Mövlam Şıxəliyevin “sağ əli”ndən Rüstəm Usubova ifşaedici suallar - Dindirmə protokolu

 

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, MTN-in keçmiş əməkdaşları - Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Demokratikmusavat.com  Yeni müsavat-a istinadən araşdırmanı təqdim edir. Cinayət işi üzrə 36 zərərçəkən şəxs və 20 milyon manatdan artıq zərər var. Son məhkəmə proseslərindən birində iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərov uzun illər baş prokurorun 1-ci müavini olmuş Rüstəm Usubovun şahid qismində dindirilməsini tələb edib. Sahib Ələkbərov vaxtilə Rüstəm Usubovun Hacı Məmmədovun cinayətkar bandası barədə məlumat vermiş Rəna Nəsibovanın qətli ilə bağlı dindirildiyini qabardıb.

Rəna Nəsibova haqda istintaq üçün olduqca qiymətli məlumatlar

Rüstəm Usubovun dindirmə protokolunu əldə etmişik. Protokoldan belə aydın olur ki, 2003-cü ilin avqustunda o zaman "Knauf" şirkətinin meneceri olan Rəna Nəsibova öz şəxsi təşəbbüsü ilə Baş Prokurorluğa gəlib və Azərbaycanda sifarişli qətllər və adam oğurluqları ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə barədə məxfi məlumat vermək arzusunu ifadə edib. Həmin zaman Rəna Nəsibovanı Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov dindirib. Rəna Nəsibova Baş Prokurorluğun kriminalisti, Azərbaycanın ilk hərbi prokuroru olmuş Rövşən Əliyevin killer tərəfindən öldürülməsi, iş adamlarının oğurlanmasını gerçəkləşdirən banda başçısı Hacı Məmmədov və banda üzvləri - Abdulvahabov qardaşları barədə istintaq üçün olduqca qiymətli məlumatlar verib.

Rəna Nəsibova Rüstəm Usubova "Məni öldürəcəklər" deyibmiş!

Rüstəm Usubov həmin məlumatları rəsmiləşdirib, 3 səhifədən ibarət arayış yazıb və işini bitmiş hesab edib. Rəna Nəsibova məxfi məlumatları Rüstəm Usubova verəndən 10 ay sonra, 2004-cü ildə işlədiyi "Knauf" firmasının ofisində meyiti aşkar olunub. Hadisə yerinə ilk gələnlərdən biri də məhz Rüstəm Usubov olub. O zaman Rəna Nəsibovanın ölümü həddindən artıq narkotik qəbul edilməsi səbəbindən boyun üzvlərinin iflici nəticəsində əmələ gələn boğulma və ölüm faktı kimi rəsmiləşdirilib. Baxmayaraq ki, istintaqçılar hadisə yerinə çatanda ofisdə bir şəxs olub və həmin şəxs qapını içəridən bağlayaraq onları içəri buraxmaq istəməyib. Sonra isə həmin şəxs qapını açaraq istintaqçıların burnunun altından qaçıb. Bununla belə, 1-ci dərəcəli müşavir  Rüstəm Usubov Rəna Nəsibovanın ölümündə kriminal izlər aşkar etməyib...

Hacı Məmmədov ifşa olundu və Rəna Nəsibovanın verdiyi məxfi məlumatlar yada düşdü

1 il sonra, 2005-ci ilin martında Hacı Məmmədovun bandası ifşa olunub, 2 ay sonra Rəna Nəsibovanın Hacı Məmmədovun barəsində 2 il əvvəl verdiyi məxfi məlumatlar, Rəna Nəsibovanın ölümü yada düşüb. Həmin dindirmə protokoluna görə, Rüstəm Usubov 12 may 2005-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İstintaq İdarəsində, o zaman İdarənin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Sahib Ələkbərov tərəfindən, 404/87958 saylı cinayət işinin istintaqı ilə əlaqədar olaraq MTN-in 615-ci xidməti otağında dindirilib.

Dindirmə protokolunda şahid qismində dindirilən Rüstəm Usubovun anket məlumatları yer alır:

- 1954-cü il oktyabr ayının 4-də Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, sözlərindən məhkum olunmamış, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri. Bakı şəhəri. Binəqədi rayonu, Naxçıvanı küçəsi ev 24, mənzil 64-də qeydiyyatda olub, faktiki olaraq həmin ünvanda yaşayan Usubov Rüstəm Sabir oğlunu şahid qismində dindirdim.

