“Heç vaxt belə danışmamışdı” – Ərdoğanın sözləri şok effekti yaratdı

 

Dünən Samsunda keçirilən TEKNOFEST festivalındakı çıxışında Yunanıstanı Türkiyəyə qarşı təxribatçı addımlarına görə tənqid edən Prezident Rəcəb Tayyib Ərdoğanın sözləri İngiltərədə müzakirələrə səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, “Daily Mail” Türkiyə liderinin sözlərini “Ərdoğan Aralıq dənizində Yunanıstanla müharibə planlaşdırırmı?” başlığı ilə oxucularına təqdim edib.

Ərdoğan çıxışında Egey və Aralıq dənizlərində Türkiyə qarşı təhrikedici və təxribatçı addımlar atan Yunanıstana sərt mesaj göndərib:

“Adaların işğalı önümüzü kəsə bilməz, vaxtı, saatı gələndə nə lazımdırsa, edəcəyik. Dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”.

“Daily Mail” qəzeti Türkiyə prezidentinin bu açıqlamasını “müharibə mesajı” kimi şərh edib.

İngilis nəşrinə görə, Ərdoğanın “lazım olanı edəcəyik” sözləri təhdiddir:

“İki ölkə Kipr və dənizlərdə qarşı-qarşıyadır. Amma Ərdoğan ilk dəfə Yunanıstanı Egey adalarını işğal etməkdə ittiham etdi”.

Məqalədə qeyd olunur ki, Ankara əvvəllər Afinanı Egeydəki adalarını silahlandırmaqda ittiham etsə də, Ərdoğan indiyədək Yunanıstanı işğalda ittiham etməyib.

Prezident Ərdoğanın açıqlaması Yunanıstanda da təşviş yaradıb. Açıqlamadan dərhal sonra Yunanıstan Xarici İşlər Nazirliyi etiraz bəyanatı ilə çıxış edib.

Qeyd edək ki, avqustun 24-də Yunanıstanın Krit adasında yerləşdirdiyi S-300 sistemləri tərəfindən Aralıq dənizində NATO missiyasını yerinə yetirən Türkiyənin F-16 qırıcısına radar kilidi qoyub. Türkiyə Yunanıstanın bu təxribatçı addımına dərhal reaksiya verib və baş verənlərlə bağlı NATO-nu məlumatlandırıb.

0.16228699684143