təzə bucaqlar altında baxmağa çalışırıq. Həmin hadisələrin bir çoxunun mərkəzində Stalin və stalinizm dayanır. Stalinizm nəyə xidmət göstərmiş, nəyi qəbul və nəyi inkar etmişdir? Bu məsələ barədə ətraflı düşünməyə dəyər...
Almaniyada nasist partiyasının rəhbərlərindən biri Rudolf Gess belə hesab edirdi ki, yalnız bir nəfər tənqiddən kənarda qalmalıdır – bu, fürerdir. Hər bir kəs bilməli və dərk etməlidir ki, fürer həmişə haqlıdır, həmişə də haqlı olacaq. Nasional-sosializm bizim hər birimizdə fürerə olan inam hissinə söykənir. Gess belə hesab edirdi ki, Hitler müqəddəslərin müqəddəsidir.
Əslində rəhbərin toxunulmazlığı, müqəddəsliyi ideyası elə həmin dövrdə bizdə də təqdir edilirdi. “Bütün xalqların və zamanların dahi rəhbəri” Stalin qəddar tiran istəyi ilə hərəkət edərək öz şəxsiyyətini göylərə qaldırmaq üçün milyonlarla şəxsin heyatdan getməsinə bais olmuşdur.
Stalin güclü ağıla, möhkəm iradəyə malik adam idi, indi bunu inkar etmək olmaz. Lakin bu ağıl bir məqsədə xidmət edirdi – hakimiyyəti öz iradəsinə tabe etməyə. Stalin baş verən hadisələri obyektiv qiymətləndirməyə çalışırdı. Lakin o, eyni zamanda, çalışırdı ki, bütün hallarda yalnız öz düşündükləri məqbul hesab olunsun. Stalin düşünür, deməli, xalqın fikirləşməyə ehtiyacı yoxdur. Stalin ideyalar irəli sürür, xalq həmin ideyaları icra etməlidir.
Stalin memardır – xalq bənna.
Stalin xalqların atasıdır, rəhbəridir, müəllimdir.
Xalq təsdiq etməli idi ki, sosializmi Stalin qurdu.
Xalq deməli idi ki, müharibədə Stalin qələbə çaldı.
Stalin qısa, lakin mənalı ifadələr işlətməyi sevirdi. “Oğul ataya görə cavab vermir”. Stalinin özü də qısa, lakin mənalı epitetlərə layiq olmalı idi. “Stalin – bu günkü Lenindir”.
Xalq Stalini tanımalı, sevməli idi. Xalqa özünü “tanıtmağın” əzəli, qədim bir yolu var: qorxu. Adi qorxu tez unudulur. Amma genetik qorxu on illər, yüz illər boyu qalır – nəsillərə yaddaşla, qanla, südlə, iliklə keçir. Stalin belə bir “sevgini” yarada bildi. Bu çox illər yaşayacaq “qorxulu sevgi” idi... Bu sevginin subyekti çox, obyekti birdi: Stalin. Bax, “Stalin fenomeni” belə yarandı...
Yalnız totalitar quruluşda hakimiyyət bir nəfərin iradəsinə tabe ola bilər. Bəs necə oldu ki, Stalin əslində ən demokratik, ən humanist bir quruluş kimi nəzərdə tutulan sosializmi totalitar hakimiyyət səviyyəsində idarə etməyə başladı? Milyonlarla günahsız adamı cəzalandırmaq kimin üçün sərfəli idi? “Xalqlar atası” nə üçün xalqların Baş cəlladına çevrildi?
Stalinin qurduğu “sosializmdə” idarəetmə mexanizminin bütün nəhəng sükanı bir ələ tabedir. Stalin hökmdar idi; xalqın bütün iradəsi hökmə tabe olmalı idi. Stalin və xalq... Xalq Stalini sevirdimi? Stalni hakimiyyətin zirvəsinə qaldıran kim idi? Xalqın Stalini sevib-sevməsini araşdırmazdan əvvəl belə bir suala cavab axtarmaq lazımdır: Stalin xalqı sevirdimi? Qətiyyətlə demək olar: Yox! Xalq hökmdara öz niyyətini həyata keçirməkdə bir vasitə kimi lazım idi. Adamlar kiçicik vint, bolt rolunu oynayırdı. Bu vintlər, bu boltlar bir-birinə calaq olub nəhəng bir qatarın iri vaqonlarına çevrilirdi. Bu qatarı çəkib aparmaq üçün parovoz lazım idi. Bu parovoz bu lokomotiv kim olmalıydı? Şübhəsiz ki, Stalin. Elə buna görə də Kaqanoviç hələ 1938-ci ildə Stalini inqilabın sükançısı adlandırırdı. Xalq Stalini sevmirdi. İndi bu söz bir qədər zəif və sönük səslənir. Necə yəni xalq hökmdarı sevmirdi? Bəs Stalin uğrunda şüarı ilə döyüşə atılan minlərcə adam? Bəs Stalinin şəxsiyyətə pərəstişi ifşa olunandan sonra – 1956-cı ildə intihar edənlər? Bu, sevgi deyildisə - bəs nə idi?
Əvvəlcə gəlin görək bu adamlar kim idi? Yazıçı V.Kondratyev belə hesab edir ki, onların əksəriyyəti az inkişaf etmiş adamlar idi: bu adamlar belə hesab edirdilər ki, Stalin hər şeydir. “Əgər Stalin yoxsa – mən kiməm?” Lap F.M.Dostoyevskinin məşhur kapitan obrazı kimi: “Əgər allah yoxsa, bundan sonra məndən nə kapitan?.. Mən onun üşün “ura!” qışqırmışam, qan tökmüşəm, o isə başqa cür imiş. Əsl faciə buradadır”. (Bax: “Lit.qazeta”, 18 may 1988, s.6). Xalq Stalini sevmirdi. Xalq Stalinə alışmışdı. 30 il ərzində xalqın beyninə eyni fikir diktə olunmuş, eyni ideya yeridilmişdi. “Stalin nəhəngdir, böyükdür, ölməzdir, dahidir...” Adam hər gün eşitdiyi eyni fikrə alışır. Hər gün oxunan mahnıya, hər gün deyilən şeirə alışan kimi adamlar da Stalinə alışmışdı.
Stalin əsl sənətin, əsl istedadın düşməni olmuşdur. Onu daha çox plakat xarakterli əsərlər cəlb edirdi. Stalinizm daha çox “ura” və “yaşasın” şüarlarını sevir. Elə buna görədir ki, stalinizmlə eyni platformada dayana bilməyən və ya bunu istəməyən 500 yazıçı cəzalandırılmışdır. Stalinin siyasi fokusçuluğu siyasi şizofreniya ilə nəticələndi: bu, ən acı nəticə idi. Təkcə 1937-ci ilin mayından 1938-ci ilin sentyabrınadək alay komandirlərinin təxminən yarısı, demək olar ki, bütün briqada və diviziya komandirləri, bütün hərbi dairələrin ordu rəhbərləri, dairə siyasi idarələrinin Hərbi Şura üzvləri və rəisləri korpus, diviziya və briqadaların siyasi işçilərinin əksəriyyəti, polk komissarlarının üçdə biri, ali və orta məktəblərin müəllimlərinin əksəriyyəti cəzalandırılmışdır. Budur, stalinizm.
Stalinizm elə bir siyasətdir ki, onun məqsədi insanı əbədi xofda, qorxuda, şübhədə saxlamaqdan ibarətdir. Stalin siyasətinə görə azadlıqda olan adam hətta ölü üçün də cavab verməlidir. Sağlar qəbirdə və həbsdə olanlar üçün girov olmalıdır. Elə bunun nəticəsidir ki, uzun illər ən yüksək vəzifələrdə işləyənlərin özləri belə bu qorxunu dadmışdır. Elə Siyasi Büronun üzvlərini götürək. Məsələn, Kaqanoviçin bir qardaşını güllələmişdilər, digər qardaşı özü-özünü güllələmişdi; Şvernikin yeganə qızının əri həbs olunaraq güllələnmişdi; Voroşilovun qudaları həbs cəzasına məhkum olunmuş, arvadı Yekaterinə Davıdovna barədə cəza tədbiri hazırlanmışdı, Molotovun rəhbər vəzifədə çalışan arvadı həbs olunmuşdu, Kalininin arvadı Yekaterina İvanovna əri “Ümumittifaq ağsaqqalı” olarkən uzun illər sürgündə olmuşdu.
