“Jurnalistlərin ölümünə görə özümüzünküləri ittiham etmək və ya günahlandırmaq məncə yersizdir. Təbii ki, Arif Hacılının o mövqeyi birmənalı qarşılanmazdı”.
Bu sözləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Müsavat başqanı Arif Hacılının iyunun 4-də jurnalistlərin minaya düşməsinə görə Ermənistanın deyil, Azərbaycan rəhbərliyini günahlandırması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə düşmən olan yerdə daxildə bir-birimizi ittiham etmək, nədəsə yarğılamağın axırı yaxşı olmayacaq:
“Jurnalistlər öz peşə borclarını yerinə yetirirlər və həyatlarını riskə qoyurlar. Bu da ağır nəticələrə gətirib çııxarır. Onların ehtiyatlı olması lazımdır. Mina partlayan əraziləri isə ciddi nəzarət altına almaq vacibdir. Minanın ora istər əvvəldən, istərsə də sonradan yerləşdirilməsi cinayətdir. Çox güman ki, atəşkəs sazişindən sonra yerləşdirilmiş minadır. Atəşkəsdən əvvəl ora Ermənistanın nəzarətində olub. Yaşadıqları əraziləri minalamazdılar. Onlar çıxarkən həmin yolları minalayıblar. Ermənistan diversantlarının Kəbəcərə keçməsi və mina basdırmaları fərziyyədir. Fərziyəyə min fərziyyə gətirmək olar. Fakt odur ki, o yol minalanıb və bu proses atəşkəsdən sonra Ermənistanın bizdən vaxt istəməsi müddətində həyata keçirilib.
Ermənistanın mina xəritəsini verməməsilə cinayəti qəlizləşdirdiklərini vurğulayan partiya lideri beynəlxalq demokrat ittifaqına bu barədə məktub ünvanladığını bildirib:
“Dəfələrlə bu barədə fikir bildirmişəm. Daha sonra məktub göndərdim ki, dünya demokratik qüvvələri Ermənistana təzyiqlərini artırsınlar. Onlar da üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər. Atəşkəsdən sonrakı dövrdə təxminən o ərazilərdə minaların partlaması nəticəsində 120 şəxs dünyasını dəyişib.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı şəxsi “Facebook” hesabında Kəlbəcərdə jurnalistlərin ölümü ilə nəticələnən faciəvi hadisə barədə yazdığı statusda baş verənləri Azərbaycan hakimiyyətinin yarıtmaz və səriştəsiz siyasəti ilə əlaqələndirib.
Alçina Amilqızı