Partiyaların uğursuzluğunun əsas nədəni və bir lətifə - Səxavət Əlisoy yazır

 

Tapdiq Abbasın "Paralel" qəzetinə köşə yazısı.

İki-üç siyasi partiya istisna olmaqla demək olar ki, qalanlarını cəmiyyət ya, tanımır ya da, sadəcə, adını eşidib.
30 ildir siyasi partiyaların lokal uğuru belə yox.
Səbəbi?
Dərhal normal siyasi mühitin olmadığını ortaya qoymayın.
O da səbəbdir. Ancaq o birinci səbəb deyil.
Ən birinci səbəb partiyalarda ortaq ağılın olmaması.
Buradan başlamaq lazım.
Ortaq ağılın hegemon olmadığı bir qurum siyasi hakimiyyətə gələ bilməz.
Bu qədər net yazıram.
Və elə buradaca etiraf edirəm ki, bəlli bir zaman kəsimində mən də "Ağsaqqal" idarəçiliyinin tərəfində olmuşam.
O illərdəki siyasi mübarizə şərtləri bunu diqtə edirdi və səmimi olaraq Ağsaqqala inandığım üçün...
XXI əsrin siyasi mübarizə şərtləri bambaşqa.
Təəssüf ki:
-Bu gün Azərbaycanda bütün partiyalar "Ağsaqqal" üsul-idarəsi ilə yönəldilir. .
- Və o Ağsaqqal da öncə İdarə Heyətini ona "ləbbeyk" deyənlərdən formalaşdırır.
Sonra Məclisə (əgər varsa) səs çoxluğunu təmin etmək üçün yaxınlarını yerləşdirir.
- Bu gün Azərbaycanda heç bir siyasi partiyada şəffaflıq yoxdur. (Əgər varsa, örnək olaraq yazın mənim də xəbərim olsun.)
- Bu gün Azərbaycanda bir siyasi partiya göstərin ki, orada Ağsaqqalın ağzından çıxan qanun deyil və partiyada hər hansı bir görəv sahibi Ağsaqqalı tənqid etmək iqtidarındadır?
Parodoksa diqqət edin.
Tək adamın idarəsində olan partiyalar tək adam rejiminə qarşı mübarizə aparır, iqtidarı şəffaf olmamaqda ittiham edir
Bu tip yazılarıma görə bəzi partiya sədrlərinin şəxsimə qarşı neqativ münasibətindən xəbərim var.
Sədr var ki, İH-də yazılarımın, paylaşımlarımın müzakirəsini edib, Ağsaqqal var ki, İH-nə tövsiyə ilə müraciət edib hökumətin diqtəsi ilə bu yazıları qələmə aldığımı ortaya qoyur.
Sədr var ki, FB-də yazdığımı "layk" etməməyi tapşırıb.
O ağsaqqaların şəxsimə qarşı sərgilədiyi mövqe əsla məni narahat etmir.
Onların əksəriyyətinə bələdəm və onlar da məni yaxşı tanıyır.
Bilirlər ki,
- kimsənin qarşısında gözüm kölgəli deyil,
- kimsənin parasında gözüm yox,
- kimsəyə yaltaqlanmadım,
- kimsəyə yalan danışmadım
- və kimsə məni sındıra bilməz.
Sınan, yal yeyən, yaltaqlanan, fırıldaqçılıqla üzvlərinin pulu sayəsində arvad-uşağını saxlayanları Azərbaycanda hamı tanıyır.
Sadəcə, bir misal göstərməyimə haqq edir bəzi ağsaqqallar.
Müxalif düşərgədən Azərbaycan Milli Məclisinə deputatlığa namizəd oldum.
Seçkidən sonra ailə üzvlərimi vəhşicəsinə döyüb sonra da doğulduğum evi dağıtdılar.
Eyni səngərdə vuruşduğumuz neçə-neçə Ağsaqqalı və Ağsaqqal əlaltısının isə cibinə mandat qoyub parlamentdə oturtdular...
Nə üçün yazdım bunu.
Ayrı-ayrı ağsaqqallara hələ də inanmaqda olan dostlarıma xitabən yazdım.
Yazdım anlasınlar ki:
-Ortaq ağıl yoxsa, heç vaxt uğur olmayacaq.
- Şəffaflıq yoxsa, uğur olmayacaq.
- Partiya daxili demokratiya yoxsa, uğur olmayacaq.
- Və nə qədər ki,l mübarizənin başında Ağsaqqal dayanır, uğur əsla olmayacaq.
Onu da bilsinlər ki, "filan ölkə məni dəstəkləyir və biz hakimiyyətə gələcəyik", " filan ölkənin baş naziri tanıdığı üçün mənə stavka edəcək" və sair bu tipli sözlər başpiyləmə, nağıldır.
Az da olsa, ləyaqəti və şəxsiyyəti olan partiya sədri belə nağıl danışmaz.
Ağsaqqalların İH-ində və Məclisində təmsil olunan bir neçə şəxsin qələmə sarılacağına əminəm.
Nə üçün bunu edəcəyiniz də gün kimi aydındır.
Ona görə ki, bəzi partiyada Ağsaqqala veriləndən 2-3 ləbbeykçiyə də pay düşür. Ağlı yetərincə olmayanın yazacağı önəmli deyil.
Ən yaxşısı lətifə nisbətən oxumaq...

LƏTİFƏ

Bakının məkanlarının birində küçədə böyük bir çuxur yaranır və hər gün neçə uşaq-böyük o çuxura düşüb travma alır.
Camaat yığışıb bir Ağsaqqalın qapısını döyüb problemi anladır.
İH-in ləbbeykçi bir üzvü deyir, o çuxurun yanında təcili yardım maşını saxlamaq lazımdır ki, zamanında tibbi yardım göstərsin.
İkinci ləbbeykçi təklif edir ki, çuxurun yanında xəstəxana tikmək gərəkdir.
Sonra hamı Ağsaqqala tərəf baxır.
Ağsaqqal bu təklifləri məqbul saymadığını bildirir və deyir ki, ən məsləhətlisi bu çuxuru daş-torpaqla doldurub xəstəxananın düz qapısının ağzında bir çuxur açmaq lazımdır...

0.18606400489807