Stalin təkcə başqalarını yox, elə öz qohumlarını da daimi qorxuda saxlamağı vacib edirdi. Elə bunun nəticəsidir ki, öz arvadını, bacanağını və gəlinini müxtəlif illərdə müxtəlif cəza formalarına məruz qoymuşdu... Bax, budur stalinizm!
...Bu gün milli münasibətlər sahəsində yaranan çətinliklər barədə çox söhbət gedir. Əslində bu problemlərin mənbəyi Stalin hakimiyyəti dövrünə gedib çıxır. Elə təkcə balkarlar, Krım tatarları, çeçenlər, kalmıklar haqqında götürülən sərt ölçüləri xatırlatmaq kifayətdir.
Özünün qurduğu hakimiyyəti idarə etmək Stalin üçün asan idi... Xüsusən, 30-cu illərdən sonra. Artıq “düşmənlər”, “rəqiblər” yox idi. Ətrafdakılar əmrə tabe qul kimi ölümə belə hazır idilər... Lakin Stalin fenomeni öz-özünə yaranmışdı. Stalini zirvəyə qaldıranlar vardı. Kaqanoviç, Molotov, Voroşilov, Jdanov, Mikoyan, Kalinin kimi xadimdir... (J.Yevtuşenkonun haqlı olaraq qeyd etdiyi kimi Leninqrad universitetinin hələ də Jdanovun adını daşıması təhqirdir; bu, həmin Jdanovdur ki, “nəhəng leninqradlıları” – Axmatovanı və Zoşşenkonu təhqir etmişdi. “Ümumittifaq ağsaqqlı” Kalininin adını eşidəndə indi biz şahidlərin yazdığına əsaslanıb özü Kremldə orden təqdim etdiyi zaman onun “xalq düşməni” elan edilmiş arvadının camaşırxanada əsirlərin – çirkli paltarlarını gözədiyini xatırlayırıq. “Gəlin vicdanlı olaq və etiraf edək ki, xalqın gözü qarşısında təkcə bir ovuc adam yox, elə xalqın özü də günahkardır”. (Bax: “Lit.qazeta”, 11 may 1988-ci il). Xalq ona görə günahkardır ki, bir ovuc quldura özü ilə istədiyi kimi rəftar etməyə imkan yaratmışdı).
Şəxsiyyətə pərəstiş hansı ehtiyacdan doğmuşdu? İndi bunu izah etmək çətindir. Bir çoxları onun kökünü sosializm cəmiyyətinin təbiətində axtarır. Tolyatti də vaxtilə belə hesab edirdi. Bəziləri isə şəxsiyyətə pərəstişi ayrı-ayrı rəhbərlərini şəxsi keyfiyyətləri ilə əlaqələndirirlər. Bizcə qeyd edilən naqis cəhətin kökü daha dərinlərdədir. İqtisadi cəhətdən o qədər də güclü olmayan köhnə dövlət quruluşu üzərində yaranan yeni hakimiyyətin vətəndaşları, “padşah” inamı olmadan yaşamağı təsəvvürə gətirmirdilər. Başçısız, rəhbərsiz necə yaşamaq olar? Başçı isə mütləq dahi olmalı idi. O, hətta səfeh də olsa ağıllı, tiran da olsa humanist adam kimi təqdim edilməli idi. “Hökmdar” üçün hazır qəlib 20-30-cu illərdə yaranmışdı və buna görə də 50-60-cı illərin hökmdarları həmin qəlibi təzədən yaratmaqda və ona “uyğun gəlməkdə” elə bir ciddi çətinliklə üzləşmədilər.
