"Demokratikmusavat.com" xəbər verir ki, hazırda ölkəmizdə ciddi müzakirə olunan mövzulardan biri də quru sərhədlərimizin bağlı saxlanılmasıdır.
Cəmiyyətdə ciddi müzakirələr getsə də, hökumət buna heç bir reaksiya vermir, hətta, sərhədlərin bağlı saxlanmasının səbəbini belə açıqlamır.
Qeyd edək ki, ölkənin quru sərhədləri pandemiya səbəbi ilə 15 mart 2020-ci ildə bağlanıb. Bir neçə ay əvvəl isə blokada vəziyyətində olduğu nəzərə alınaraq, Naxçıvanın İran və Türkiyə ilə quru sərhədləri açılsa da, 1 iyul tarixdən həmin sərhədlər də bağlandı.
İzahı verilmədən quru sərhədlərimizin bağlı saxlanılması ölkəmizə milyardlarla dollar vəsait itkisinə başa gəlir.
Quru sərhədlərin bağlı saxlanılmasına səbəb pandemiyadırsa, hazırda Gürcüstanda gündəlik yoluxma sayı orta hesabla 2500 nəfər təşkil etməsinə baxmayaraq ölkənin bütün quru sərhədləri açıqdır. Buna rəğmən, gündəlik yoluxma sayı ortalama 30 nəfəri keçməyən Azərbaycanda isə hökumət sərhədləri ən azı 1 sentyabra qədər bağlı saxlamaq barədə qərar qəbul edib.
Ölkədən müalicə, təhsil, biznes, səyahət və başqa məqsədlər üçün səfər etmək məcburiyyətində qalan vətəndaşlarımızın hər biri orta hesabla 800-1000 dollar civarında artıq pul xərcləmək zorunda qalır ki, bu da ən azı ölkədən xeyli miqdarda valyuta axınına səbəb olur.
Digər tərəfdən isə sözügedən qərar ölkənin çökmüş turizm sektorunun dirçəlməsinə də ciddi maine törədir. Belə ki, quru sərhədlərin açılması ölkəyə ən azı 2019-cu ildəki qədər turistin səfər etməsinə şərait yarada bilərdi.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana 3,17 milyon nəfər xarici turist gəlmişdi. Bu qədər turistin hər birinin Azərbaycanda min dollar vəsait xərclənməsi ölkəyə 3 milyard dollar valyutanın cəlb edilməsi deməkdir.
Hansı ki, bu ilin birinci yarısında DNF təxminən elə bu qədər - 2,7 milyard dollar valyuta satıb. Əgər quru sərhədlərimiz açıq olsaydı, DNF-yə bu vəsaitin 10 faizi həcmində dollar satmaq kifayət edərdi.
Turizm sektorunun itkiləri barədə təsəvvür yaratmaq üçün qonşü Gürcüstanın analoji göstəricilərinə nəzər salaq.
Bu ilin iyun ayında Gürcüstana 445 894 (yarım milyona yaxın) beynəlxalq səyahətçi səfər edib. Bu isə 2021-ci ilin eyni ayı ilə müqayisədə 185,5% artım təşkil edir. Məhz bu səbəbdən də son bir ayda gürcü larısı dollar, avro, lirə, manat və rubl qarşısında dəyər qazanmağa, bahalaşmağa başlayıb. Beynəlxalq ekspertlərin fikrincə proses sentyabrın ayına qədər davam edəcək.
Azərbaycan manatı hökumət tərəfindən tənzimlənən, sabit valyuta olsa da, sərhədlərimiz açıq olsaydı, manatın sabit saxlanmasına xərclədiyimiz - DNF-nin hər ay satışa çıxardığı dolların həcmi indikindən qat-qat az olardı.
Akif Nəsirli