Demokratikmusavat.com xəbər verir ki, Xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseynova teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Fatimə xanım, mərhum babanız Hacıbaba Hüseynovun qavalının 100 min manata satılması haqda yayılan xəbərlər doğrudurmu?
- Bilmirəm qavala kim yüz min manat qiymət qoyub... Bizə təklif edilən qiymət 150 min dollardır. Qavalı almaq istəyən şəxs Amerikada yaşayan iranlı iş adamıdır. Təbriz şəhərindəndir. Müəyyən səbəblərdən məsələ qaldı. Biz öncə qavalın satılmasına razı olmadıq, iki-üç dəfə təklif edilmişdi.
Sonra ortaya pandemiya düşdü, məsələ qaldı. Bununla bağlı İrana getməli idim, baş tutmadı. Həmin adamı itirdik, sonra Zabit Nəbizadəyə qavalla bağlı müraciət etdilər, qiymətilə maraqlandılar. Zabit müəllim də o adamı itirdi, yəni bu da alınmadı. Yenə o qiymətə istəyən olsa satarıq. Babamın qavalını 150 min dollara satışa çıxarmışıq.
- Qavalı satışa çıxarmağınızın səbəbi nədir?
- Bu, maddi çətinliklərlə bağlıdır. Müəyyən çətinliklərimiz var. Qavalı çörək puluna görə satmırıq. Eləcə də qavalı 2-3 min manata satmaq fikrimiz yoxdur. Allaha şükür, heç kim ac deyil. Sadəcə, böyük problemlərimiz var. Yalnız o məbləğlə problemimizi həll edə bilərik.
Bizə yazırlar ki, kaş Hacıbaba Hüseynovun qavalı dövlətə, muzeyə veriləydi. Hətta muzeydən də zəng etdilər. Cavab verdik ki, qavalı muzeyə verməyə razı deyilik. Babamın vəsiyyəti olub ki, qaval muzeyə verilməsin, evdə saxlanılsın. Özü sağ olanda satmaq söhbəti olmayıb.
Babamın vəsiyyəti olduğuna görə nənəm heç vaxt razı olmayıb ki, qaval evdən kənara çıxsın. Bu 30 ildə bir dəfə də muzeydən zəng edib, deməyiblər ki, qavalı muzeyə qoymaq istəyirsiniz? Bu vəziyyət orataya çıxandan sonra hamı maraqlanır. Bu vaxtdan sonra qavalı muzeyə niyə verək?..
- Qavalın xaricə satılmasına razısınız?
- Təbii ki, qavalın ölkəmdən kənara satılmasını istəməzdim. Hacıbaba Hüseynov balaca adam olmayıb, bu səhnədə can qoyub. Amma bu vaxta qədər Azərbaycandan qavalı almaq təklifi olmayıb. Biz də istəmirik ki, qaval İrana, Amerikaya getsin. Sabah İran iddia edə bilər ki, bu bizim öz tariximizdir.
Mən də buradan getmək istəyirəm. Uşaqla bağlı problemlərimiz var. Bacım Türkiyəyə köçüb. Muzeydə işləyirdi, oradan çıxandan sonra iş tapa bilmədi. Mən xanəndəliyi bitirmişəm. Babamın sənətinin yeganə davamçısı mən idim, mənə də imkan vermədilər...