İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 25 oktyabr 2022- ci il tarixində saytımızda gedən "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı”" başlıqlı yazı ilə bağlı verdiyi açıqlamasını təqdim edirik.
Hörmətli media nümayəndələri,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 25 oktyabr 2022-ci il tarixində internet səhifənizdə yerləşdirilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “covid bazarlığı” başlıqlı məqalə ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.
Məqalədə vətəndaşlara tibbi xidmətlərdən yararlanmaq üçün tibb müəssisələrinə ödənişli göndəriş vərəqəsinin verilməsi, Qarabağ qazilərinin tibbi xidmət almaq üçün xaricə göndərilməsi və Agentlik tərəfindən COVID-19 PCR testi üçün rüsum qoyulması barədə məlumata aydınlıq gətirmək istərdik.
Məlumat üçün bildirək ki, “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına əsasən vətəndaşlar TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilirlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşlar Agentliyin müqavilə bağladığı 69 özəl tibb müəssisəsindən istənilən birinə (https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi) göndəriş vərəqəsi verilir.
Göndərişlərin verilməsi zamanı vətəndaşlardan heç bir ödəniş tələb edilmir. Vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göndəriş vərəqələrinin verilməsində neqativ halla rastlaşarsa, Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə bilərlər.
Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.
Qarabağ qazilərinin tibbi xidmətlə bağlı xaricə göndərilməsi məsələsinə gəldikdə isə bildirək ki, sözügedən kateqoriyaya daxil olan şəxslərin həkim rəyi əsasında müalicə üçün xarici ölkələrə göndərilməsi “YAŞAT” fondunun səlahiyyətlərinə daxildir.
Agentlik tərəfindən uçuşlar üçün COVID-19 PCR testi ilə bağlı rüsum tutulması məsələsinə gəldikdə isə qeyd edək ki, sözügedən tibbi xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmayıb. Belə ki, qoyulan tələb Agentlik tərəfindən tənzimlənmir və məsələ qurumun səlahiyyətlərinə aid deyil.
Adıgedən məqalə ilə tanış olmaq üçün linkə daxil olun: