Mənim ANAM

 

Nadir Qocabəyli yazır:

Anam son dərəcə həyalı, utancaq, təvazökar, qürurlu bir qadındır. 74 yaşı var, hələ də məndən - öz doğma oğlundan çəkinir, utanır, abır-həya edir. Dünya qədər ehtiyacı ola, heç kəsə ağız açmaz, nə mənə, nə də qızlarına. 5-6 il qabaq vəziyyəti ağırlaşmışdı, getdim gördüm, arvad ölür. Mən ölümün nəfəsini duyan insanı baxışlarından tanıyıram, bunu həyatda bir neçə dəfə müşahidə etmişəm. Anam da mənə eynilə o cür baxdı. Amma ağzını açıb bircə dəfə demədi ki, oğlum, ölürəm, mənə kömək elə. O bunu heç kəsə deməz. Onu maşına qoyub həkimə apardım, cüzi bir müalicə ilə sağaldı. Sən demə, arvadı səhv diaqnoz və səhv müalicə o günə qoyubmuş...

Nə isə, sözüm bunda deyil. Anamın bu xarakteri mənə də güclü təsir edib. Dilli, üzlü, kişilərlə qaşıq döyüşdürən, həyasız, abırsız, hər işə qarışan, utanmaz qadın görəndə istər-istəməz diksinir və əsəbləşirəm. Çünki mənim üçün qadın etalonu, oriyentiri anamdır.

O atası, qardaşları ilə də eynilə mənim kimi pərdəli idi. Kürəkənləri, oğul nəvələri ilə də elədir. Bircə atamla araları açıq idi...

Dünən ona baş çəkdim. Bayramını təbrik etdim. Yoldaşım təklif etdi ki, birlikdə şəklimizi çəksin, dərhal razılaşdı. Anam həm də çox üzüyola arvaddır, heç vaxt heç kəsə problem yaratmaz. Gəlinə bir kəlmə söz deməz.

Bacım işlədiyi üçün onun azyaşlı uşağına baxır deyə, bir müddətdir onlarda qalır. Mən də ona təzyiq göstərmirəm, deyirəm, ürəyi harada istəyir, orada da qalsın.

Anamın bir mühüm xüsusiyyəti də var; həmişə zəifin yanındadır. 6 övladının hansı zəifləyirsə, onun harayına qaçır, onun yanında olur, ona kömək edir. Bu səbəbdən də hazırda içimizdə durumu ən zəif olan kiçik bacımın yanında qalır, onun uşağına baxır, onu qorumağa çalışır.

Anam şəhər qızıdır. Bakıda, Yasamalda böyüyüb, 27 saylı məktəbdə oxuyub. Ancaq babam onu tez, 18 yaşında ərə verib, özü də rayona. Bizlərdə qız oxutmaq dəbdə olmayıb deyə, babam da buna risk etməyib. Anamla mənim aramda cəmi 19 yaş fərq var.

Bütün yaxşı anaların bayramı mübarək!

Demokratik Musavat

0.18918514251709