Dildə bir, düşüncədə bir, təhsildə bir...

 

                                                                      Əvvəl evin içi

Son vaxtlar ölkə daxilində universitetlərarası əməkdaşlıq müqavilələrinin imzalanması, tədris və elmi fəaliyyət sahəsində səviyyələri bir- birindən fərqli olan Universitetlər arasında anlaşma memorandumlarının imzalanması kimi mərasimlərin şahidi oluruq. Bəzən bu anlaşmalar güclü və zəif universitet arsında olur. Bu anlaşmada əsas qazananlar, zənnimcə zəif universitetlər olacaq. Belə ki, zəif universitetin güclü universitetə ciddi dəstəyi olmasa da, güclü universitetin zəif universitetə elmi-təşkilatı, tədris- metodik, kadr hazırlığı, idarəetmənin təkmilləşdirilməsi, kiçik layihələrin icrası, tədricən qrant layihələrinə qoşulması v.s. məsələlərdə kömək etməsi realdır  (əgər universitetin buna həvəsi və istəyi olarsa). 

Vaxtında verilən  qardaş dəstəyi

Eyni ilə də bizim milli universitetlərin TC universitetləri ilə əməkdaşlığı bu aspektlərdə ola bilər. Necə ki, qardaş ölkə ordumuzun ayağa qalxmasında,  müharibədə  zəfər çalmaqda bizə ciddi yardımı  oldu, onların universitetlərinin də bizim təhsilimizin dirçəlməsində belə ciddi köməyi ola bilər. 

Bu gün  Universitetlərimizin qlobal inkişafdan geriliyi o həddədir ki, biz öz gücümüzlə, kənar dəstək olmadan bu bataqlıqdan çıxa bilmərik, hər halda son 15 illik təcrübə bunu göstərdi. 

Ali təhsil sahəsində 30 illik fəaliyyətsizlik öz "bəhrəsini" verməkdədir. Universitetlərimizə ediləcək dəstək uzunmüddətli və davamlı olmalıdır, çünki, ali təhsil sahəsində islahatlara azı 10 il vaxt lazım olacaq. Digər heç bir ölkənin universitetlərinin bizə davamlı olaraq, səmimi və təmənnasız dəstək verəcəyini düşünmürəm. Burada bizim dil baryerasının olmamasının da xüsusi əhəmiyyəti var. Həm də son 25  il ərzində xeyli azərbaycanlı alimlərin Türkiyə universitetlərinin inkişafında xidmətlərini nəzərə alsaq,  belə əməkdaşlıqların səmərəli olduğunu görərik. Azərbaycan Texniki Universitetinə  elm və innovasiyalar üzrə prorektor vəzifəsinə professor Çətin Elmas  kimi tanınmış alimin   dəvət edilməsi də çox təqdirəlayiq hadisədir. Hesab edirəm ki, hər bir universitetimizə bu səviyyəli alimlərin müşavir  qismində dəvət edilməsi çox yaxşı olardı. Elə TN-nin də belə səriştəli kadrlara ciddi ehtiyacı var, xüsusən ali təhsil sahəsində. TN-ə də bir neçə nəfər türk professorunun müşavir qismində dəvət edilməsiməqsədəuyğundur. 

Gələcəkdə Ağdamda açılması nəzərdə tutulan “Qarabağ   Dövlət Universiteti”ni də türk qardaşlarımız ilə birgə qursaq, müasir bir universitet yaratmaq şansımız olar.  

Türk universitetlərinin bizə qardaş kimi səmimi qəlbdən, təmənnasız dəstəyi bu mərhələdə çox mühümdür. Bu əməkdaşlıq istər ölkədaxilində, istərsə də beynəlxalq səviyyədə şəbəkə universitetləri formatında, onlayn texnologiyalar əsasında reallaşa bilər. Əks halda universitetlərimiz tədricən tarixin arxivinə gedəcək, nəticədə yaxın gələcəkdə iqtisadi və humanitar problemlərlə rastlaşacağıq. Çünki, savadsızlıq bizim xalqa bu gün ermənidən də təhlükəli bir düşməndir. 

Dildə bir, düşüncədə bir, təhsildə bir 

İki qardaş ölkə arasına təhsil sahəsində əməkdaşlığın perspektivləri bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla görüşü zamanı da müzakirə edildi. 

Prezident İlham Əliyev görüşdə qeyd etdi: "Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir. Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz."

İki qardaş ölkə arasına təhsil sahəsində sıx əməkdaşlıqmilli təhsilimizin inkişaf edəcəyinə ümid yaradır1iləvvəl parlamentdə o vaxtki millət vəkili, ƏƏSMN naziri, YAP-ın əsasını qoyanlardan biri, professor Ə. Nağıyevin parlamentdə dediyi bir söz yadıma düşdü: "Bizim Qarabağdan da böyük dərdimiz varBu bizimtəhsilimizdir".

Qardaşlarımızın dəstəyi ilə Qarabağ problemini həll etdik. Elə  onların dəstəyi ilə Qarabağdan da böyük dərdimizi,  təhsil dərdimizi də İnşaAllah həll edəcəyik.

 

Təhsil eksperti, dosent İlham Əhmədov

0.16839098930359