İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı”
Xaricdə müalicəyə göndərdiyi əlillərdən 40 manat “uçuş testi” haqqı alınır
Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə , onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta olunmayıblar. Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən imtina edilir.
Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin bütün dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişindən asılıdır. Onu da, vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. Anlamaq olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ?
Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra yol xərcinin ödənməsinə söz verilir. 1-ci dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir. Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir. Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki, AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır.
Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” . Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək zorunda qalıb.
Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də, heç demə, uçuşa test qadağası ləğv olunubmuş.
Məğrur Bədəlsoy
Demokratikmusavat.com
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövzu ilə bağlı açıqlaması
https://demokratikmusavat.com/az/article/302085