Bir məsumun “günah”ı...

 

İllərlədir ölkəmizdə məsum insanların müxtəlif maddələrlə şərlənərək həbs olunduğunu kədər və hiddətlə izləməkdəyik.

Belə ki, “polisə müqavimət”, “narkotik maddələrin satışı”, “vətənə xəyanət” və “dövlət çevirilişinə cəhd” kimi maddələr “ümümmilli maddələr” statusunu da alıb.
Son aylar bu “ümümmilli maddələr”ə 147 və 148-ci maddələr də (şər, böhtan və təhqir) əlavə olunub, artıq VİP sədri Əli Əliyevə və İlham Aslanoğluna tətbiq də edilib. Hər iki ziyalını qanunların tələblərinə tüpürərək həbs ediblər.

28 May “Respublika Günü” (və ya Müstəqillik Günü – ad dəyişiminin səbəbi ayrı müzakirə mövzusudur!) münasibətilə imzalanan əfv sərəncamı nəticəsində bəzi siyasi/vicdan məhbusları azadlığa çıxdı. Vətəndaş cəmiyyəti bu günü əsl bayram kimi qeyd edirdi ki, Gəncə şəhərində Razi Alışovun “ümummili maddə” olan 234.2 maddəsi (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə həbs olunduğu xəbəri bomba kimi partladı.

Qısası, hakimiyyət bir günlük sevinci belə vətəndaş cəmiyyətinə çox gördü.
İndi gələk “məsum”luğa.  Cəmiyyətimizdə dindarların çox olduğunu və bəzilərinin mahiyyətdən daha çox sözlərdə ilişib qaldıqlarını nəzərə alaraq deməliyəm ki, bu “məsum”luq Peyğəmbərlərdəki “məsum”luqdan deyil, xüsusi bir ittihamla bağlı “məsum”luqdur. Günümüzə bax ki, əvvəlcə sözün özünü izah etməliyik...

Bəli, Razi bəyi şəxsən tanıyıram, qiyabi olaraq çoxdan əlaqəmiz olsa da, “Tərtər faciəsi”nin araşdırılması ilə əlaqədar bölgələrə səfərlər edərkən onunla Gəncə şəhərində görüşüb bir çay içmişik. Savadlı, əxlaqlı, əqidəli, vətənpərvər, inanclı və dindar, səmimi və saf bir insandır. Mən deyərdim ki, dövlətin sahibi xalq olsaydı, əsl idarəetmədə yer almalı olan gənclərdəndir!

Halbuki Gəncə şəhərinin idarəetməsini məscidə ayaqqabı ilə daxil olan, Allahı və İmam Hüseyni (ə) təhqir edən Elmar Vəliyevə həvalə etmişdilər. Razi bəyin məsumluğu qətiyyən heç kimdə şübhə doğurmur, əksinə, hamı onun necə əqidəli mübariz, savadlı və əxlaqlı bir gənc olduğunun yəqininə çatdı.

Yaxşı, bəs məsum olan Razi bəyin günahı nə idi? “Niyə bizim qonşumuz olan Ramizi yox, məhz onu həbs etdilər?” deyə ortaya şübhə atan kəmsavadlara da cavab vermək zəruridir. Sizin qonşunuz Ramizin Razi bəy qədər cəsarəti yoxdur ki, zülmə qarşı mübarizə aparsın, kimə lazımdır sənin Ramizin?? Bəli, Razi bəyin həmişəki kimi aktiv mübarizəsinə bir çoxlarımız şahidik!

“Nə edirdi ki, status yazmaqdan başqa əlindən nə iş gəlirdi ki?!” deyən gerizəkalılara da cavab verək: “Buyur, belə asandırsa, onda sən də yaz və heç olmazsa sosial şəbəkələrdə mübarizə apar!”. Əslində Razi bəy Gəncə şəhərində insanların zülmü tanıması istiqamətində çox böyük rolu olub, bir çox insana nümunə ola biləcək örnək olub.

Elə məhz ona görə də onu şərləyərək həbs etmək lazım idi. “Niyə şərləsinlər ki?!” deyən inadkarlara isə “Bəs bir məsumu başqa necə həbs edə bilərlər ki?!” deyə cavabımızda burada qalsın. Yaxşı, təkcə partiya daxili fəaliyyətinəmi görə həbs edilməli idi? Əlbəttə ki, xeyr! Razi bəy ölkəmizdə və cəmiyyətdə baş verən heç bir anormallığa biganə qalmırdı, gördüyü bütün problemləri işıqlandırır və müzakirəyə çıxarırdı.

İntihar edən qazilər, işsizlikdən əziyyət çəkən gənclik, ölkədə hökm sürən ağır sosial durum, ictimai/siyasi fəalların şərlənərək həbs olunması, ölkədə hüquq və qanun adına heç bir şeyin işləməməsi, məmurların vətəndaşları adam yerinə qoymaması... Razi bəyin işıqlandırdığı problemləri bir-bir saysaq, sizin oxumağınız üçün saatlarla vaxt lazım olacaq. Bəli, bu gün hər bir gənc Razi bəy kimi mübariz və cəsarətli olmalıdır! Başqa yol bilən varmı? Qorxaqlıq və zillət yolumu?

İki azyaşlı uşağın atasını bu cür iyrənc metodla şərləyib həbs etmək binamusluq və şərəfsizlikdir! Bu hakimiyyətin tərəfini saxlayanlar da bu mundar xislətlərdə ona şərikdir!

Allah bu zülmün faillərinə lənət, bu zülmə susanları isə hidayət etsin!

Abid Qafarov – “Bakı Birlik Təşkilatı”nın sədri

 

0.20751214027405