Dindirmə başlandı: saat 11-10 dəqiqədə

Qurtardı: saat 14-50 dəqiqədə.

Dindirmə başlamazdan əvvəl şahid Rüstəm Usubova hüquqları izah olunub və işə dair ona məlum olan hallar barədə ifadə vermək təklif olunub.

Şahid göstərib:

Rəna Nəsibovanın göstərdiyi Abdulvahabov qardaşlarının və Hacı Məmmədovun ifşa olunması...

Eyni zamanda prokurorluğun rəhbərliyinin tapşırığına əsasən, mən və baş prokurorun birinci müavini cənab Ramiz Rzayev 2 həftədən bir, 10-15 gündən bir MTN-də və yaxud Baş Prokurorluqda bu məsələ ilə bağlı görüşlər və söhbətlər keçirmişik. Rəna Nəsibovanın göstərdiyi Abdulvahabov qardaşlarının və Hacı Məmmədovun ifşa olunması və onlar tərəfindən planlaşdırılan və ya törədilmiş cinayət işlərinin aşkara çıxarılması müəyyən edilsin. Bildiyimə görə, Abdulvahabovlar və Hacı Məmmədovun yaşadıqları mənzillər müəyyən edilmiş, MTN əməkdaşları tərəfindən müxtəlif əməliyyat tədbirləri həyata keçirilmişdir. Hesab edirəm ki, MTN əməkdaşları tərəfindən keçirilmiş bütün əməliyyat tədbirləri məxfi saxlanılan əməliyyat-axtarış işlərində öz əksini tapmışdır.

"Rövşən Əliyevin qətli ilə bağlı istintaq işi üzrə müəyyən edilmişdi ki..."

Ona görə də yaxşı olardı ki, istintaqçılar həmin əməliyyat-axtarış işi ilə yaxından tanış olsunlar. Bildiyimə görə, Hacı Məmmədovun Keşlə qəsəbəsində evinin olması da əməliyyat yolu ilə müəyyən edilmişdi. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Rövşən Əliyevin qətli ilə bağlı istintaq işi üzrə müəyyən edilmişdir ki, qətldən 2 gün əvvəl Rövşən Əliyev yaxın əlaqədə olduğu Lyudmila adlı qadınla Qusar rayonun "Qarabulaq" istirahət mərkəzində dostu Hacı Məmmədovun qonağı olublar. İş materiallarından görünür ki, Rövşən Əliyev orada Lyudmila ilə mübahisə etmiş və hansısa bir şəxsi görərkən gizlənib ki, onun Rövşəni görməsini istəməmişdir. Təbii ki, bu məlumatla Hacı Məmmədov da istintaqın maraq dairəsinə düşüb və onun ətrafında istintaq tədbirləri keçirilib. Lakin təəssüflər olsun ki, həmin işin istintaqı zamanı Hacı Məmmədovun törətmiş olduğu cinayətlər aşkara çıxarıla bilməmişdir. Hacı Məmmədov ifadələrində özünü Rövşən Əliyevin yaxın ailəvi dostu kimi qələmə verib və hələ Rövşən Əliyevi tərəfimdən uzun müddət tanıdığım üçün o, mənimlə söhbətlər zamanı Hacı Məmmədovu həmişə yaxın dostu kimi qeyd edirdi. İfadəsində Hacı Məmmədov dostu Rövşən Əliyevlə yaxın ailəvi dost olduğunu, onun hüzründə yaxından iştirak etdiyini və ailənin yaxını kimi Rövşənin övladlarına daimi qayğıkeşlik göstərəcəyini vəd edirdi. Həmin işin istintaqı zamanı da əməliyyat tədbirləri keçirilmiş, lakin həmin cinayətlərin törədilməsində Hacı Məmmədovun iştirakı barədə başqa məlumatlar əldə edilməmişdir. Hesab edirəm ki, hazırkı iş üzrə Rövşən Əliyevin qətlə yetirilməsi üzrə başlanmış 80047 saylı cinayət işi üzrə DİN-dəki əməliyyat işinə də baxış keçirilməsi zəruridir.

