Polşalı inşaatçılar Belarusla sərhəddə tikilən səddin 140 kilometrlik hissəsində işləri artıq başa çatdırıblar.
Demokratikmusavat.com -ın məlumatına görə, yaxın günlərdə səddin üzərində elektron avadanlıqların, o cümlədən müşahidə kameralarının quraşdırılmasına başlanılacaq.
Polşa tərəfi Belarusla sərhəd boyu səddin çəkilməsinə yanvarın 25-dən start verilib. Tikintiyə üç növbədə çalışan üç min inşaatçı cəlb olunub. Hündürlüyü 5,5 metr olan hasarın ümumi uzunluğu 187 kilometr təşkil edəcək. Texniki təchizatla birgə layihənin dəyəri 1,6 milyard zlotıdır (təxminən 400 milyon dollar). Tikinti işlərinin bu il iyunun 30-dək başa çatacağı gözlənilir.
Polşa və Baltikyanı ölkələr Belarus və Rusiyanı süni miqrasiya axınından istifadə edərək hibrid təcavüzdə ittiham edirlər. 2021-ci ildə Belarus-Polşa sərhədini keçməyə 41 mindən çox cəhd göstərilib.