Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir.
İrəvan şəhəri 40°08′ şimal en dairəsi və 44°10′ şərq uzunluğunda, Ağrı vadisinin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur.
Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan, orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpəni də şəhərətrafı əraziyə daxil etmişlər. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e. ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.
İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s. ), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s. ), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s. ) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər.
Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.
Zəngi (indi Hrazdan adlandırırlar) və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir.
Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün 4 kanal – Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi. Şəhərin cənubundakı bağlar isə (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX əsrin əvvəlində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu.
Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər (Şəhri) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhəri qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar. İrəvan qalasında isə fransız səyyahları J. Tavernye və J. Şardenin qeyd etdikləri kimi, yalnız müsəlmanlar (yəni azərbaycanlılar) yaşayırdılar.
Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.
Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400×400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı adlanırdı.
İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı.
XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox- çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi.
Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, hazırda həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ucaldılmışdır. Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.
1918-ci ildə Cənubi Qafqazda ilk dəfə erməni dövləti – Ermənistan Respublikası yarananda Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İrəvan şəhərinin paytaxt kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul etmişdir.
XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.
XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər.
Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınalrı, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasityaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.
Ermənilər tarixi Azərbaycan torpaqlarına haradan və nə vaxt gəlmişlər?
XX əsrin sonlarında SSRİ adlanan imperiyanın dağılması ilə tarixşünaslıq elmində mövcud olan bir sıra stereotiplər və saxta konsepsiyalar da aradan qalxmışdır. Sovet hakimiyyəti illərində indiki Ermənistan ərazisinin tarixini yazmaq bir qayda olaraq ermənipərəst və erməni tədqiqatçıların monopoliyasında olmuşdur. Onlar da uydurma “Qədim Ermənistan”, “Böyük Ermənistan” konsepsiyalarını müdafiə edərək, həmin ərazidə yaşamış yəhudilərin, yunanların, urartuluların, aysorların, farsların, gürcülərin, albanların, xüsusən də qədim türklərin və onların xələfləri olan azərbaycanlıların tarixini ermənilərin xeyrinə saxtalaşdırmaq yolunu tutmuşlar. Halbuki, dünya tarixşünaslığında hazırda erməni adlandırdığımız hayların tarixi qədər qarmaqarışıq və saxta tarixə rast gəlmək mümkün deyil. Tarixləri qədər, onların etnogenezi də ziddiyyətli və dolaşıqdır. Bunu bir çox insaflı erməni alimləri və Avropa tədqiqatçıları da etiraf etmişlər. Erməni xalqı kimi, erməni dilinin də hibrid olmasını məşhur dilçi alim Manuk Abeğyan da təsdiq etmişdir.
İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə haylar ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri quraşırılmışdır. Bu gün erməni əlifbası kimi təqdim edilən, əslində Ön Asiyada mövcud olmuş və tarix səhnəsindən silinən xalqlara mənsub olmuş əlifbanın da hayların yaşadıqları ərazilərdə missionerlər tərəfindən yayılması xristianlığın təbliğinə xidmət etmişdir. Erməni əlifbasının müəllifi kimi təqdim edilən Mesrop Maştos da xristian missioneri olmuş və heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdır.
Hayların tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxta tarixdə əks etdirilmişdir. Hayların tarixinin atası hesab olunan və V əsr salnaməçisi kimi təqdim edilən yepiskop Movses Xorenasinin (Moisey Xorenski) “Hayların tarixi”ni (ermənicə “Hayos patmutyun” adlanan bu kitab rus dilinə «История армян» kimi tərcümə edilməli olduğu halda, bilrəkdən «История Армении» kimi tərcümə edilərək mahiyyət təhrif edilmişdir) bir çox ermənişünaslar kompilyativ xarakter daşıyan, başdan-ayağa anaxronizmlərdən ibarət olan cızmaqara hesab edirlər. Qəribidir ki, erməni tarixçiləri Eçmiədzin monastırının IV əsrin əvvəllərindən, hayların əlifbasının isə V əsrin əvvələrindən mövcudluğunu iddia etsələr də, M. Xorenasinin “Hayların tarixi”nin ən qədim əlyazması XIV əsrdən o tərəfə keçmir. Çünki həmin əlyazmalara zaman-zaman erməni din xadimləri tərəfindən region xalqlarının və dövlətlərinin tarixinə aid bütöv dövrlər calaq edilmişdir. M. Xorenasinin “Tarixi” Avropada ilk dəfə 1695-ci ildə tərcümə edilərək Amsterdamda çap edilmişdir. Bir sıra Qərbi Avropa alimləri La Kroza, A. Karriere, S. Marten, A. Qutşmid, erməni tarixçilərindən N. Emin, K. Patkanov, Qr. Xalatyans, Qaraqaşyan belə nəticəyə gəlmişlər ki, M. Xorenasinin “Tarixi”ndə Bibliyadan, eləcə də yunan tarixçiləri Strabon, Herodot, Kteziya, Ksenofontun əsərlərində əks olunmuş urartululara, assuriyalılara, midiyalılara, sasanilərə aid hadisələrin üzü köçürülərək, bu xalqların sərkərdələri, tarixi şəxsiyyətləri haylar kimi, həmin ərazilər isə Hayastan kimi təqdim edilmişdir. Məşhur erməni tarixçisi Leo (Arakel Babaxanyan) M. Xorenasinin “Tarixi”ndə Haykın (Haykazyanlar dövrü) törəmələrinin 1800 illik tarixində 59 hakimin adlarının yazıldığını, həmin hakimlərdən 32-sinin yalnız quruca adlarının göstərildiyini, hakimlik dövrlərinin isə göstərilmədiyini qeyd etmişdir. Leo “erməni tarixinin atası” hesab edilən, M. Xorenasini yazdığı tarixi süni surətdə İncilə uyğunlaşdırmaqla xristianlığa süni xidmət göstərdiyini, “Haykazyanlar” dövrünün isə heç də sədaqətli salnaməçisi olmadığını qeyd edərək, onun yazdıqlarının uydurulmuş tarix olması qənaətinə gəlmişdir.
