Məleykə Abbaszadə: "Azərbaycanda ali təhsilli işsizlər ordusu yaranıb"

 
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər. Buna səbəb isə ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmamasıdır. Rubrika.az-ın məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, əmək bazarında ixtisaslı kadrların formalaşması üçün universitetlərdə tədris proqramları standartlara cavab verməlidir:

“Ümumiyyətlə, ali və ümumtəhsil müəssisələrində dərslərin tədrisi ilə bağlı problem mövcuddur. Eyni zamanda, dərs proqramlarında müəyyən çatışmazlıqlar var. Xüsusi universitetlər istisna olmaqla, digər təhsil ocaqlarında verilən tədrisin keyfiyyəti olduqca aşağıdır. Belə olan halda, həmin universitetlərdə təhsil alan tələbələrin əmək bazarında ixtisaslı kadr kimi formalaşması mümkün olmur. Təəssüf ki, ali təhsil müəssisələrində ancaq nəzəri biliklər öyrədilir və təcrübə bilikləri yalnız son kursda 2-3 aylıq bir vaxtda təşkil edilir. Bu, tələbənin ümumi ixtisaslı kadr kimi formalaşması üçün yetərli deyil. Finlandiya, Koreya, Yaponiya və Avropanın bəzi ölkələrində tələbələrin təcrübə keçməsi üçün kifayət qədər zaman ayrılır. Təcrübə prosesi çərçivəsində bir və ya iki illik müddət təmin edilir. Bu, tələbənin əldə etdiyi nəzəri biliyi praktiki təcrübə baxımından tətbiq etməyə imkan yaradır. Bu isə ixtisaslı kadrların daha çox olmasına səbəb olur. Azərbaycanda bu proses tətbiq olunmur.

Digər tərəfdən, ölkəmizdə tələbələr ixtisaslarını öncədən proqnozlaşdıra bilmirlər. Yəni tələbələr hansı sənətə sahib olmaq istədiklərini bilmirlər. Bununla bağlı maarrifləndirmə işlərinin aparılmaması təəssüf doğurur. Tələbələr, demək olar ki, yalnız qəbul olacaqları ərəfədə müvafiq ixtisaslar barədə məlumata sahib olurlar. Tələbələr sadəcə universitetə qəbul olmaq istəyi yaşayırlar və bu düşüncə gələcəkdə əmək bazarında ixtisaslı kadrların formalaşmasına mane olur. Azərbaycanda ali təhsilli işsizlər ordusu yaranıb. Ona görə də əksəriyyəti məcburi xarici ölkələrə üz tuturlar və ya tamamilə fərqli sahələrdə çalışırlar. Sistem elə qurulmalıdır ki, hər il universitet bitirən şəxslərin ən azı 50 faizi öz ixtisası üzrə işləyə bilsin”.
0.15761804580688