Rüstəm Usubov Rəna Nəsibovanın ölüm xəbərini eşidib və sarsıntı keçirib!

Dəqiq tarix yadımda deyil, təxminən 2004-cü ilin iyun ayında mənə məlumat daxil oldu ki, Yasamal rayonunda "Knauf" firmasının ofisində Nəsibova Rəna adlı şəxsin meyiti tapılmışdı. Təbii ki, mən bu məlumatdan çox sarsıntı keçirdim və dərhal bu məlumat barədə Respublika Baş Prokurorluğunun rəhbərliyinə məlumat verdim. Rəhbərlik tərəfindən həmin hadisənin çox ciddi araşdırılması tapşırıldı. Eyni zamanda rəhbərliyin bu tapşırığını mən Yasamal rayon prokuroru cənab Şirxan Adıgözəlova şəxsən özüm çatdırmışdım. Eyni zamanda bu məsələ ilə əlaqədar Bakı Şəhər Prokurorlgunun istintaqla bağlı rəhbərliyinə də prokurorluğun rəhbərliyinin tapşırığını çatdırmışdım.

Rüstəm Usubov Rəna Nəsibovanın  narkotik qəbulundan öldüyünü deyir və etiraf edir ki...

Yoxlamanın gedişatı tərəfimizdən ciddi nəzarətə götürülmüşdü. Tərəfimdən Respublika Məhkəmə Tibb Ekspertizasının rəhbəri Şakir müəllimə də bu hadisə ilə bağlı narahatlığımı bildirmişdim və tapşırmışdım ki, araşdırma ekspertlər tərəfindən çox ciddi və dəqiq aparılmalıdır. Bildiyimə görə, hadisə yerinə rayon prokurorluğunun əməkdaşları, ekspertlər və DİN əməkdaşları getmişdilər. Gündəlik tərəfimdən rayon prokuroru ilə əlaqə saxlanılmış və yoxlamanın gedişatı barədə mənə məlumat verilmişdir. Təbii ki, bu məlumatla əlaqədar MTN-dən Eldar Əzizovun və Tofiq Babayevin də məlumatı vardı. Hadisə yerində peşəkar məhkəmə tibbi ekspertləri olmuş və bir müddətdən sonra mənə məruzə edilmişdi ki, material üzrə ekspertlərin rəyi daxil olmuşdur və Nəsibova Rənanın ölümünə səbəb narkotik maddələrin artıq miqdarda qəbulu ilə bağlı olmuşdur. Bundan sonra mən dəfələrlə rayon prokurorluğuna və şəhər prokurorluğuna, habelə məhkəmə tibb ekspertlərinə şifahi göstərişlər vermişəm ki, bu materialın və ekspertizanın araşdırılması çox dəqiq aparılmalıdır. Məhkəmə tibbi ekspertizasının rəyini mən rəhbərliyə məruzə eləmişəm və hər dəfə Respublika Prokurorluğunun rəhbərliyi bu hadisə ilə bağlı öz narahatlığını bildirmiş və yoxlamanın obyektiv aparılmasını mənə tapşırmışdır. Təbii ki, mənim də tərəfimdən şəhər və rayon prokurorluqlarına şifahi göstərişlər verilmişdir. Məhkəmə tibb ekspertizasının rəyi müstəntiq tərəfindən əsas götürülərək material üzrə cinayət işinin başlanılması rədd edilib və bu rəy mövcud olduğu üçün digər qərar qəbul etmək qeyri-mümkün idi.

Rəna Nəsibova Rüstəm Usubova öldürüləcəyini deyib və 10 ay sonra öldürülüb!!!

Sual:

- Siz Rəna Nəsibovanın meyitinin aşkar edilməsi barədə məlumat aldıqdan sonra onun Hacı Məmmədov və milliyyətcə çeçen olan Abdulvahabov qardaşlarının cinayətkar fəaliyyətləri haqqında hüquq-mühafizə orqanlarına məlumat verməsi və bu səbəbdən qətlə yetirilə bilməsi haqqında Yasamal Rayon Prokurorlğunun əməkdaşlarından hər hansı birinə məlumat vermisinizmi?