Digər erməni tarixçisi Baxşi İşxanyan isə ermənilərin özlərinə həqiqi vətən hesab etdikləri “Böyük Ermənistan”ın Rusiyanın hüdudlarından kənarda – Kiçik Asiyada yerləşdiyini yazır.
Rus tədqiqatçısı Aleksandr Anninski M. Xorenasinin tarixi mənbə kimi əsərlərinə istinad etdiyi müəlliflərin (Mar Abas Katina, Aqafangel, Zenob, Favst Buzand) yazdıqlarının Avropa ermənişünasları tərəfindən demək olar ki, tamamilə inkar edildiyini yazır.
Digər rus Qafqazşünası İvan Şopen qədim müəlliflərin əsərlərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, haylarla erməniləri eyni mənşəli hesab etmək olmaz. Eramızdan əvvəl XII əsrdə Balkanlardan Kiçik Asiyaya köçüb gələn haylar onlara qohum olan frako-frikiya tayfaları ilə birlikdə Dəclə və Fərat çayları arasında məskunlaşmışlar. Mifoloji rəvayətə görə, Assuriya çarı Belin üzərində qələbə çalan Haykın törəmələri olan haylar, onların Van gölü hövzəsində məskunlaşdıqları ərazilər Hayasa (Hayastan) adlanmışdır. Haylar, vaxtilə Anadolunun Ərməniyyə (Armenia) yaylası adlanan ərazilərində, Urmiya gölü hövzəsində, həmçinin Qafqazda yaşamış və hurrilərlə qarışaraq tarix səhnəsindən silinmiş subar (mitan) türklərinin ermən adlı boyunun irsinə və tarixinə sahib çıxmışlar. Məhz ona görədir ki, hazırda bir millətin özlərinin “hay”, digərlərinin isə “erməni” adlandırdığı iki adı var. Ermən etnonimi isə təkcə Anadolu və Qafqazda deyil, Orta Asiya və hətta Baykal gölünün arxasındakı «Erman dağları»na qədər yayılmışdır.
Müasir erməni, eləcə də Avropa, rus, hətta bəzi Azərbaycan tarixçiləri də Cənubi Qafqazın və Ön Asiyanın qədim tarixindən bəhs edərkən M. Xorenasinin müəllifliyi ilə təqdim edilən saxta tarixə və sonralar erməni kilsəsi tərəfindən yazılan digər saxta tarix kitablarına istinad edir və bununla da indiki Ermənistan ərazisinin qədim erməni torpağı olması iddiasına şərik çıxırlar. İndiki Ermənistan ərazisində ermənilərin tədricən məskunlaşması 1441-ci ildə Qaraqoyunlu əmirlərinin hakimiyyəti dövründə erməni katolikosluğunun Kilikiyadan İrəvan şəhəri yaxınlığındakı Vağarşapad kəndindəki kilsəyə köçürülməsindən sonra başlanmışdır. Avropa dövlətlərinin maliyyəsi hesabına erməni kilsələri ətrafındakı torpaqlar satın alınaraq ilk erməni yaşayış məskənləri meydana gəlmişdir. 1763-1782-ci illərdə Eçmiədzin katolikosu olmuş Simeon Erevansi “Cambr” əsərində və tarixçi A. Papazyanın Matenadaranda saxlanılan alqı-satqı sənədləri əsasında tərtib etdiyi kitabda Eçmiədzin kilsəsinin azərbaycanlılara məxsus torpaqların kimdən, nə zaman və hansı qiymətə alınması barədə sənədlər əks olunmuşdur. Əslində, Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərin heç izi-tozu belə yox idi. Erməni tarixçisi Karen Yüzbaşyan təsdiq edir ki, türklər Qafqazda səlcuqların gəlişindən xeyli əvvəl mövcud olmuşlar. O, türklərin Kiçik Asiyada və Balkanlarda məskunlaşması tarixinin IV-VII əsrlərə təsadüf etdiyini, VIII-X əsrlərdə isə kütləvi xarakter daşıdığını yazır. K. Yüzbaşyan ərəb xilafəti dövründə sərhəd bölgələrinin əmirlərinin türk tayfa başçılarından seçildiyini qeyd edir.
Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən köçürülüb gətirilmişdir.
Bütün yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, indiki Ermənistan Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir aidiyyəti olmamışdır. Bu ərazi qədim türk-oğuz yurdudur.
Mənbə:
Nazim Mustafa İrəvan Şəhəri , Bakı – 2013