Qiymət artımı yüksək rifahın göstəricisidir
Millət, sizi bilmirəm, mən bütün günü televizorun qarşısında oturub möhtərəm və möhtəşəm məmurlarımızın və deputatlarımızın çıxışlarını gözləyirəm. Ayə, onlar sadəcə danışmırlar ey, ağızlarından dürri-ləl tökülür. Bu çıxışları dinlədikcə, bu məmləkətdə yaşamaq şansına malik olduğum üçün Allahıma min şükürlər edirəm.
Belə də olmalıdır da qardaş, hansı məmura, deputata baxırsan, yanağından piy, gözündən od tökülür, anlayırsan ki, dünyanın ən bəxtəvər adamıdır. Millət ac da qalar, evsiz də qalar, amma dözər. Millətin təmsilçisi isə düşmən çəpəridir, ona görə də millət onların qayğısına qalmalıdır.
Görürsən ki, hamısı savadlı, bilikli, danışanda (bölgələrimizin sosial vəziyyətindən xəbəri olmasa da olar) Amerika, Yaponiya, Almaniya və başqa türlü dövlətlərlə elə müqayisələr aparır ki, ağzın açıq qalır. Zalım uşaqları, elə bil illərlə orada yaşayıblar. Pensiyaçılar orada nə qədər avro, dollar və s. alır, nə qədər xərcləyir elə danışırlar ki, onların pensiyaçıları, bizim pensiyaçılara həsəd aparırlar. Niyə də aparmasınlar? Sən ayda 10 min, 15 min avro, yaxud dollar pensiya alan Conu, Markı necə başa sala bilərsən ki, Azərbaycanda qiymətlər nə qədər Avropa standartlarına uyğunlaşdırılsa da, pensiyaçıları elə azərbaycansayağı 200 avro, 300 dollar pensiya ilə "yağ içində böyrək" kimi yaşayırlar. Başa sala bilməzsən, amma məmurlarımız, deputatlarımız bunu elə gözəl bacarırlar ki, hətta yevroparlament üzvləri də onları ayaqüstə alqışlayır. Çünki bizim yüksək savadlı, bir neçə dil bilən deputatlarımız, məmurlarımız xalqın dilini bilməsələr də, əcnəbilərin dilini çox gözəl bilirlər.
Bu səbəbdən də dünyanın harasında geydirmə (yəni onların bəyənmədiyi, saxta) nə varsa daşıyıb gətirirlər məmləkətimizə ki, bizim vətəndaşlarımız heç nədən korluq çəkməsinlər. Kərə yağının kilosu 5 manata, kişmiş 6 manata, paltarlar kilo ilə 10-15 manat verirsən 2 kr. paltar alırsan 10 il bəsindir, geyin kef elə. Amma nə Con, nə Mark inanın ki, heç zaman bu kimi paltarları geyməzlər, desəm ki, Bakıda kərə yağını 5 manata satırlar bağırları çatlayar. Bu kimin xidmətidir? Məmurlarımızın, deputatlarımızın. Nə olsun ki, pensiyalar azdır, müavinatlar azdır, amma qiymətlərə baxın, sosislərin kilosu marketlərdə 3-4 manat, Con, Mark isə bir kilo sosis üçün ən azından 15-20 avro xərcləməlidir. Toplayanda, vuranda, çıxanda görürsən ki, bizim pensiyaçılar Avropa, Amerika pensiyaçılarından daha yüksək səviyyədə yaşayırlar.
Bunun müqabilində xalq nə edir, orda-burda ağızlarına gələni danışırlar ki, oliqarx məmur və deputatlar xalqı dövləti soyur, talayır və s.
A millət, bir anlayın da alman, ingilis, çinli deyil ki səni talayan, özününküdür, onlar da xaricdən söküb, talayıb səninçün gətirirlər də, o, ucuz şeyləri. Başqa nə cür eləsinlər ki, öz maaşına, gəlirinə alıb gətirməyəcək ki, gətirsə belə, maaşına aldığı kimə çatacaq, ölkədə narazılıq, hətta tuman-köynək üsyanı belə baş verə bilər.