Müsbət halda bu haqda kimə, nə vaxt və hansı məlumatı vermisiniz?

Rüstəm Usubovun cavabı:

- Yuxarıda qeyd etdiyim kimi, Rəna Nəsibovanın meyiti aşkar edildikdən sonra həm Respublika Prokurorluğunun rəhbərliyinə, MTN əməkdaşları Eldar Əzizova və nazir müavini Tofiq Babayevə məlumat verilmişdi. Təbii ki, MTN yuxarıda göstərilən əməliyyat tədbirlərinin davamı kimi Rəna Nəsibovanın ölümü ilə əlaqədar çeçen milliyyətindən olan şəxslərin də onun ölümünə aidiyyətinin olub-olmamasını araşdırmalıydılar. Çeçenlərlə bağlı tədbirlər məxfi aparıldığı üçün təbii ki, o məlumat rayon prokurorluğuna verilə bilməzdi. Lakin peşəkar ekspertələrin vermiş olduğu rəydə birmənalı göstərilmişdi ki, Rəna Nəsibovanın ölümü artıq dərəcədə narkotik vasitə qəbulundan tənəffüs yollarının iflici nəticəsində tənəffüs çatışmazlığı olmuşdur. Ona görə də müstəntiq tərəfindən başqa versiyalar araşdırılmamışdı və araşdırıla bilməzdi.

Sahib Ələkbərovun sualı:

- Siz Rəna Nəsibovanın işlədiyi firmanın ofisində meyitinin aşkar edilməsi ilə əlaqədar Yasamal Rayon Prokurorluğunun müstəntiqi tərəfindən aparılan yoxlama materiallarını şəxsən oxumusunuzmu?

Rüstəm Usubovun cavabı:

- Həmin materialları şəxsən özüm oxumamışam, lakin həmin materiallar üzrə görülmüş tədbirlər haqqında mənə rayon prokuroru, şəhər prokurorluğunun müvafiq idarəsinin prokuroru və Baş Prokurorluğun idarə prokuroru məruzə edib və ölümün səbəbini yuxarıdakı ekspert rəyində olan nəticəni göstərib.

Sual:

- Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi kimi sizin prokurorluq orqanları müstəntiqlərinin qərarlarını ləğv etmək səlahiyyətiniz varmı?

Cavab:

- Qeyd edim ki, şəhər rayonlarının prokurorluqlarının müstəntiqləri tərəfindən qəbul edilmiş hər hansı bir qərarın əsaslılığı və qanuna uyğun olması ilk növbədə Bakı Şəhər Prokurorluğunda müvafiq idarələr tərəfindən yoxlanılır. Əgər həmin qərarlar onlar tərəfindən əsaslı və yaxud əsassız hesab edilərsə, qərarlar ləğv edilir və yaxud rəy yazılır. Yalnız bundan sonra Respublika Baş Prokurorluğunun rəhbərlik etdiyim idarəsi həmin qərarların əsaslılığı barədə fikir irəli sürə bilər. Həmin material üzrə təbii ki, Respublika Prokurorluğu qərar qəbul etməmişdir. Ona görə ki, əgər burada bir qanunsuzluq aşkar olunsaydı, Bakı Şəhər Prokurorluğunun nəzarət edici idarəsi və rəhbərliyi tərəfindən hansısa bir qərar qəbul edilərdi.

Sual:

- İstintaq materiallarından görünür ki, Rəna Nəsibovanın meyitinin işlədiyi firmanın ofisində aşkar edilməsi barədə yoxlama aparılarkən Yasamal rayon prokuroru cənab Şirxan Adıgözəlovun imzası ilə 6 iyul 2004-cü il tarixdə sizin ünvanınıza arayış göndərilib. Həmin arayışdan görünür ki, Rəna Nəsibova ölməzdən əvvəl onun yanında Nuriyev Novruz Cavad oğlu adında şəxs olmuş, həmin şəxs ofisin qapısını içəridən bağlayaraq ofisin qapısını açmamış, sonradan isə ofisdən çıxaraq qaçıb. İfadənizdən də görünür ki, Rəna Nəsibova hələ 2003-cü ildə cinayətkar dəstənin üzvləri tərəfindən öldürülə biləcəyindən ehtiyat edirmiş. Belə olan halda siz Rəna Nəsibovanın öldürülə biləcəyi ehtimalının araşdırılması üçün rayon prokurorluğuna tövsiyələrinizi verməməyinizin səbəbini necə izah edə bilərsiniz?

