Dosent İlham Əhmədov: "20 il öncə Təhsil Nazirliyinə "VİRTUAL TURAN UNİVERSİTETİ" layihə təklifi vermişdik. Layihə bütün türkdilli ölkələrin gənclərinə vahid distant təhsil platforması üzərindən təhsil xidmətləri göstərməyi nəzərdə tuturdu.
Beləliklə türk xalqlarının vahid informasiya təhsil məkanı yarana bilərdi. Tədris dilinin o vaxtlar qızğın müzakirə edilən "ortaq türk dili", yəni Azərbaycan dili olması təklif edilirdi. Heyf ki, Təhsil Nazirliyinin bu ideyanı obyektiv qiymətləndirməyə və dəstək verməyə o vaxt marağı olmadı.
Təəssüf ki, hətta 20 ildən sonra da bu məraq yoxdur. Amma vaxtında bu addım atılsaydı, türkdilli dövlətlərin inteqrasiyası daha yüksək səviyyələrə yüksələrdi. Ölkəmizin beynəlxalq nüfuzu daha da yüksələrdi.
Türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi bu ölkələrin hamısının marağında idi. Bu qardaş ölkələr arasında həyatımızın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsində fundament olan ortaq təhsil platformasının yaradılması demək idi. Çünki, "türk xalqlarının dildə bir, əməldə bir, fikirdə bir" olması üçün onların "təhsildə bir" olması zəruridir.
Bu ideyanı təbliğ etmək üçün həmin ərəfədə bir neçə məqalə də yazdıq.
2009-cu ildə TC Firat Universitetində "Türkdilli ölkələrin universitetlərinin əməkdaşlığı məsələləri" nə həsr edilən konfransda da məruzə etdik. Bu ideya baş tutsaydı yəqin ki, bizdə KEYFİYYƏTLİ İNSAN KAPİTALI formalaşa bilərdi, təhsilimiz bugünkü tənəzzülə düçar olmazdı.
İndi 20 ildən sonra TURKİC.World kimi sadə media layihələrin, media platformanın yaradılmasını və təbliğini görəndə "VİRTUAL TURAN UNİVERSİTETİ" layihəsinin dəyəri gözümüzdə bir az da yüksəlir və eyni zamanda, itirilmiş onilliklər barədə təəssüflənirik". (İtirilmiş şanslar seriyasından...)