Mərkəzi Bank verdiyi lisenziyaları niyə geri alır? - SƏBƏBLƏR + FOTO

 

Son zamanlar tez-tez sığorta agentlərinin lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv olunması ilə bağlı elanlara rast gəlinir. Bu istər-istəməz vətəndaşlarda sual doğurur: Sığorta agentləri təzyiqə məruz qalır, yoxsa səhvlərə yol verirlər? Bəlkə tamam başqa səbəb var?

Bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən 133 sığorta agentinin lisenziyası 3 aylıq, 66 sığorta agentinin isə tam olaraq ləğv olunub, 34 nəfərin lisenziyası isə bərpa olunub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev "Report"a bildirib ki, hər bir ölkənin sığorta sistemində olduğu kimi, Azərbaycan sığorta bazarının da başlıca hərəkətverici qüvvəsi məhz sığorta agentləridir:

“Bütün ölkələrdə sığorta agentləri həmin ölkənin sığorta sisteminin inkişaf sürətinə uyğun şəkildə inkişaf edir. Çünki hər bir yeni dövr bazara yeni şərtlər, yeni ab-hava gətirir. O yeni şərtlərə uyğunlaşmaq isə sığorta agentləri də daxil olmaqla hər bir peşəkarın başlıca vəzifəsidir.

Məhz bütün bunları nəzərə alaraq, biz sığorta agentlərinin daimi inkişafında, yeni bazar şərtlərinə uyğunlaşmalarında maraqlıyıq. Bildiyiniz kimi, Assosiasiyamızın nəzdində ASA Tədris Mərkəzi fəaliyyət göstərir. Artıq ikinci ildir ki, sığorta sisteminin bütün peşə istiqamətləri üzrə, xüsusilə də sığorta agentləri üçün seminarlar, təlimlər, hazırlıq kursları təşkil olunmaqdadır. Bu təlimlər də yerli bazarda fəaliyyət göstərən sığorta agentlərinin bilik və bacarıqlarının artmasına bilavasitə təsir göstərir.

314704

Bununla yanaşı, bildiyiniz kimi, ASA Türkiyə Sığorta Birliyi ilə qarşılıqlı əməkdaşlıq qurub. Biz sığortanın bütün digər istiqamətləri ilə yanaşı, həm də sığorta agentləri ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsini də başlatmışıq”.

Sığorta üzrə ekspert İlkin İbrahimov baş verənləri belə izah edib:

“Sığorta agenti sığorta şirkətində vəzifə tutursa, agentlik lisenziyası ləğv olunmalıdır. Mərkəzi Bankın bununla bağlı qərarı var. Ötən ildən bu qərar tətbiq olunur. Şəxsə iki variantdan birini seçmək təklif olunur: ya sığorta agenti olmaq, ya da sığorta şirkətində vəzifə tutmaq. Mərkəzi Bankın yaydığı “agentlərin lisenziyaları dayandırıldı və ya bərpa edildi” elanları sözügedən məsələlərlə bağlıdır.

314703

Sığorta agenti Ləman Babayeva isə baş verənlərə başqa səbəbləri də göstərib:

“Bəzi adamlar lisenziyası ilə bağlı hesabat verməyi unudurlar. Belə ki, 3 aydan bir hesabat verilməlidir.

Son vaxtlar bir məsələ də ciddiləşdi ki, sığorta şirkətində vəzifə tutan agent kimi işləyə bilməz. Ona görə də, bəziləri öz təşəbbüsü ilə lisenziyalarının ləğvinə getdi ki, şirkətdə vəzifəyə yüksələ bilsinlər. Belə məsələ qanunvericilikdə var idi. Amma buna baxmayaraq, həm şirkətdə, həm də agent kimi işləyirdik. Lakin son zamanlar bu işə münasibət daha da ciddiləşdi.

Lisenziyaların ləğv edilməsinin daha bir səbəbi isə, aşağı mühərrik avtomobillərin komissiyalarının kəsilməsi, agentlərin də portfelinin 70 %-ni adətən aşağı mühərrikli avtomobillərin olmasıdır. Beləliklə, agentlərin qazancı azalıb. Ona görə də yığım həcmi az olan adamlara lisenziya ilə işləmək sərf etmir”.

L.Babayeva qeyd edib ki, hazırda sığorta agentidir:

“Əvvəl sığorta şirkətində də işləyirdim. Agentin üstünlüyü ondadır ki, bir az sərbəst olursan, istədiyin şirkətlə işləyirsən. Maliyyə baxımından da agent kimi işləmək sərfəlidir”.

0.1782820224762