İdris Abbasov:
"Qanun və ya hüquq, görəsən, hansı cəmiyyətdə daha çox təmin olunur? Çoxlu-çoxlu partiyalar olan cəmiyyətdə, yoxsa iki və ya bir partiyası olanda? Məncə, heç birində. Çünki qanun, hüquq deyilən şey cəmiyyət fərdlərinin canında olur. Canında, ruhunda, qanında yoxdursa, istəyirsən lap yüzpartiyalılıq sistem yarat, başına da yüzbaşı qoy. Nəinki yaxşı olmayacaq, əksinə, bəla və müsibət olacaq.
Belə də ki, özümüzə baxıram, maşallah, çoxlu partiyalarımız var. Hələ camaat onlara ad da qoyub: avtobusda gəzən partiya, cib partiyası, partiyasayağı imitativ partiya və s.
Bəlkə də ölkədə, yalan olmasın, bir 20-30 partiya var. Nə olsun ki? Xalqın məşəqqətləri heç birinin vecinə də deyil. Sanki nə ictimai, nə siyasi, nə də mənəvi məsuliyyətləri var. Hərə özünü güdür.
Ciblər və şəxsi maraqlar uğrunda mübarizədə qanunlar ayaqlar altına salınıb tapdanır, dövlət qurulub qurtara bilmir ki, bilmir, özbaşınalıq, görməmişlik, talançılıq hökm sürür. Deməli, cəmiyyətə 30 ildir bir növ zorla qəbul etdirilən mövcud çoxpartiyalılıq sistemi nəinki effektiv deyil, üstəlik, xalqa zülm və işgəncə yaşdır. Rüşvətdən tutmuş korrupsiyaya qədər detallarına getsəniz, hər şey gün kimi aydın olar.
Adını konstitusiyalı monarxiya, diktatura, demokrtaiya, lap belə kraliyyət, respublika, bir sözlə, nə qoyursan, qoy, qanunun aliliyini təmin edə bilməyən cəmiyyətlər pozitiv inkişaf meyillərinə malik ola bilməzlər."
Demokratikmusavat.com