Cavab:

- Yenə də bildirirəm ki, mənə rayon prokuroru və şəhər prokurorluğu tərəfindən məruzə edilmişdi ki, Rəna Nəsibova uzun illərdir ki, narkotik maddələr qəbul edib, onun narkotik maddəni qəbul etməsini hətta qardaşı da təsdiq etmişdi. Eyni zamanda da ekspertizanın rəyindən bilavasitə görünür ki, Rəna Nəsibovanın ölümünə səbəb narkotik maddənin artıq qəbul edilməsidir. Bu xüsusatı MTN əməkdaşları da bilirdilər, mən hesab edirəm ki, onlar da Rəna Nəsibovanın ölümünün səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparırdılar.

Sual:

- Siz Rəna Nəsibovanın meyitinin iş yerində aşkar edilməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunun müstəntiqinin ekspert rəyinə əsaslanaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxardığını göstərirsiniz. Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə müvafiq olaraq ekspertin rəyi müstəntiq və prokuror üçün əsas ola bilməz və digər sübutlarla yanaşı obyektiv və hərtərəfli araşdırılmalıdır. Bu barədə nə göstərə bilərsiniz?

Cavab:

- Rəna Nəsibovanın meyitinin aşkar edilməsi faktı üzrə məhkəmə tibbi ekspertləri tərəfindən verilmiş rəydə birmənalı olaraq onun ölümünə səbəb olmuş xəsarətlər olması haqqında müddəa olmadığından, onun ölümünə səbəb ancaq artıq dozada narkotik vasitə qəbul etməsi olduğu göstərildiyindən müstəntiq həmin rəyi əsas götürüb. Ona görə də Bakı Şəhər Prokurorluğunun müvafiq qurumları da müstəntiqin həmin qərarını əsaslı hesab eləyib və ləğv etməyiblər. Bundan başqa, göstərmək istəyirəm ki, bildiyimə görə, 2004-cü ildə hətta Respublika Prokurorluğunun yoxlama qrupu Şirxan Adıgözəlovun Yasamal rayon prokuroru vəzifəsində olmasının konstitusion müddətinin başa çatması ilə əlaqədar həmin prokurorluqda yoxlama aparıb, həmin yoxlama qrupu da müstəntiq tərəfindən Rəna Nəsibovanın meyitinin aşkar edilməsi faktı üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla yəqin ki, tanış olub və onun ləğv edilməsinə əsas tapmayıb.

Sual:

- Hacı Məmmədov və Abdulvahabov qardaşlarının iş adamı Yuri İliyevi oğurlamağı planlaşdırması haqqında məlumatın prokurorluğa hansı mənbədən daxil olması, bu mənbənin nə dərəcədə etibarlı olması haqqında sizdən DİN-in rəhbər işçilərindən hər hansı biri məlumat alıbmı, müsbət halda belə məlumatı nə vaxt və kimlərə vermisiniz?

Cavab:

- Bu haqda DİN əməkdaşlarından heç kimə məlumat verməmişəm və belə bir hal yadıma gəlmir.

Rüstəm Usubovun dindirilməsi burada yekunlaşır.

Dindirmə zamanı şahid Rüstəm Usubov Rəna Nəsibovanı 2003-cü ilin avqustunda dinləyəndən sonra hazırladığı 3 vərəqdən ibarət arayışın kserosurətini də müstəntiq Sahib Ələkbərova təqdim edib. Həmin arayış  Rüstəm Usubov tərəfindən Rəna Nəsibovanın verdiyi məlumatlara əsasən tərtib olunub və Hacı Məmmədov, Abdulvahabov qardaşlarının cinayətkar fəaliyyəti barədədir. Dindirmə protokolundan belə aydın olur ki, 28 fevral 2005-ci il tarixdə Rüstəm Usubov tərəfindən tərtib edilmiş arayış o zaman Respublika Baş Prokurorluğunun rəhbərliyi tərəfindən MTN-in rəhbərliyinə də göndərilib.

0.15215182304382