Sovet dövrünü xatırlayın. İstəyirsiniz indi də ət, yağ talonla olsun?
Qısası millət, məmurlara bu qədər irad tutmaq olmaz, bir də gördün taladığını toparladı birdəfəlik tərk etdi bu məmləkəti getdi, onda necə olsun? Onları həmin vəzifəyə qoyublar ki, xalqa xidmət etsinlər, onlar da bacardıqlarını edirlər də.
Bəs, eşitməmisiniz deyiblər, "əvvəl evin içi, sonra çölü". Yəni ilk əvvəl özlərini, qohum-əqrabalarını təmin etsinlər, sonra növbə bizə də çatar. Görürsünüz ki, son illər çox böyük kadr islahatları aparılır. Qohum-əqrabasının sosial rifahını tam təmin edən məmurlar, yeniləri ilə əvəz olunur. Onlar da öz qohum -əqabalarını tam təmin etdikdən sonra bir başqaları gələcək. Beləliklə, yaxın 50-100 ildə hamımızın sosial rifahı ən yüksək səviyyədə təmin olunacaq. 30 il nə müddətdir ki, siz bu qədər tələsirsiniz?
Əlqərəz, məmurların dilindən dürr, deputatların dilindən ləl tökülür, bu məmləkətdə.
Bu yaxınlarda ölkəmizin pul kralı (maliyyə naziri) da dilə gəldi və bəyan etdi ki, insanlar nə üçün qiymət artımından bu qədər narahat olurlar? Dünyanın hər yerində qiymət artımı müşahidə olunur, biz də dünyanın kiçik bir parçası olaraq bu prosesdən kənarda qala bidmərik. Amma pul kralı həzrətləri bir məsələdə bir qədər "o məsələ" (qatıqlayıb), gərək bizi bir kimsəylə müqayisə etməyəydi. O isə bizi Avropa ilə müqayisə edərək işləri korlayıb. Ola bilər ki, xalqımızın Avropadan, Amerikadan, lap belə qonşumuz İrandan xəbəri olmasın və sözü keçsin. Amma belə deyil axı, aramızda səbah onun yerini tutmaq istəyənlər var, "qatıqladığı" andaca, onu ifşa edərlər ki, prosesi tezləşdirsinlər, yəni "bu da artıq yetişib getməlidir..."
Pul kralının əsas səhvi də bu oldu ki, bizi dünya ilə müqayisə etdi, olmaz qardaşım, olmaz, dünya hara, biz hara.
Belə şeylər danışırsan, siyasi səhvlər buraxırsan, yuxarıdakılar da düşünür ki, artıq bütün qohum-əqrabası da tam təmin olunub, getmək vaxtıdır.
Bu ərəfədə bir ekspert qardaşımız da topu düz doqquz-luğa vurdu ki, "Pul kralı düz deyir, amma doğru danışmır, almanı velosipedlə müqayisə edir". Yəni Avropada qaz baha olsa da, insanların yaşam səviyyəsi onu ödəməyə imkan verir.
Məsələn, Almaniyada imkansızlara ödənilən kasıblıq haqqı (bizim dildə desək istehlak səbəti haqqı) 1000 avroya yaxın, bizim pulla 2000 manata yaxındır. Bizdə isə kasıblığı görə ödənilən müavinat heç 200 manatı keçmir. Belə olduğu təqdirdə alman qaz üçün ayda 100 avro ödəsə də, Azərbaycan vətəndaşı onu ödəmək imkanında deyil. Bu, sadəcə bir misaldır. Əgər bütün sahələr üzrə araşdırmalar aparılarsa, görərik ki, Azərbaycan əhalisinin 80 faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Və heç şübhəsiz ki, mənim kimi televizor qarşısında oturub məmurların bişirdiyi "yalanpilov" yeməyə də imkanı yoxdur.
Və sonda hər birinizə bir sual Azərbaycanda yerli telekanallara baxan varmı görəsən?
Yəqin ki yox, çünki qəzet oxumayan millət televizora da baxmaz. Görəsən niyə?
Yusif Seyid