Yunanıstanın addımı gərginlik yaratdı – İran hədələdi

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbu orqanı ölkənin neft ixracı əngəllənəcəyi təqdirdə neftin regiondan tranzitinə icazə verilməyəcəyini yazıb.

Demokratikmusavat.com xəbər verir ki, “Cavan” qəzetində dərc olunan məqalədə İrana edilən beynəlxalq təzyiqlərə diqqət çəkilib.

Yunanıstanın ABŞ-ın tələbi ilə İran nefti daşıyan tankeri saxlayaraq müsadirə etdikdən sonra İranın da iki yunan tankerini saxladığına diqqət çəkilən yazıda bu ifadələrə yer verilib:

“İndi təkəbbürlü qüvvələr təhdid dili ilə danışır və onlar hesab edirlər ki, Tehranda hələ də təhdid olunmaqdan qorxan insanlar var. Düşmənə aydın şəkildə çatdırmaq lazımdır ki, vur-qaç dövrü başa çatıb və istənilən təcavüzə cavab veriləcək və lazımi şəkildə cəzalandırılacaq”.

Məqalədə İrana qarşı təzyiqlərin davam edəcəyi təqdirdə bölgədən neft tranzitinə icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edilib: “Əgər biz neft sata bilməsək, siz də bölgədən neft ala bilməyəcəksiniz”. 

Yunanıstan mayın 25-də ABŞ-ın tələbi ilə İran neftini daşıyan “Lana” adlı tankeri saxlayıb və məhkəmənin qərarı ilə nefti müsadirə edib.

Afinanın məlum addımından sonra İran Yunanıstanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb və nota verib.

SEPAH həmçinin mayın 25-də Bəsrə körfəzində Yunanıstanın “Prudent Warrior” və “Delta Poseidon” adlı iki neft tankerini saxlayıb və tankerlərdəki təxminən 1.8 milyon barel nefti müsadirə edib. Bundan sonra iyunun 8-də Yunanıstan məhkəməsinin “Lana” tankerindəki neftlə bağlı müsadirə qərarını ləğv etdiyi bildirilib.

Teleqraf.com

0.16902589797974