Yazıçı Y.Səmədoğlunun müsahibələrindən birində düzgün qeyd etdiyi kimi, 70-80-ci illəri Stalin dövründən ayırmaq olmaz. Bu vaxt “hər şey davam etmişdir – lakin keyfiyyətcə başqa səviyədə Brejnev dərk edirdi ki, adamların kütləvi məhvi gərək deyil, indi kütləvi heyranlıq lazımdır, bu səviyyə isə qazanıldı – hamımız eyforiyar vəziyyətinə düşdük”. Yazıçı həmin terminin izahını da verir, eyforiya - əsassız yerə şənlənmək, gülmək – bir sözlə, gülən adam... Fəlsəfə elmləri doktoru, professor V.Qoroxov sanki həmin fikrin davamı kimi yazır: “Cəmiyyətin və partiyanın tarixində ən həyacanlı vəziyyət səhvlərin təkrar olunmasıdır. Axı, İ.V.Stalinin şəxsiyyətə pərəstişi, N.S.Xruşovun volyuntarist fəaliyyəti və L.İ.Brejnevin infantil “durğunluq” siyasəti arasında bir ümumi cəhət var: bu siyasi hadisələr kütlənin rəhbərlərini fəaliyyətinə nəzarətini təmin etməsi üçün real mexanizmin olmamasından irəli gəlmişdir” (“Pravda” qəzeti, 31 may 1988-ci il).
Bəli, Stalin ölsə də stalinizm ölmədi. Görkəmli sovet hüquqşünaslarından birinin dəqiq ifadə etdiyi kimi, Stalinin törətdiyi faciələr ondan 11 il sonra hakimiyyətə gələn Brejnev dövründə komediyaya çevrildi. Görünür, K.Marks haqlı imiş- tarixdə baş verən hadisələr iki dəfə təkrar olur – birinci dəfə dramatik, ikinci dəfə komik şəkildə. Stalin və Brejnev siyasətinin arasında kağız divar dayanır. Əgər Stalin fiziki məhvə üstünlük verirdisə, Brejnevi daha çox mənəvi deqradasiya məşğul etmişdir. “Məşğul etmişdir” ifadəsi bəlkə də bəzilərinə qəribə görünə bilər, əslində bu, məhz belədir. Müəyyən qrup adamlar tərəfindən düşünülüb işlənmiş “siyasi kompaniyaların” ssenarisi adamları kütləvi psixozda saxlamağa, onları müəyyən çərçivələr daxilində düşünməyə xidmət etmişdir.
Brejnevin də sevdiyi kəlamlar “ura” və “yaşasın” idi. Stalin dövründə işlənən nida və müraciətlər 70-ci illərdə bütün sovet xalqlarının leksikonuna təzədən qayıtdı: “atalıq qayğısı”, “əzizimizi”, “liderimizi”, “ən böyük xadim”. Rəhbərin öz məddahları yarandı. Onu vəsf edən şairlər, yazıçılar meydana gəldi. Yeni xəstəliklər yarandı – orden, medal mərəzinə tutulanları yalnız SSRİ Ali Sovetinin fərmanları xilas edə bilərdi. Brejnevin ayağı dəyən torpaq müqəddəs hesab olunurdu. Azərbaycan torpağına da, 70-80-ci illərdə, 3 dəfə bu cür “xoşbəxtlik” nəsib oldu. Bəli, faciə komediyaya çevrilmişdi. Baş rolda oynayanların 270 milyon tamaşaçı vardı.
...Biz bu gün azadlıq, demokratiya, aşkarlıq barədə qorxmadan danışırıq. Lakin xalqın iliyinə hopmuş qorxu hissi hələ aradan tamamilə qalxmayıb. Azadlığa cəmiyyətin öz demokratik prinsipləri havadar olmalı, zəmanət verməlidir.
Görkəmli sovet yazıçısı Ç.Aytmatov “Edam kötüyü” əsərində yazır: “Azadlıq yalnız onda azadlıq olur ki, o, qanundan qorxmur, yoxsa o, uydurmadır”. Həqiqi azadlığı hər vəchlə qorumaq lazımdır. Böyük alman şairi Höte də öz mülahizələrində haqlı idi: “Azadlıq uğrunda hər gün mübarizə aparmaq lazımdır”.
Azadlığın kökü vicdanda – budaqları cəmiyyətdədir... Həyat ağacı yalnız demokratiya havasında çiçək açar, meyvə verə bilər.
Firuz MUSTAFAYEV
“AZƏRBAYCAN GƏNCLƏRİ” qəzet, 21 iyun 1988-ci il
Demokratikmusavat.com